23/02/2019 05:42
728 x 90

Ermənistandan İtaliyanı şantaj cəhdi – məsələ Azərbaycanla bağlıdır...

“Azərbaycan sərbəst şəkildə istənilən ölkədən silah ala bilər və Ermənistan buna mane ola bilməyəcək”

img

İbrahim Rüstəmli: “Əvvəl əsasən Rusiya ilə Belarus şantaja məruz qalırdısa, indi də İtaliyanı hədəfə alıblar”

 

Məlum olduğu kimi, hərb müstəvisində Azərbaycan Ermənistanla müqayisədə kifayət qədər böyük üstünlüyə malikdir. Hətta işğalçı ölkənin özündə belə sözügedən faktor etiraf edilir. Digər tərəfdən, çoxsaylı beynəlxalq hesabat da Azərbaycanın düşmən üzərində birmənalı şəkildə üstünlüyə malik olduğunu açıq göstərir.

Məsələ ondadır ki, Azərbaycan, Ermənistandan fərqli olaraq, ordusunu ən müasir hərbi texnika ildə təmin edir. Ermənistan isə bu imkana malik olmadığına görə müxtəlif vasitələrlə Azərbaycana silah satan ölkələri şantaj etməklə məşğuldur.  

İndi də ermənilər İtaliyanı hədəfə götürüb. Bir müddət əvvəl Azərbaycan İtaliyadan 10 ədəd hərbi məqsədlər üçün istifadə olunan, reaktiv təlim-məşq təyyarəsi olan “M-346 Master” alıb. Bununla yanaşı, daha 15 ədəd “M-346 Master” təlim-döyüş təyyarəsi sifariş verib. Qeyd edək ki, “M-346 Master” İtaliyanın “Leonardo“ şirkətinin istehsalıdır.

Bu arada erməni media mənsubları İtaliyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Vincenzo Del Monakoya bu ölkənin Azərbaycana təlim-məşq təyyarələri satması ilə bağlı provokativ xarakterli suallar veriblər. Səfir bu kimi suallardan yayınaraq, erməni jurnalistləri diplomata xas olan üslubda susdurub. Onun sözlərinə görə, İtaliya heç vaxt Avropa konvensiyalarını pozmayıb. Azərbaycanda, Ermənistanda və ya başqa bir ölkədə hərbi gərginlik yaratmağa kömək etməyəcək.

Onu da qeyd edək ki, Ermənistan zaman-zaman Azərbaycana silah satan ölkələri şantaj etməyə çalışıb, amma nəyəsə nail ola bilməyib. 2017-ci ildə Azərbaycan Çexiya istehsalı olan "Dana" özüyeriyən artilleriya sistemlərini (təkərli şassi üzərində) və RM-70 "Vampir" reaktiv yaylım atəşi sistemlərini Silahlı Qüvvələrin arsenalına daxil etdi. O zaman Ermənistan tərəfi buna görə Çexiyaya yönəlik böyük “vay-şivən” qopararaq, bu ölkəni şantaj etməyə çalışdı. Ancaq heç nəyə nail ola bilmədi. Çexiya silah şirkətləri ötən ilin sentyabrında Bakıda keçirilən 4-cü “ADEX-2018”  müdafiə sərgisində iştirak etdilər.

Azərbaycana silah satmağa görə Ermənistanın şantajına ən çox məruz qalan ölkələr Belarus və Rusiyadır. Məsələ ondadır ki, Ermənistan bu ölkələrin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunmalarını bəhanə gətirərək, hər vəchlə onların Azərbaycana silah satmalarına mane olmağa çalışır. Ermənistanın arqumenti ondan ibarətdir ki, guya bununla həmin ölkələr öz öhdəliklərini pozurlar. Hətta Serj Sarkisyan prezident olanda Rusiya ilə bu məsələnin ayrıca müzakirə olunacağını belə demişdi. Ancaq ermənilərin bütün bu cəhdləri nə o zaman, nə də indi bir səmərə vermir. Azərbaycan müxtəlif ölkələrdən müasir silahlar almaqda davam edir. Artıq Azərbaycana silah satmaqda maraqlı olan NATO ölkələrinin sayı artır. O baxımdan, ermənilərin İtaliyaya yönəlik şantajları da bir səmərə verməyəcək.

Məsələyə münasibət bildirən hərbi ekspert, istefada olan polkovnik-leytenant İbrahim Rüstəmlinin sözlərinə görə, Ermənistanın sözügedən məsələ ilə bağlı şantajları heç bir nəticə verməyəcək: “Azərbaycan dünya ölkələri arasında müstəqil dövlət kimi tanınır və onun müstəqil siyasəti var. Müstəqil dövlət olaraq istənilən ölkədən silah ala bilərik. Azərbaycanın istər siyasi, istərsə də hərbi baxımdan bir çox ölkələrlə, o cümlədən aparıcı dövlətlərlə ən mötəbər səviyyələrdə əlaqələri var. Onlarla bir sıra sahələrdə, o cümlədən hərbi sahədə müqavilələr imzalanıb. Azərbaycan az qala dünyanın bütün inkişaf etmiş ölkələri ilə hərbi sahədə əlaqələr qurub. Məsələn, Rusiya, Türkiyə, İsraillə bizim hərbi sahədə əməkdaşlığımız yüksək səviyyədədir. Ona görə də Azərbaycan sərbəst şəkildə istənilən ölkədən silah ala bilər və Ermənistan buna mane ola bilməyəcək. İmzalanmış müqavilələrə uyğun olaraq, Azərbaycan müasir silah sistemləri idxal edəcək. Çünki bütün bunların qanuni əsası, hüquqi bazası var. Ermənistan isə Azərbaycana silah satmaq istəyən ölkələri şantaj etmək istəyir. Əvvəl əsasən Rusiya ilə Belarus şantaja məruz qalırdısa, indi də İtaliyanı hədəfə alıblar. Ancaq bütün bunların heç bir siyasi və hüquqi əsası yoxdur. Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq, müxtəlif ölkələrdən hərbi təyinatlı məhsullar alır. O baxımdan, Ermənistan Azərbaycana mane ola bilməyəcək. Bu məsələdə Ermənistan Azərbaycanla tərəfdaş ölkələri, o cümlədən İtaliyanı kənarda saxlaya bilməyəcək”.

Vidadi ORDAHALLI 

Son xəbərlər