23/02/2019 05:44
728 x 90

Paşinyan diplomatların, alim və universitet müəllimlərinin ixtisarına başladı...

“Ermənistanda elm adamlarının ixtisar adıyla işsiz qalması mütləq sosial gərginliyə rəvac verəcək”

img

Məhərrəm Zülfüqarlı: “Bu ölkənin strukturu köhnə maşına bənzəyir”

 

Ermənistanda vəziyyət o həddə gəlib çatıb ki, Paşinyan indi də alimləri kütləvi şəkildə ixtisar edir. Artıq erməni mətbuatı bu barədə həyəcan təbili çalmağa başlayıb.

Ermənistanın sabiq elm və təhsil nazirinin müavini, İrəvan Dövlət Universitetinin əməkdaşı Vaqram Mkrtçyan deyib ki, universitetin bir neçə yüz əməkdaşı işdən çıxarıldıqları haqqında xəbərdarlıq alıb: “Alimlər inqilabın meyvəsini dadırlar. Hökumətin 27 dekabr 2018-ci il tarixli, 1515 №-li qərarına əsasən, universitetin 450 əməkdaşı işini itirəcək. Onlardan biri mənəm. Bizim hamımız martın 31-də işdən azad olunacağımıza dair xəbərdarlıq almışıq".

Sözügedən məlumatı İDU-nun mətbuat katibi Qevork Emin-Teryan da erməni mətbuatına açıqlamasında təsdiqləyib. Onun fikrincə, hökumətin qərarı universiteti öz laboratoriyalarında müstəqil elmi araşdırmalar aparmaq hüququndan məhrum edir: “Bundan sonra bu, konkurs əsasında aparılmalıdır. Konkursu isə hökumət elm üzrə komitə vasitəsilə elan edəcək. Nəticədə bu proqramların artıq maliyyələşdirilməsi dayandırılıb. Ona görə də universitetin baza maliyyələşdirilməsi üzrə məvacib alan əməkdaşları əmək müqaviləsinin pozulması haqqında xəbərdarlıq alıblar”.

O əlavə edib ki, həmin elmi proqramlara 450 nəfər cəlb olunub: "Onlardan 200-ü laboratoriyalarda işləyir, qalanlarının isə universitetdə dərs saatı var. Faktiki olaraq, 450 nəfər gəlir mənbəyindən və elmlə məşğul olmaq imkanından məhrum olacaq. 200 nəfər isə, ümumiyyətlə, işini itirəcək”.

Görünən odur ki, bir müddət struktur islahatları adı altında bir neçə qurumu ləğv edən Ermənistanın yeni rəhbərliyi indi də elm sahəsində ixtisarlara start verib. Bütün bunlar Ermənistan üçün nə vəd edir?

Məsələyə münasibət bildirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının sözlərinə görə, sözügedən dəyişikliklər Ermənistana yaxşı heç nə vəd etmir: “Əvvəla Ermənistanın strukturu köhnə maşına bənzəyir. Bu, elm sahəsində də belədir, digər sahələrdə də. Bura kimi gətirib qoysalar, mümkün deyil. Çünki özlərinin də resursları yoxdur. Bu ölkədə müəyyən faydalı qazıntılar var, başqa heç nə. Ermənistanın imkanları yoxdur ki, elmlə bağlı layihələri maliyyələşdirsin. Ermənistan Rusiyanın “əlinə” baxır. Rusiya da yaman gündədir. Ona görə də ölkə hakimiyyəti vəziyyətdən çıxış yolunu islahat aparmaqda görür. İslahat isə indiki situasiyada Ermənistan kimi ölkə üçün yaxşı perspektiv vəd etmir. Ən başlıcası, ona görə ki, bu, ölkədə sosial partlayışa gətirib çıxaracaq. Nəzərə almaq lazımdır ki, Ermənistanın maliyyə resursları məhduddur. Ermənistanda elm adamlarının ixtisar adıyla işsiz qalması mütləq sosial gərginliyə rəvac verəcək. Bu da ölkə üçün yaxşı olmayacaq. Ermənistanın yeganə çıxış yolu qonşularla münasibətləri normallaşdırmaqdır. Başqa çıxış yolu yoxdur. Yalnız onda ölkədə sosial problemlər düzələ bilər. Nəzərə almaq lazımdır ki, Avropa təsisatları da Ermənistana maliyyə yardımı etməyə qərarlı görünmürlər. O baxımdan, bu ölkəni qaranlıq gələcək gözləyir”.

Vidadi ORDAHALLI 

Son xəbərlər