23/03/2019 01:33
728 x 90

Prezident Əliyev Ermənistan prezidentlərinin bəzi dünya rəsmiləri ilə cinayətkar sövdələşmələrini ifşa etdi

img

Yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev 2018-ci ili hərtərəfli dinamik inkişaf edən, dərin islahatlar və sabitlik ili kimi xarakterizə etdi. Bu qiymətləndirmə əslində 2015-2017-ci illərdə həyata keçirilən islahatlardan sonra ölkə iqtisadiyyatının yeni dinamizmə və inkişafa qədəm qoyması kimi səciyyələndirilməlidir.

Ölkə başçısı, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və işğalçı Ermənistanın hazırkı vəziyyətinə dair məsələləri diqqətə çatdırıb. Prezident İlham Əliyev bu məsələdə beynəlxalq təşkilatların fəaliyyətini qiymətləndirərkən onların fəaliyyətini haqlı olaraq tənqid etdi. Bildirdi ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürdü. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumur. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verir? Axı son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməyib?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Bu fikirlər adıçəkilən təşkilatların yarıtmaz fəaliyyətinə verilən qiymət olmaqla, həm də əslində onların, heç olmasa, bundan sonra ədalətli və obyektiv mövqe tutmaları üçün bir çağırışdır. Ölkə başçısının bu haqlı iradından eyni zamanda Ermənistan prezidentlərinin hakimiyyəti qəsb etməsində beynəlxalq dairələrlə açıq işbirliyində olduğununa dair nəticələr çıxara bilərik. Ölkə başçısı Ermənistanın özündə baş verən prosesləri təhlil edərək çox dəqiq qənaətə gəlib. Çünki beynəlxalq dairələr hər zaman Ermənistandakı seçki saxtakarılıqlarını malalamaqla məşğul olublar. Onların bizimlə münasibətdə ikili standartalara yol verdiyi ilə bağlı çoxsaylı təkzibolunmaz fikirlər səslənib. Ancaq Prezidentin dediyi kimi, Ermənistandakı son seçkilərdə elan olunan nəticələr sübut etdi ki, həmin dairələr həm də hərbi xunta ilə cinayətkar işbirliyində olmaqla Ermənistandakı əhalinin haqlarını kobud şəkildə tapdalayıblar. Əslində, bütün bu faktlara beynəlxalq səviyyədə düzgün hüquqi qiymətin verilməsinin vaxtı çatıb. İki ölkədə keçirilən prezident seçkilərinə verilən qiymətdəki qərəzli münasibətlər ölkə başçısının irəli sürdüyü arqumentləri daha da əsaslı etmiş olur. 2013-cü ildə Ermənistan və Azərbaycanda keçirilən prezident seçkilərinə bəzi beynəlxalq dairələrin verdiyi qiymətdəki qərəzə nəzər salmaqla biz bu biabırçılığı bir daha ifşa etmiş olarıq. Həmin vaxt Ermənistanda prezidentliyə namizəd olan iki şəxsə silahlı basqın olmuşdu. Yəni onlar seçki kampaniyasının gedişi zamanı güllələnmişdi. Azərbaycanda isə seçkidə hakimiyyətə opponentlik edən müxalif dairələrə fikirlərini ifadə edib, təbliğat aparmaq üçün istənilən şərait yaradılmışdı. Hətta şəhərin mərkəzinə yaxın olan, metro stansiyasına ən yaxın yerdə kütləvi aksiyalar keçirmək üçün xüsusi yerlər də ayrılmışdı. Bu kimi kəskin təzada baxmayaraq, seçkinin nəticəsini dəyərləndirən bəzi beynəlxalq dairələr güya Ermənistandakı seçkilərin daha obyektiv keçirildiyinə dair saxta rəy vermişdilər. Məhz bu səbəbdəndir ki, özünə 50 faizdən artıq səs yazdıran keçmiş iqtidar bu gün 5 faizlik baryeri aşıb parlamentə düşə bilməyib. Aydındır ki, bu cür qərəzli mövqeyi ilə həmin beynəlxalq dairələr ilk növbədə özlərini ifaşa etmiş olurlar. Çünki artıq onların illər uzunu dəstəklədikləri hərbi xunta artıq tarixin arxivinə gömülüb. Azərbaycan da bu müddət ərzində sakit oturmayıb. Prezidentimiz də dəfələrlə deyib ki, həmin xunta rejiminin çökməsində Azərbaycanın da rolu böyük olub. Ermənistanın indiki hakimiyyəti və sözügedən beynəlxalq dairələr baş verənlərdən nəticə çıxarmalı, daha obyektiv, konstruktiv və qərəzdən uzaq olmalıdırlar.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər