23/02/2019 05:43
728 x 90

Prezident bütün qəzalı evlərin qısa müddət ərzində ya bərpa ediləcəyini, ya da yenidən tikiləcəyini dedi

img

Bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda sakinlərlə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Biz evləri bərpa edəcəyik, yenidən tikəcəyik, müvafiq göstəriş verilmişdir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünəndən Şamaxıdadırlar, yaxşı işləyirlər. Bütün müraciətlər nəzərə alınır, evlərə baxış keçirilir. Harada ki, bərpa etmək mümkündür, bərpa olunacaq. Harada ki, mümkün deyil, yeni ev tikiləcək. Dövlət bu işi öz üzərinə götürür”.

İlham Əliyev Şamaxıda dəfələrlə olduğunu bildirib: “Burada yaxşı tədbirlərdə bərabər iştirak etmişik, infrastruktur layihələrinin, sosial obyektlərin, kənd təsərrüfatı obyektlərinin açılışlarında olmuşuq. Şamaxının inkişafı daim diqqət mərkəzindədir. Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə, sizə öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək. Komissiya işləyir, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünəndən buradadır, yerli icra hakimiyyəti də işləyir. Hələ ki, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların məskunlaşması ilə bağlı məşğuldurlar. Eyni zamanda, tezliklə bu evlərin bərpası, yenidən tikilməsi nəzərdə tutulur. Müvafiq Sərəncam imzalanacaq, Prezidentin ehtiyat fondundan vəsait ayrılacaq. İndi yüzlərlə müraciət var. Mənə verilən məlumata görə, hələ ki, 70-dən çox müraciətə baxılıb və müvafiq aktlar tərtib edilib. Bu aktlar əsasında bütün təmir-bərpa işləri aparılacaq”.

Prezident vurğulayıb ki, vətəndaşlar narahat olmasınlar. Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır: “Mən də sizinlə qürur duyuram ki, hətta belə ağır günlərdə nikbinliklə yaşayırsınız və inanırsınız ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti həmişə sizin arxanızdadır. Bütün dövrlərdə belə olub, bundan sonra da belə olacaq. Həm könüllülərin, həm yerli icra orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının - bunların bir amalı var: vətəndaşlara kömək etmək. Mən hesab edirəm ki, bərpa işləri tezliklə başlamalıdır. Vəsait də ayrılacaq”.

Dövlət başçısı xatırladıb ki, bir neçə il bundan əvvəl Zaqatala, Qax rayonlarında zəlzələ oldu, orada minlərlə ev dağılmışdı: “Biz o zəlzələnin fəsadlarını aradan qaldırdıq. Bir neçə il bundan əvvəl daşqın olmuşdu, minlərlə evi su basmışdı. Orada da lazımi tədbirlər görülmüşdü. Bütün evlər dövlət vəsaiti hesabına yenidən tikildi, bərpa edildi. Ona görə biz bu zəlzələnin fəsadlarını da tezliklə aradan qaldıracağıq. Mən gəlmişəm bunu sizə şəxsən deyim ki, vətəndaşlar tam əmin olsunlar, bütün lazımi işlər görüləcək”.

Son xəbərlər