23/02/2019 05:47
728 x 90

Cinayətkar erməniyə büst məsələsi Gürcüstan parlamentində qaldırılanda üç azərbaycanlı deputat zaldan qaçdı...

Tək Azər Süleymanovdan başqa...

img

Azər Süleymanov, Ruslan Hacıyev, Mahir Dərziyev və Savalan Mirzəyev...
Soydaşlarımızın Avaqyanın büstünün sökülməsinə nail olmaq üçün Gürcüstan parlamenti qarşısında keçirmək istədiyi aksiyaya icazə verilməyib
Aygül İsayeva: “Meriyadan bildiriblər ki, Zaza Saralidze parlamentin qarşısında çadır qurub və o, ərazini zəbt edib, buna görə də azərbaycanlılara orada aksiya keçirməyə icazə verilməyib”
Sevinc Hümbətova: “Azərbaycanlı deputatlardan heç bir dəstəyimiz yoxdur”
“Qarşıdakı müddət ərzində yenidən Tiflis Meriyasından aksiya keçirməyimizə icazə verməsini tələb edəcəyik”

 

Gürcüstanın Axalkalaki bölgəsində əli azərbaycanlıların və gürcülərin qanına batan, daşnak ideologiyasının davamçısı Maxail Avaqyana yerli bələdiyyə tərəfindən büst qoyulması həm Azərbaycanda, həm də Gürcüstanda böyük narazılıqla qarşılanmaqdadır. M.Avaqyan Abxaziya və Dağlıq Qarabağ münaqişələrində iştirak edib və yüzlərlə azərbaycanlını, gürcünü qətlə yetirib. Bir daşnak caniyə Gürcüstan hökumətinin təşəbbüsü və razılığı ilə bust qoyulması yolverilməzdir.

Avaqyana qoyulan büstün sökülməsi ilə bağlı yerli azərbaycanlıların Gürcüstan hökumətinə çoxsaylı müraciətləri hələlik cavabsız qalır. Soydaşlarımız isə çarəni M.Avaqyanın Axalkalakidə ucaldılmış abidəsinin sökülməsi tələbini hökumətə çatdırmaq üçün Gürcüstan parlamenti qarşısında etiraz aksiyası keçirməkdə görür. Bu abidənin ucaldılmasını etirazla qarşılayan soydaşlarımız Gürcüstan parlamenti qarşısında bir neçə dəfə etiraz aksiyası keçirməyi planlaşdırsalar da, Tiflis Meriyası buna icazə verməyib. Fevralın 6-da soydaşlarımız tərəfindən keçirilməsi nəzərdə tutulan etiraz aksiyası təxirə düşüb.

Gürcüstanlı soydaşımız, iqtisadiyyat üzrə fəlsəfə doktoru, gənc fəal Aygül İsayeva “Bakı-Xəbər”ə bildirdi ki, Tiflis Meriyası aksiyanın keçirilməsinə icazə verilməməsini Zaza Saralidzenin parlamentin binası qarşısında çadır qurması ilə əlaqələndirib. “Aksiyanın keçirilməsinə icazə verilmədi. Meriyadan bildiriblər ki, Zaza Saralidze parlamentin qarşısında çadır qurub və o, ərazini zəbt edib, buna görə də azərbaycanlılara orada aksiya keçirməyə icazə verilməyib. Meriya bunu əsas gətirib” - deyə bildirən gənc fəal qeyd etdi ki, soydaşlarımız etiraz aksiyası keçirməkdə israrlıdır və aksiyanın fevralın 8-də keçirilməsi planlaşdırılır. O hesab edir ki, həmin gün aksiya keçiriləcək.

Etiraz aksiyasının təşkilatçısı gənc fəal Sevinc Hümbətova da “Bakı-Xəbər”ə bildirdi ki, onlar etiraz aksiyası keçirmək üçün Tiflis Meriyasına müraciət ediblər. Lakin meriyadan əvvəl buna razılıq verilsə də, aksiyaya bir gün qalmış etirazçılara “aksiya keçirməyə icazə verilmir” cavabı verilib. S.Hümbətovanın sözlərinə görə, meriya aksiyanın keçirilməsinə icazə verməməsinin səbəbini heç nə ilə izah etmir, sadəcə, “olmaz” deyir. S.Hümbətova qeyd etdi ki, soydaşlarımız Avaqyanın büstünün götürülməsinə nail olana qədər mübarizəni davam etdirəcəklər. S.Hümbətova “Sizləri əmin etmək istəyirik ki, aksiya mütləq şəkildə keçiriləcək, sadəcə, aksiyanın vaxtı dəyişib. İstəyirik ki, aksiya tam qanunu şəkildə keçirilsin. Biz aksiyanı fevralın 8-də keçirməyi planlaşdırmışıq. Qarşıdakı müddət ərzində yenidən Tiflis Meriyasından aksiya keçirməyimizə icazə verməsini tələb edəcəyik”.

O, həmçinin, qeyd etdi ki, 20 Yanvar tarixində Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Dağlıq Qarabağ münaqişələrində iştirak etmiş separatcı Mixail Avaqyanın abidəsinin ucaldılması soydaşlarımızın qəzəbinə səbəb olub və hər bir azərbaycanlı hökumətdən o abidənin dağıdılmasını tələb edir. O vurğuladı ki, bu abidənin ucaldılması həm ölkə daxilində böyük münaqişələrin yaranmasına, həm də qardaş ölkə Azərbaycanla münasibətlərin pozulmasına zəmin yaradacaq. “Milli dini və siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar separatçı M.Avaqyanın büstünün götürülməsini tələb etməyə, separatçılığa yox deməyə, Gürcüstan-Azərbaycan dostluğunun möhkəmlənməsinə öz töhfəsini verməyə borcludur. Gələcəkdə bu münaqişələrlə üz-üzə qalmamaq üçün, dövlətimizdən tez bir zamanda bu abidənin götürülməsini tələb edirik”.

