23/01/2019 18:39
728 x 90

Azərbaycan Prezidenti bir neçə aylıq səylərdən sonra Paşinyanı əvvəlki formatda danışıqlar masasına gətirdiyini ilk dəfə açıqladı

Ramil Hüseynov: “Danışıqlardan imtina Ermənistan üçün fəlakət olacaqdı”

img

“Bu səbəbdən Paşinyan geri addım atmalı oldu”

"Baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Hətta belə fikirlər səslənirdi ki, Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Biz dərhal belə cəhdləri rədd etdik”. Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Dövlət başçısının fikrincə, Azərbaycanın qətiyyəti sayəsində danışıqlar iki ölkə arasında aparılır: “Əlbəttə ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə danışıqlar prosesi bərpa edildi. Xarici işlər nazirləri artıq bir neçə dəfə görüşüblər və danışıqlar Ermənistanla Azərbaycan arasında aparılır. Danışıqlar prosesi üçün yalnız bu format məqbuldur”. Görünən odur ki, Azərbaycan Prezidenti uzun fasilədən sonra Paşinyanı da indiki formatda danışıqlara məcbur etdi. Paşinyan əvvəl elə hesab edirdi ki, onun məlum “yanaşması” ilə Azərbaycan razı olacaq. Bu minvalla Azərbaycanı şantaj etmək istəyirdi. Ancaq Azərbaycanın qəti mövqe ortaya qoyması nəticəsində gördü ki, belə mövqe nə onun siyasi hakimiyyətinə, nə də Ermənistana yaxşı heç nə vəd etmir. O zaman geri addım atmalı oldu. Necə deyərlər, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Paşinyan danışıqların indiki formatda aparılması ilə razılaşmalı oldu.

Sözügedən məsələni dəyərləndirən VİP funksioneri Ramil Hüseynov deyir ki, Paşinyanın geri addım atacağı gözlənilən idi: “Nəzərə almaq lazımdır ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyi dəyişməzdir. Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İstər Paşinyan, istərsə də həmsədrlər gördülər ki, danışıqlar dayansa, o zaman hərbi əməliyyatların yenidən başlaması risqi artacaq. Xüsusən də Paşinyan bunun Ermənistan üçün yaxşı nəticələr verməyəcəyini bildiyindən geri addım atdı. Çünki Azərbaycan son illər öz hərbi imkanlarını xeyli artırıb. Ermənistanın iqtisadi imkanları bu sahədə Azərbaycanla rəqabət aparmaq gücündə deyil. Bundan başqa, Paşinyan baş nazir olandan sonra İrəvenla Moskva arasında münasibətlər soyuqlaşıb. Belə olan halda danışıqlardan imtina Ermənistan üçün fəlakət olacaqdı. Bu səbəbdən Paşinyan geri addım atmalı oldu”.

Vidadi ORDAHALLI

 

 

Son xəbərlər