23/02/2019 05:41
728 x 90

Gürcüstan-Azərbaycan münasibətlərini qıran şəxs kimdir - Rusiya və Gürcüstan arasından Ermənistana dəhliz…

img

Son dövrlərdə qonşu Gürcüstanın həm öz milli maraqları, həm də Azərbaycana münasibətdə atdığı bəzi addımlar hələ də böyük ziddiyyət doğurmaqdadır. Xüsusən də Tiflisin Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinə başlamaq niyyəti olduqca anlaşılmaz bir durum yaradıb.

Çünki bu niyyət reallaşsa, işğalçı Ermənistan müəyyən qədər düşdüyü blokada vəziyyətindən çıxa bilər. Halbuki, bu məsələdə Azərbaycanın həssaslığını Tiflis yaxşı bilir. Digər tərəfdən, belə bir addımla Tiflis ərazisindəki separatçı rejimlərə legitimlik qazandırır. Məsələyə münasibət bildirən Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili vurğulayır ki, Rusiya və Gürcüstan arasından Ermənistana dəhlizin çəkilməsi haqqında müqavilənin imzalanması faciədir: “Mən bu məntəqələrin 2012-ci ildə bizim beynəlxalq səviyyədə tanınan sərhədlərimizdə qoyulması barədə razılığa nail olmuşdum. Bu, İvanişvilinin təslim olmasıdır. Bu, gürcü dövlətçiliyi üçün uzunmüddətli faciə olacaq”.

Qeyd edək ki, Tiflis və Moskva arasında razılaşmada da Gürcüstanın ərazi bütövlüyü açıq təhrif olunur. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin “Kommersant” qəzetinə  müsahibəsi də bunu açıq göstərir. O bildirib ki, razılaşmada Gürcüstan-Rusiya sərhədi barədə söz açılmır: “Hətta razılaşmanın adında kimin kimlə ticarət edəcəyi barədə hissə boş buraxılıb. Rusiya tərəfinin anlayışına əsasən, bu ticarətin üç tipi var: birincisi, Rusiya ilə Gürcüstan arasında, ikincisi Rusiya ilə Abxaziya və Cənubi Osetiya arasında, üçüncüsü Gürcüstanla Abxaziya və Cənubi Osetiya arasında. Mahiyyətcə bu razılaşma Gürcüstanı məcbur edir ki, Abxaziya və Cənubi Osetiyanı müstəqil gömrük ərazisi kimi tanısın”. Gürcü politoloq Gela Vasadze isə qeyd edir ki, bu məsələdə Tiflisin Bakının mövqeyini nəzərə alması vacibdir.

Onun sözlərinə görə, baş verənlərin bütün mahiyyətini anlamaq üçün mütləq hadisələrin xronoloji nəticələrinin təhlili aparılmalıdır: “Hadisələri yaxından izləsəniz, Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa çalışan şəxsi asanlıqla təxmin edə bilərsiniz. Gürcütanla Azərbaycan arasında inkişaf trendi var və bununla eyni vaxtda Bakı ilə İrəvan arasında bir sıra danışıqlar baş tutub, Qarabağ məsələsində irəliləyiş müşahidə edilir. Bunun ardınca isə biz Cənubi Qafqazdakı hər kəsi bir-birinə düşmən etməyə xidmət edən informasiya tullantılarına şahid olduq. Biz bütün bunlardan keçmişik, bütün bunları bilirik. Bunların kimə sərfəli olduğunu da bilirik, ancaq məsələ burasındadır ki, biz hələ də buna müqavimət göstərməyi öyrənməmişik. Çox acınacaqlı vəziyyətdir. Gürcüstanın çətinləşən vəziyyətində müdriklik nümayiş etdirməyimiz vacibdir”. Onun sözlərinə görə, bu olmadan Bakı və Tiflis ətrafında baş verənlərlə bağlı aydın bir anlayışa sahib olmaq mümkün olmayacaq. Gürcüstanlı iqtisadçı Georgi Xuxaşvili bildirir ki, bu dəhliz Rusiyaya Ermənistanı öz orbitində saxlamaq üçün lazımdır. Onun sözlərinə görə, təsadüfi deyil ki, 2018-ci ildə Rusiya İsveçrə şirkətinə sərhədlərin monitorinqi üçün nəzərdə tutulan vəsaiti birinci ödəyib: “Bu gün Ermənistan Rusiyadan getdikcə daha çox uzaqlaşır. Onların ümumi sərhədləri yoxdur, Rusiyanın Ermənistana iqtisadi təzyiq rıçaqları da zəifləyir. Ona görə də Rusiya Ermənistana yüklərin daşınmasını artırmaq istəyir”. Digər gürcü ekspert David Darçiaşvili də hesab edir ki, Nikol Paşinyan daha çox Qərbə meyllidir, Rusiya isə Ermənistanı öz təsir dairəsində saxlamaq istəyir: “Yük daşımalarını artırmaqla Rusiya Ermənistanı öz maraq sferasında saxlamağa cəhd edir”. Onun sözlərinə görə, belə təhlükə var ki, Rusiyadan Ermənistana Gürcüstan üzərindən hərbi yüklər də daşınacaq.

Barışıq məsələləri üzrə keçmiş dövlət naziri Paata Zakareişvili isə bildirir ki, bu razılaşma təhlükəsizlik baxımından Gürcüstan üçün heç nəyi dəyişmir. Çünki gömrük nəzarəti ancaq Gürcüstanın nəzarətində olmayan ərazilərdən keçib Gürcüstanın özünə və ya üçüncü ölkələrə, o cümlədən Ermənistana gedən yük maşınlarına tətbiq olunacaq: “Abxaziya və Cənubi Osetiyaya daşınan silahlara isə heç kim nəzarət etməyəcək”.

Digər ekspertlər diqqəti indilikdə buna yönəldir ki, Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır və buradan Qərbə, dünya bazarlarına qaz, neft və dəmir yolu xəttimiz gedir. Təbii ki, Gürcüstan üzərindən bu layihələrin reallaşdırılması təkcə Azərbaycana deyil, Gürcüstana da dividendlər gətirir. Nəzərə alaq ki, bundan sonrakı dönəmlərdə də daha böyük layihələrin reallaşması gözlənir. Belə olan halda Gürcüstan Ermənistanla əlaqələr qurmaqla böyük bir siyasi səhvə yol verəcək. Bu addım mütləq Gürcüstan-Azərbaycan münasibətlərində öz əksini tapacaq. Ona görə də Gürcüstan addım atmazdan öncə bir daha düşünməlidir. Əks təqdirdə daha çox öz maraqlarına zərbə vurmuş olacaq.

Nahid SALAYEV

Son xəbərlər