23/02/2019 05:46
728 x 90

Paşinyanın 71 səhifəlik “hökumət proqramı” – rüsvayçı ziddiyyət müharibəni qaçılmaz etdi...

img

Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli üçün Ermənistana verilən vaxt limiti bitmək üzrədir. Ən azı o baxımdan ki, artıq Ermənistanda parlament seçkiləri keçirilib, Nikol Paşinyan ölkədə mütləq hakimiyyətini bərpa edib. İndi onun daxili məsələlərlə yanaşı, xarici məqamlara da diqqət ayırması üçün vaxtı kifayət qədərdir. Bura isə ilk növbədə Qarabağ konflikti daxildir. 

Əvvəllər ümidlər var idi ki, Paşinyan, sələflərindən fərqli olaraq, münaqişənin Ermənistanı saldığı bataqlığı görüb konfliktlə bağlı fərqli bir siyasət yürüdəcək. Amma onun rəsmi açıqlamaları, təqdim etdiyi sənəd və proqramlar hələlik başqa bir mənzərə yaradır.

Belə görünür ki, Paşinyan problemin çözümü istiqamətində hələ də müvafiq addımlar atılmasında qətiyyətsizlik nümayiş etdirir. Bunu Ermənistan hökumətinin proqram layihəsi də təsdiq edir. “Joxovurd” nəşrinin yazdığına görə, ölkə hökumətinin proqram layihəsi elan edilib. Nəşrin yazdığına görə, 71 səhifəlik sənəddə diqqətçəkən əsas fakt Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin əvvəlki hökumətin proqramını praktik olaraq tamamilə təkrarlamasıdır. Sənəddə xarici siyasət sahəsində bir neçə diqqətçəkən aksent var. Məsələn, qeyd edilir ki, hökumət ATƏT-in Minsk Qrupu formatında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına səy göstərəcək. Bildirilir ki, danışıqlar prosesində Dağlıq Qarabağın  statusunun və təhlükəsizliyinin təminatı Ermənistanın başlanğıc prioritetidir. Paşinyan hökuməti iddiasında qalaraq yenidən təsdiq edir ki, Dağlıq Qarabağdakı qondarma rejim münaqişə tərəfidir, nizama salınma prosesində həlledici səsə malik olmalıdır. Bütün bunlar öz növbəsində konfliktin dinc müstəvidə həllinə olan ümidlərin üzərindən xətt çəkir. Başqa sözlə, bu hal yeni Qarabağ savaşını tətikləyir. Azərbaycan Paşinyanın bu oyunlarını qəbul etmək, onun da danışıqlarda vaxt udmaq niyyətinin reallaşmasına dözmək niyyətində deyil. Britaniyalı siyasi analitik Neyl Makfarleyn də erməni mətbuatına verdiyi müsahibəsində bildirib ki, yaranmış vəziyyətdə Azərbaycan tərəfi üçün danışıqlar naminə danışıqlar qəbulolunan deyil. Onun sözlərinə görə, Ermənistan hökumətinin danışıqlar ətrafında sərgilədiyi mövqe dəyişməyib və bu durumda Qarabağda ehtimal edilən toqquşma mümkündür: "Erməni tərəfinin mövqeyi nədən ibarətdir, əsas budur. Hesab edirəm ki, burada heç nə dəyişməyib.... Uzun zaman ciddi danışıqlardan yayınmağın mümkün olmayacağı aydın olur və tərəflər bir-birinin mövqeyi ilə yenə toqquşacaq".
Təmasların yaradılmasına gəldikdə isə, analitik hesab edir ki, hazırda baş verənlər rəhbərlər arasında təmas, nazirlər arasında isə məsləhətləşmələr xarakteri daşıyır: “Erməni tərəfi bir daha təsdiq edir ki, sülh qarşılığında ərazilər düsturu qəbulolunmazdır. Öz növbəsində Azərbaycan da öz mövqeyini təsdiqləyib. Belə bir aydınlıqla son zamanlar tərəflər mövqelərini açıqlamayıb. Bunu tərəflər istəsə də, istəməsə də danışıqlar prosesində onların rəqibin düşüncələri barədə gözləntiləri aydınlaşacaq. Bu isə görüşlərin indiki intensivliyini mürəkkəbləşdirəcək. Ona görə ki, Azərbaycan tərəfi üçün danışıqlar naminə danışıqlar qəbulolunan deyil. Azərbaycan bu mərhələdən faydalanaraq, hər hansısa imkanı yaratmaq arzusundadır”. Əks təqdirdə ekspert Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının mümkün olmayacağını vurğulayır.