S.Hümbətova qeyd etdi ki, etiraz aksiyasında konkret şüarlar səsləndiriləcək:   

- Gürcüstan-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir!

-Yaşasın Gürcüstan-Azərbaycan dostluğu!

- Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil!

-Separatçılığa və separatçılara YOX!

-Təxribatçılar, əlinizi Gürcüstan-Azərbaycan dostluğundan çəkin!

-Separatçı M.Avaqyanın büstü götürülsün!

S.Hümbətova qeyd etdi ki, onları heç kəs mübarizəni sona qədər davam etdirməkdən çəkindirə bilməz. O vurğuladı ki, etiraz aksiyasının keçirilməsinə nail olmaq üçün bütün konstitusion hüquqlarından istifadə edəcəklər. “Aksiya keçirilərkən hər kəs gəlib meydanda hadisəyə öz etirazını bildirəcək. Bu aksiyasnı təşkil etməkdə məqsədimiz isə gələcəkdə bu münaqişələrlə üz-üzə qalmamaq üçün, dövlətimizdən tez bir zamanda bu abidənin götürülməsini tələb etməkdir. Çox xahiş edirik ki, başda bütün ictimaiyyət nümayəndələri, ictimai-siyasi simalar olmaqla, hər kəs bizə qoşulsun” - deyə müsahibimiz bildirdi.

O, həmçinin, Gürcüstan parlamentinin azərbaycanlı deputatları Ruslan Hacıyevi, Mahir Dərziyevi, Azər Süleymanovu, Savalan Mirzəyevi və başqalarını da onların etiraz səsinə səs verməyə çağırdı.

S.Hümbətova təəssüflə bildirdi ki, Gürcüstan parlamentinin azərbaycanlı deputatları etiraz aksiyasına dəstək vermirlər: “Azərbaycanlı deputatların bizim keçirməyi planlaşdırdığımız aksiya ilə bağlı heç bir dəstəyini görmürük, onlar bizə dəstək vermirlər. Bu gün azərbaycanlı deputatlar Avaqyanın abidəsi ilə bağlı səslərini belə çıxarmırlar. Sadəcə, azərbaycanlı deputat Azər Süleymanov parlamentdə bu məsələni qaldırıb. Azərbaycanlı deputatlardan heç bir dəstəyimiz yoxdur”.   

Qeyd edək ki, Gürcüstan parlamentində azərbaycanlı deputat Azər Süleymanov Axalkalakidə  Qarabağ müharibəsində iştirak etmiş erməni M.Avaqyana ucaldılmış heykəlin götürülməsi tələbi ilə çıxış edib. Vahid Milli Hərəkat Partiyasının deputatı A.Süleymanov 2019-cu ilin yaz sessiyasının ilk iclasında çıxış edərək dünya azərbaycanlılarının hüzn günü olan 20 Yanvarda separatçıya Gürcüstan torpağında büst qoyulmasını pisləyib və hökuməti bununla bağlı ciddi addım atmağa çağırıb: “Nəyə görə əliyalın azərbaycanlılara qarşı vuruşan, Xocalıda dinc insanları qətlə yetirən və Azərbaycan xalqının düşməni olan M.Avaqyana Gürcüstan torpağında büst qoyulub? Ən pisi də budur ki, açılışda Gürcüstan dövlətinin deputatları, bələdiyyə sədri, mer və Ermənistanın ölkəmizdəki səfiri iştirak ediblər. Bu, xalq arasında böyük bir narahatlıq və ajiotaj yaradıb. Cənab Kobaxidze, mən sizdən cavab istəyirəm. Sizin deputatlarınız orada iştirak edib və istəyirəm ki, siz buna qiymət verəsiniz. Cənab Kobaxidze, bizim xahişimiz odur ki, Gürcüstanın imicinə yaraşmayan büst oradan götürülsün və bu kimi hallar Gürcüstanda bir daha təkrarlanmasın”.

Gürcüstan azərbaycanlılarından aldığımız məlumata görə, A.Süleymanov M.Avaqyanın abidəsi ilə bağlı çıxış edərkən zalda ilginc anlar yaşanıb. Belə ki, azərbaycanlı deputatlar Ruslan Hacıyev, Mahir Dərziyev və Savalan Mirzəyev ona dəstək vermək əvəzinə zalı tərk ediblər. A.Süleymanov çıxış edərkən nəyə görə hakim partiyanın azərbaycanlı deputatları R.Hacıyev, S.Mirzəyev və M.Dərziyev ona dəstək verməyib və onun çıxışını dinləməmək üçün zalı tərk ediblər? Onların bu addımı atmaqda məqsədləri nə olub?

Adları çəkilən deputatların hansı səbəbdən belə bir addım atmalarının səbəbləri tam olaraq məlum olmasa da, soydaşlarımız qeyd edirlər ki, Gürcüstan hökuməti tərəfindən hər üç deputata bu barədə danışmamaq barədə göstəriş verilib. Gürcüstanda yaşayan soydaşlarımız bu deputatların A.Süleymanovla həmrəy olmamasını təəssüflə qarşılayırlar. Onlar qeyd edirlər ki, “sapı özümüzdən olan baltalar” öz əməllərindən əl çəkib həmrəy olsalar, həm fəalların keçirmək istədikləri aksiya baş tutar, həm də tez bir zamanda daşnak ideologiyasına qulluq etmiş cani M.Avaqyanın büstü yerlə-yeksan edilər.    

İradə SARIYEVA

Son xəbərlər