23/02/2019 05:45
728 x 90

Makron ermənipərəstlikdə və türk düşmənçiliyində əndazəni aşdı

“Makronun məlum qərarı siyasi rəzilliyin göstəricisidir”

img

Məhəmməd Əsədullazadə: “Fransa kimi beynəlxalq hüququ rəhbər tutan bir ölkə özü beynəlxalq hüququ məqsədyönlü şəkildə tapdalayır”

 

Məlum olduğu kimi, Fransa dövləti növbəti dəfə Türkiyə əleyhinə qərəzli və ən başlıcası, yalan əsaslara söykənən addım atmaq niyyətindədir. Belə ki, Fransa Prezidenti Emmanuel Makron aprelin 24-nü “erməni soyqırımı”nı anma günü kimi rəsmiləşdirmək niyyətindədir.

Məsələ ondadır ki, Makron bununla bağlı qərarını 5 fevralda, qatıldığı erməni təşkilatlarının koordinasiya şurasının iclasında açıqlayıb. O, Fransanın Osmanlı imperiyasında ermənilərin guya kütləvi surətdə qətlə yetirildiyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayıb. Makron, üstəlik, qondarma “soyqırım” haqqında qanunun 2001-ci ildə qəbul edildiyini bəyan edib.

Onu da qeyd edək ki, 24 apreli qondarma “erməni soyqırımı” günü elan etmək barədə vədini Fransanın hazırkı dövlət başçısı hələ seçkiqabağı kampaniya dövründə vermişdi. Əslində, bu, gözlənilməz addım sayıla bilməz. Çünki hələ seçkiqabağı kampaniyası zamanı Makron ermənilərə sevgisini açıq mətnlə büruzə verirdi. Onun türklərə olan nifrəti zaman-zaman müxtəlif formalarda özünü göstərib. Müşahidələr göstərir ki, Makronun Türkiyəyə bu qərəzli münasibəti heç bir məntiqə və siyasi etikaya uyğun deyil.

Məsələn, ötən ilin oktyabrında İrəvanda keçirilən Beynəlxalq Frankofoniya həftəsində iştirak edən Makron işğalçı ölkə və onun xalqı barədə tərifləyici xarakterli sözlər deyərək, Fransanın həmsədr ölkə statusunu nəzərə almamışdı: “Ermənilər Fransa tarixinin bir hissəsidir və onun fəxridir. Mən Frankofoniyanın 17-ci sammitində iştirak etmək üçün Ermənistanda olmağıma görə şadam. Ermənistan bizim üçün çox əzizdir. Ermənilər Fransa tarixini yaradıblar, demək olar ki, yarım həmyerlilərimizdir. Ermənilər bizim tariximizin bir hissəsi və fəxr predmetidir”.

Təbii ki, ermənilərə münasibətdə bu cür ifadələr işlədən Makrondan Türkiyəyə qarşı yaxşı nəsə gözləmək sadəlövhlük olardı. Bu, Makronun gizli və xəbis erməni xislətini ortaya qoyur. O üzdən, Makronun tarixdə olmayan qondarma “erməni soqırımı”na yas saxlaması təkcə qardaş Türkiyəyə qarşı yox, elə Azərbaycana qarşı da xəyanətkar addım sayılır. Tərəfsizliyini çoxdan itirmiş Fransanın bu ermənipərəst mövqeyi Qarabağ münaqişəsinin həllinin yubanma səbəblərinin başında gəlir.

Fransanı Avropanın ən qeyri-sabit ölkəsinə çevirən Makron yaxşı olardı ki, ölkənin daxili problemlərini yoluna qoysun. O isə əsası olmayan düşmənçiliyi qızışdırır. Bu baxımdan Makronun məlum açıqlaması, açıq-aşkar, Türkiyəyə qarşı düşmənçilik məqsədi daşıyır və qəbuledilməzdir.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə Makronun məlum açıqlamasını kəskin tənqid etdi: “Fransa Prezidenti Makronun 24 aprelin qondarma “erməni soyqırımı” kimi, ölkəsində hüzn günü olaraq qeyd edilməsi ilə bağlı qərarı bu ölkənin Türkiyə və Azərbaycanla əlaqələrinə zərbə kimi qiymətləndirilməlidir. Rəsmi Paris işğalçı Ermənistana dəstək verməklə, Türkiyə kimi regional güc olan bir dövlətə qarşı bununla təzyiq göstərmək istəyir. Təbii ki, Makron bununla seçkiöncəsi öz "vədini" yerinə yetirməklə, bir növ, tarixi-siyasi ədalətsizliyə imza atır. Hüququn üstün olduğu bir dövlətdə Makron administrasiyasının bu siyasəti Fransanın həm də münaqişələrin həllində vasitəçiliyini sual altına alır. Hesab edirəm ki, Bakı və Ankara birgə olaraq Fransanın bu qərarına qarşı sərt siyasət ortaya qoymalı, bu kimi siyasətin qarşısını mütləq almalıdır. Təbii ki, Fransa bu qərarla heç bir müsbət nəticəyə nail olmayacaq. Yalnız bu ölkənin beynəlxalq imici zədələnir. Bundan əlavə, hesab edirəm ki, Parisin Qarabağ münaqişəsinin həllində vasitəçiliyində ədalətli bir mövqe gözləməyək. Ona görə də mütləq şəkildə Fransa həmsədrlikdən uzaqlaşdırılmalıdır. Bu "soyqırım" siyasətinə son verilib, 21-ci əsrdə sivil və qloballaşan dünyada sülh və əməkdaşlıq atmosferi yaradılmalıdır. Təəssüf ki, Fransa kimi beynəlxalq hüququ rəhbər tutan bir ölkə özü beynəlxalq hüququ məqsədyönlü şəkildə tapdalayır. Makronun məlum qərarı siyasi rəzilliyin göstəricisidir. Bunu ancaq belə qiymətləndirmək olar”.

Vidadi ORDAHALLI

Son xəbərlər