23/01/2019 18:28
728 x 90

Ermənistanın dövlət diplomatiyasının mahiyyətinin yeni ifşası - konyak diplomatiyası...

Arzuxan Əlizadə: “Dünya bilməlidir ki, Ermənistan dövlət səviyyəsində cinayətkar fəaliyyətlə məşğul olur”

img

“Beynəlxalq qurumlar onlara qarşı konkret tədbirlər görməlidir”

 

“Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi”.

Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısının fikrincə, sözügedən məsələ müvafiq beynəlxalq orqanlar tərəfindən çox ciddi araşdırılmalıdır: “ Kriminal rejimə iyirmi il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar. Bizim tələbimiz bundan ibarətdir. Əgər bu, olmasa, demək heç nə dəyişilmir. Əgər bu, olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən ədalət, insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar iyirmi il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var”.

Həqiqətən də Ermənistanda mövcud olan rejimlər rüşvət amilindən zaman-zaman istifadə ediblər. Müxtəlif vasitələrlə müəyyən şəxsləri ələ almağa çalışıblar, şantaj ediblər. Bu Levon Ter-Petrosyanın prezidentliyi dövründə də olub, ondan sonra da. Necə deyərlər, konyak diplomatiyası Ermənistanda ənənə halını alıb.

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, rüşvət amili hər zaman erməni siyasətində özünü göstərib: “Bu məsələdə Ermənistan erməni lobbisinin imkanlarından bu və ya digər dərəcədə istifadə edir. Erməni lobbisinin əlaqələrindən istifadə edərək müxtəlif siyasətçiləri, məmurları əla alırlar. Ermənistan rəhbərliyi hətta mafiya ilə işbirliyi qurur. Almaniyada, İspaniyada baş verənlər bunu bir daha sübut etdi. Təəssüflər olsun ki, hələ də müxtəlif  beynəlxalq qurumlar ermənilərin bu əməllərinə göz yumurlar. Halbuki, belə siyasiləri təcrid etmək lazımdır. Düşünürəm ki, bu istiqamtdə səylərimizi artırmalıyıq. Dünya bilməlidir ki, Ermənistan dövlət səviyyəsində cinayətkar fəaliyyətlə məşğul olur. Beynəlxalq qurumlar onlara qarşı konkret tədbirlər görməlidir”.

Vidadi ORDAHALLI

Son xəbərlər