Beləliklə, proseslərin gedişi göstərir ki, cəbhədə aktiv əməliyyatların yenidən bərpası mümkündür. Danışıqların dalana dirənməsi isə gərginliyi və hərbi əməliyyatların bərpası risqini artırır.
Rusiyalı hərbi ekspert Pavel Felgenhauer də bu fikirləri bölüşür: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi getdikcə əvvəlki tərzinə qayıdır. Sadəcə, yeni vəziyyət mövcud imkanları anlamaq məqsədilə müvəqqəti dayandırılmışdı. Diplomatik bəyanatlar səviyyəsində dəyişiklik baş vermişdi. Ancaq bir çoxumuz başa düşürük ki, tərəflərin mövqeləri məzmun baxımından dəyişməyib". Onun sözlərinə görə, bu mövqeləri əks etdirməyən bəyanatlar ictimaiyyət arasında çox sayda suallara səbəb olur: “Elə bir təəssürat yaranır ki, nə isə baş verir, amma əslində heç nə baş vermir. Həmsədr ölkələrin mövqelərində də həmçinin çox şey dəyişməyib. Rusiya status-kvoya tərəfdar olmaqda qalır. ABŞ və Fransa isə münaqişənin nizamlanması prosesini prioritet kimi görmür”. Felgenhauer müsbət nəticə kimi son aylarda Ermənistanla Azərbaycan arasında təcili ünsiyyət qurulmasına nail olunmasını göstərib: “Bu müsbət məqam idi, lakin atəşkəs rejimini saxlamaq və bunun qarşısını almaq üçün kifayət deyil, çünki hər an Ermənistan-Azərbaycan mühiti kəskinləşdiyi məqamda bu əlaqə kəsiləcək". 
Onun fikrincə, bu durum onu göstərir ki, tərəflərin çox az vaxtı var: "Bunun üçün də atəşkəsin davamlı olmasını təmin edən razılaşmalar istiqamətində tələsmək lazımdır. Əks halda danışıqların yenə də qeyri-müəyyən vaxtda dalana dirənəcəyi təhlükəsi var. Çünki Azərbaycan hakimiyyətinin Ermənistanın yeni hakimiyyətindən başqa gözləntiləri vardı”. Amma bu gözləntilər reallaşmadığı üçün Azərbaycanın savaşdan başqa çıxış yolu da qalmır. Bu savaşın Ermənistanı üçün faciə ilə bitəcəyi isə düşmən tərəfin özünə də yaxşı məlumdur. Hətta erməni politoloq Aleksandr İsgəndəryan bu xüsusda İrəvana müəyyən xəbərdarlıqlar da edir. Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsində artıq geri çəkilmək niyyətində deyil. Belə şəraitdə Ermənistanın artıq müvafiq addımlar atmasının gərəkdiyini vurğulayan A.İsgəndəryan bildirib: “Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət həddən artıq gərginləşib. Yeni Qarabağ müharibəsi hər an başlaya bilər. Lakin burada nəzərə almalıyıq ki, silahlı qüvvələrin silah və hərbi texnika təminatı baxımından Azərbaycan Ermənistanla müqayisədə üstün vəziyyətdədir. Qarabağda müharibə ehtimalı o zaman minimum olardı ki, Azərbaycanla Ermənistanın hərbi potensialı eyni səviyyədə olsun. Amma belə deyil, Azərbaycan bizdən üstündür. Balansa nail olmaq, demək olar ki, mümkün deyil. Azərbaycanla vuruşmaq üçün silah, texnika, sursat, canlı qüvvə gərəkdir. Lakin bu xüsusda çox geri qalırıq.Yeganə çıxış yolumuz və mənbəyimiz Rusiya, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı idi. Amma indi onlarla da əlaqələrimizdə problem var”.   

