23/02/2019 05:41
728 x 90

İkili standartlar Avroittifaq üçün baş ağrısına çevrilir, Azərbaycan bunu onlara çoxdan xəbərdarlıq etmişdi...

“Belə ikili standartlar Avropa İttifaqının get-gedə nüfuzdan düşməsinə və dağılmasına gətirib çıxara bilər”

img

Məhərrəm Zülfüqarlı: “Qurum öz üzvlərinə münasibətdə ögey-doğmalıq siyasəti həyata keçirir”

 

Məlum olduğu kimi, Rumıniya Baş naziri Viorika Dançila Avropa İttifaqını (Aİ) insan hüquqları və demokratiya məsələlərində digər ölkələrə, hətta özünün Şərqi Avropadakı üzv dövlətlərinə qarşı ikili standartlar sərgiləməkdə günahlandırıb.

Belə ki, Avropa İttifaqı Şurasına sədrliyi təhvil alan Rumıniyanın xanım Baş naziri Dançila mətbuata açıqlamasında bir sıra məqamlara toxunub. O, Fransada “sarı jiletlilər”in keçirdiyi aksiyalar zamanı polisin etirazçılara qarşı güc və şiddət tətbiq etdiyini, lakin Avropa liderlərinin buna səssiz qaldığını, əvəzində isə guya insan haqlarının pozulduğu iddia edilən digər ölkələrin əleyhinə silsilə qərarlar verildiyini diqqətə çatdırıb: “Rumıniyaya da başqa ölkələrin etdiyi kimi davranmağa icazə verilmir. Ölkəmizdə korrupsiya və hökumət əleyhinə qanunsuz aksiyalarla bağlı gördüyümüz təhlükəsizlik tədbirlərini qınayırlar. Amma Fransada “sarı jiletlilər”in keçirdiyi etirazlarda nələrin baş verdiyini, polisin qeyri-insani davranışını hamımız gördük. Kimsə Avropa Parlamentinə gəlib Fransa haqqında qərar çıxarılmasını istəmədi. Bu, ikili standartdır”.

Xanım Dançila onu da qeyd edib ki, Avropa Komissiyasının antikorrupsiya siyasəti çərçivəsində apardığı monitorinqlə bağlı illik hesabatında yalnız Rumıniya və Bolqarıstanın adının çəkilməsi haqsızlıqdır: “Aİ Rumıniya, Bolqarıstan və digər ölkələrə qarşı ədalətli davranmır. Deyirlər ki, guya bu monitorinq mexanizmi ölkələrimizə kömək etmək üçündür. Mən Niderland, Fransa və Almaniyada da çox böyük korrupsiya faktları görmüşəm. Lakin heç kim bu ölkələrə qarşı da oxşar mexanizmin tətbiqini zəruri görmür”.

Göründüyü kimi, Aİ nəinki digər ölkələrə qarşı, eyni zamanda, ittifaqın üzvü olan ölkələrə münasibətdə belə ikili standartlardan çıxış edir. Rumıniya, Bolqarıstan artıq neçə ildir Aİ-nin tamhüquqlu üzvləridir. Ancaq qurum keçmiş sosialist düşərgəsində təmsil olunan Şərqi Avropa ölkələrinə ögey münasibət sərgiləyir. Həmin ölkələrdə hansısa neqativ hadisə baş verəndə,  dərhal onu əndazədən çıxarıb kəskin münasibət ortaya qoyurlar. Halbuki, bu cür yanaşma bəyan etdikləri prinsiplərə daban-dabana ziddir. Hansısa ölkədə insan hüquqları pozulursa, həmin ölkənin siyasi və iqtisadi statusuna görə mövqe ortaya qoyulursa, deməli, Aİ ali qanunlara hörmət qoymur və buna korporativ maraqlardan yanaşır. İkili standartlar təkcə Fransada “sarı jiletlilər”in timsalında özünü göstərmir. Digər aparıcı dövlətlərdə də baş verən pozuntuları Aİ və onun təsisatları görməzdən gəlirlər. Məsələn, Almaniya iqtisadi baxımdan Aİ-nin lokomotivi olduğu üçün, qurum bir sıra məsələlərdə bu ölkədə baş verənlərə göz yumur. Məlumdur ki, Avropadakı miqrantların çoxu Almaniyada məskunlaşıb. Ancaq Almaniya qədər heç bir Avropa ölkəsində miqrantların hüquqları kobud və kütləvi şəkildə pozulmur. Dünyanın gözü qabağında miqrantlar alçaldılır, ən ağır işlərdə işlədilir, polis tərəfindən zorakılığa məruz qalırlar. Ancaq indiyədək nə Aİ, nə də qurumun digər təsisatları buna öz münasibətlərini bildirməyiblər. Demokratiyadan danışan Aİ üçün miqrantlar sanki insan deyil. Ancaq bloger Mehman Hüseynov məsələsində o qədər proseslər şişirdildi ki, Avropa Parlamenti bununla bağlı qərəzli qətnamə qəbul etməli oldu.

Bütün bu deyilənlərin fonunda, ekspertlər Aİ-nin ikili standartlardan çıxış etməsini necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, Aİ-nin bu cür ikili standartlardan çıxış etməsi qurumun gələcəyi üçün yaxşı perspektiv vəd etmir. Onun fikrincə, Aİ öz üzvlərinə münasibətdə ögey-doğmalıq siyasəti həyata keçirir: “Belə ki, Qərbi Avropa ölkələri ilə Şərqi Avropa ölkələrinə fərq qoyulur. Aİ-nin yaradıcısı olan Qərbi Avropa ölkələri sonradan quruma üzv olan dövlətlərə eyni münasibət bəsləmirlər. Həmin dövlətləri Aİ üçün əlavə yük hesab edirlər. Xüsusən də bir vaxtlar sosialist düşərgəsində təmsil olunan, iqtisadi baxımdan geri qalan Bolqarıstana, Rumıniyaya, Macarıstana münasibət yaxşı deyil. Bütün bunlar Aİ-nin yeritdiyi siyasətin səmimi olmadığını, ikili standartlardan çıxış etdiyini ortaya qoyur. Fransada baş verən hadisələr və Avropa təsisatlarının bunu görməzdən gəlməsi deyilənləri bir daha sübut edir. Azərbaycana münasibətdə ötən ay Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə deyilənlərə başqa bir əyani sübutdir. Bütün bunlar Aİ üçün yaxşı perspektiv vəd etmir. Belə ikili standartlar Aİ-nin get-gedə nüfuzdan düşməsinə və dağılmasına gətirib çıxara bilər”.

Vidadi ORDAHALLI

Son xəbərlər