23/02/2019 05:45
728 x 90

Xocalı faciəsinin yeni ildönümündə yeni hadisə - cinayətkar rus-sovet hərbçilərinin məhkəmə prosesi başlanacaqmı...

“366-cı alayın komandir və zabitləri barəsində cinayət işi açmaq vacibdir”

img

Elçin Mirzəbəyli: “Bunun üçün mütləq beynəlxalq tribunalın çağırılmasına ehtiyac var”

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Prezidentinin Administrasiyasına Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etmək tapşırılıb.

Ümumilikdə, Prezidentin bununla bağlı sərəncam imzalaması müsbət haldır. O mənada ki, sözügedən məsələ daim diqqət mərkəzində saxlanır. Ötən illər ərzində bir sıra işlər görülüb. “Xocalıya ədalət” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilsə də, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ hüquqi qiymət verilməyib.

O da məlumdur ki, Xocalı soyqırımının həyata keçirilməsində o zaman Dağlıq Qarabağda yerləşən 366-cı motaatıcı alayın zabitləri də fəal iştirak ediblər. Bununla bağlı çoxsaylı fakt var. Həmin dövrdə alayın yüksək səlahiyyətli zabitləri ermənilərə müntəzəm surətdə silahlar, hərbi sursatlar satırdılar. Bütün bunların nəticəsi olaraq, alayda hərbi qanunlardan kənar olan qanunsuz atmosfer yaranıb. Ordu qanunları ticarət qanunları ilə əvəzlənib. Alayın say tərkibi 1800 nəfəri  əhatə etməsinə baxmayaraq, cəmi 350 nəfərə yaxın zabit və əsgəri qüvvə qalıb. Mərkəzi Tiflis şəhərində yerləşirdi. O zaman pul qazanmaq zabitlərin başlıca amalına çevrilmişdi. Hətta erməni terror qruplarına belə xidmətlərin gündəlik məzənnəsi də bəlli idi. Azərbaycanlıların yaşayış məntəqəsinə bir top atəşi 1300 rubl, BTR-in bir gecəlik icarəsi 5000 rubl, altı PDM-dən ibarət qrupun hər reydi üçün 1,5 milyon rubl, kiçik rütbəli zabitlərin təlimatlarının göstərişlərinə 3-4 min rubl ödənilməli idi. Canlı qüvvə olaraq sıravi əsgərlər də pul müqabilində döyüş əməliyyatlarına cəlb olunublar.

O zaman fevralın 27-də Binə aeroportunda Deyçukov Oleq Alekseyeviç adlı bir polkovnik həbs olunub. Onun üstündən yarım milyona yaxın pul aşkarlanıb. Alayda əsas vəzifələri tutan erməni zabitlərinin sayı 50 nəfər olub. Alayın komandiri Yuri Zarviqarov bilavasitə Xocalı soyqırımına rəhbərlk edənlərdən biri olub. Çünki onun icazəsi olmadan alayın əsgər və zabitləri qırğında iştirak və erməni quldurlarına kömək edə bilməzdilər.

Digər tərəfdən, keçmiş Sovet ordusunun ənənələrinə görə, alayda ukraynalılar, qazaxlar, özbəklər, gürcülər də hərbi xidmət keçirdilər. Hələ 1991-ci ilin sonlarında alayın bir qrup zabiti Zaqafqaziya hərbi dairəsi komandanlığına rəsmi məktubla müraciət edib alaydakı mənəvi pozğunluğu göstərməklə yanaşı, yüksək səlahiyyətli zabitlərin onları azərbaycanlı əhaliyə qarşı döyüşlərə sövq etmələrini göstəriblər. Onların rəyi bu idi ki, alayın komandiri, polkovnik Zarviqarov təcili dəyişdirilməlidir.

Ancaq hərbi komandanlıq zabitlərin etiraz məktubuna, raportuna heç bir məhəl qoymayıb.

O da məlumdur ki, Xocalı qatilləri hələ də öz cəzalarını almayıblar. Bunlar təkcə qırğında iştirak edən ermənilər deyil. O cümlədən 366-cı motaatıcı alayın zabitləridir. Onlara qarşı cinayət işinin açılması və məsuliyyətə cəlb olunmaları vacibdir. İndiyə qədər bu olmayıb, heç olmasa bundan sonra müvafiq işlərin görülməsini ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, 366-cı alayın komandir və zabitləri barəsində cinayət işi açmaq vacibdir: “Azərbaycan qanunvericiliyi çərçivəsində Hərbi Prokurorluğun bu günə qədər apardığı araşdırmalar, ölkə parlamentinin və eyni zamanda, dünyanın bir sıra ölkələrinin Xocalı soyqırımı ilə bağlı qərarı tamamilə əsas verir ki, bununla bağlı beynəlxalq tribunalın çağırılması məsələsi gündəmə gəlsin. Bunun üçün mütləq beynəlxalq tribunalın çağırılmasına ehtiyac var. Başqa bir aspekt isə Rusiyaya müraciətlə bağlıdır. Çinki sözügedən alay SSRİ süqut edəndən sonra Xocalı soyqırımında iştirak edib. Onun rəhbərliyi əsasən Rusiyada yaşayır. Düzdür, alayın tərkibində ermənilər də olub. Ancaq rus zabitlərinin soyqırımda iştirak etməsi danılmaz faktdır. Hesab edirəm ki, həmin şəxslərin müvafiq qaydada Azərbaycana ekstradisiya edilməsi ilə bağlı müraciət oluna bilər. Fikrimcə, bu mümkündür və bununla bağlı səyləri artırmaq lazımdır”.

Vidadi ORDAHALLI

Son xəbərlər