Elə məsələnin bu tərəfinə nəzər salan rus politoloq Konstantin Fedorenko da vurğulayır ki, Rusiya, digər məqamlarla yanaşı, Ermənistana Dağlıq Qarabağ münaqişəsi üzərindən də ciddi  təzyiq göstərə bilər: “İndiyədək Kreml İrəvanda baş verənləri təmkinlə izləyib. Lakin hesab edilir ki, Ermənistanda baş verənlər ABŞ-ın növbəti zərbəsidir. Vəziyyət bu şəkildə davam edərsə, Rusiya mütləq Ermənistana təsirini artıracaq. Rusiya Ermənistana Dağlıq Qarabağ vasitəsilə təzyiq göstərə bilər”. Ekspert hesab edir ki, bundan qazanan Azərbaycan olacaq, çünki belə vəziyyətdə zəbt edilmiş ərazilərin yenidən müəyyən hissəsi Bakının nəzarətinə qayıda bilər. İndiki halda elə erməniləri narahat edən əsas məsələ də Rusiyadan gözlənilən mümkün təzyiqlərdir. Bəzi ekspertlər hesab edir ki, əslində, son dövrlərdə Rusiyanın Ermənistana qarşı təzyiqlərinin artdığı müşahidə olunmaqdadır. Dağlıq Qarabağ probleminin tezliklə həll edilməsi ilə bağlı Rusiya siyasətçilərinin səsləndirdiyi bəyanatlar da buna hesablanıb. Erməni politoloq Stepan Qriqoryan bu fonda bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə getməsi üçün Ermənistana təzyiqlər var: “Rusiya regional məsələlərdə Azərbaycanın dəstəyini əldə etmək üçün Ermənistanın Qarabağdan çıxmasını istəyir. Bunun hansı formada baş verəcəyini – bir neçə rayon, yaxud ümumiyyətlə bütün ərazilərin verilməli olduğunu deyə bilmərik. Amma bütün hallarda, xırda güzəşt Qarabağın əldən çıxması deməkdir. İndi Ermənistan zəif tərəfdir və bütün sahələrə - iqtisadiyyata, sənayeyə, energetikaya, təhlükəsizliyə Rusiya nəzarət edir. Rusiya bilir ki, bizə qarşı ciddi təsir imkanları var. Paşinyanın Qərbə meyllənməsi Rusiyanın bu imkanları hərəkətə gətirməsi ehtimalını xeyli artırır”.

Həqiqətən də Rusiya ilə də artan ziddiyyətlərin Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcəyi Ermənistanda artıq xüsusi narahatlıq yaradır. Hərbi ekspert Leonid Nersisyan bildirir ki,  İrəvanın Rusiyadan gələn il “Suxoy Su-30” qırıcıları alacağı haqda yayılan məlumat da  münasibətlərin düzəlməsindən xəbər vermir. Ekspert bildirir ki, Rusiyanın Ermənistana heç də yararlı olmayan belə qırıcılar vermək ehtimalı böyükdür və Moskva bununla İrəvanı cəzalandırmağı düşünür.  Bu kontekstdə digər önəmli məsələ Ermənistanda bəzi hərbi xadimlərin öz hərbi aviasiyalarını şübhə altına almasıdır. Ermənistan müdafiə nazirinin keçmiş müavini Artur Aqabekyan bildirib ki, bizim şəraitimizdə hərbi aviasiyanın görəcəyi bir iş yoxdur: “Deməyi özümə borc bilirəm ki, hərbi aviasiyanın bizim hərbi arenada dünən heç bir işi olmayıb, bu gün də olmayacaq. Xüsusən də bizim günlərdə – yüksək texnologiyaların inkişafı şəraitində onun tətbiqi, demək olar, mümkünsüz olacaq – istənilən arenada. Yeri gəlmişkən, Rusiyanın siyasi rəhbərliyi də bu fikrə tərəfdardır”. Digər tərəfdən ekspert bildirir ki, burada Azərbaycanın üstün imkanları da nəzərə alınmalıdır.

Qeyd edək ki, Azərbaycan son illər geniş spektrdə hücum təyinatlı silah sistemlərinin tədarükü ilə yanaşı, müdafiə təyinatlı sistemlər - hava hücumundan müdafiə sistemləri ilə silahlanmanı da xeyli sürətləndirib. Azərbaycan hazırda postsovet regionunda, Rusiya istisna olmaqla, ən güclü havadan müdafiə sistemi formalaşdırmış ölkədir. Araşdırmalar göstərir ki, Azərbaycan hava hücumuna qarşı eşelonlaşdırılmış güclü müdafiə sistemi qurub və bu sistem praktiki olaraq istənilən hava hədəfini dəf edə bilər. Bütün bunlar isə Ermənistandan gələn bütün hava hücumlarını effektiv şəkildə dəf etməyə imkan verir. Digər tərəfdən, Azərbaycan ordusunun silahlanmasında yer alan texnikalar ordumuzun düşməni çox asanlıqla əzməsinə tam şərait yaradır. Məhz bu səbəbdən Qarabağ münaqişəsinin hərbi müstəviyə keçmə ehtimalı düşməni getdikcə daha çox qorxudur.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər