24/01/2019 09:13
728 x 90

Prezident Ermənistanda xunta rejiminə “əla yazanlar”ın dünya qarşısında ifşa edilməsini gündəmə gətirdi

Əziz Qənbərov:“Ermənistan cəmiyyəti beynəlxalq hüquq müstəvisində bu işin həllinə nail olmaq üçün addımlar atmalıdır”

img

“Beynəlxalq qurumların Ermənistanın xunta rejiminə cani-dildən dəstək verən rəsmilərinin məsuliyyətə cəlb edilməsi hüquqi baxımdan mümkündür”

 Məlum olduğu kimi, yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkə başçısı   bir sıra məsələlərə, o cümlədən də Ermənistandakı xunta rejiminin qara əməlləri və bu əməllərə dəstək verən beynəlxalq qurumların rəsmilərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı fikirlər bildirib. Prezident qeyd edib ki, Ermənistanda xunta rejiminin seçkiləri saxtalaşdırmasına dəstək olan beynəlxalq dairələr cinayət məsuliyyətinə cəlb olunmalıdır. ”Biz dəfələrlə demişdik ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürür. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər? Axı, son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi”-deyə Prezident bildirib.

Sözügedən beynəlxalq dairələri Ermənistandakı seçki saxtakarlığına kömək etdikləri üçün hansı mexanizmlər əsasında məsuliyyətə cəlb etmək olar?

Hüquqşünas Əziz Qənbərov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan zaman-zaman Avropa dövlətlərinin himayəsilə bölgədə saysız cinayətlər törədib. Onun sözlərinə görə, bu ölkədə uzun illər hökmranlıq edən xunta rejimi və o rejimə rəhbərlik edənlərin havadarları da elə həmin qurumların  bəzi rəsmiləri olub ki, onlar da xaricdəki erməni lobbisi ilə yaxınlıqları ilə seçilirlər. “Prezidentin müşavirədə səsləndirdiyi fikirlər sözün həqiqi mənasında bu rejimin, eləcə də o rejimin törətdiyi seçki və digər saxtakarlıqlara, cinayət əməllərinə dəstək verən beynəlxalq dairələrin iç üzünü açdı. Ermənistanda mövcud olmuş və hazlrda süquta uğramış xunta rejiminin cinayətləri barədə Prezident İlham Əliyev dəfələrlə bəyanatlar verib, fikirlər səsləndirib. Bilirsiz ki, son zamanlar Ermənistanda keçmişdə müxtəlif vəzifələr tutan bəzi insanlar cinayət məsuliyyətinə cəlb edilib. Biz bu barədə mətbuatdan oxuyuruq, məlumatımız var. Onlar cinayət məsuliyyətinə cəlb edilirlərsə, onda nə üçün onların havadarları kənarda qalmalıdır? Əlbəttə, bunun beynəlxalq hüquq müstəvisində həlli mümkündür. Hesab edirəm ki, ilk növbədə səsi saxtalaşdırılan ermənilər bu məsələyə reaksiya verməli və uzun illərdir səslərinin xunta rejimi tərəfindən saxtalaşdırıldığını dünaya bəyan etməlidir. Ermənistan cəmiyyəti beynəlxalq hüquq müstəvisində bu işin həllinə nail olmaq üçün addımlar atmalıdır. Sözsüz ki, Ermənistan qanunvericiliyinə də müəyyən dəyişikliklərin edilməlidir ki, seçki hüquqları pozulan vətəndaşlar beynəlxalq məhkəmələrə müraciət edə bilsin. Bu gün Ermənistan cəmiyyəti o rejimin həyata keçirdiyi siyasət nəticəsində iflic vəziyyətə düşüb”-deyə Ə.Qənbərov bildirdi.

O həmçinin qeyd etdi ki, həmin beynəlxalq təşkilatların özlərinə də sərt etirazlar ünvanlanmalıdır ki, sizin rəsmilər sülhün deyil, xunta rejiminin yanında olub. Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həllinin uzadılmasında Ermənistanla yanaşı ona “ilham verən” beynəlxalq təşkilatların da rolu az deyil. “Bu qurumlar Dağlıq Qaraağ problemini nizamlamaq əvəzinə onun hazırkı şəkil almasına çalışıb. Bu gün dünya bir daha  bilməlidir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisidir və torpaqlarımız özümüzə qaytarılmalıdır. Beynəlxalq qurumların Ermənistanın xunta rejiminə cani-dildən dəstək verən rəsmilərinin məsuliyyətə cəlb edilməsi hüquqi baxımdan mümkündür. Bunun üçün də, qeyd etdiyim kimi, Ermənistan cəmiyyəti aktiv olmalı və beynəlxalq qurumların özlərinə, eləcə də beynəlxalq məhkəmələrə müraciət etməlidir. Ermənistanda keçirilən həm prezident, həm də parlament seçkiləri dəfələrlə saxtalaşdırılıb və buna da beynəlxalq təşkilatlar “əla” qiymət veriblər. İndi xunta rejiminə “əla yazanlar”ın özləri dünya qarşısında ifşa edilməlidir”-deyə Ə.Qənbərov bildirdi. 

İradə SARIYEVA

 

 

Son xəbərlər