23/01/2019 18:31
728 x 90

Mariya Zaxarova Azərbaycan-Rusiya münasibətlərinin əsl mahiyyətini hələ tam anlamayıb (?)

img

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi brifinqdə Azərbaycanla bağlı səsləndirdiyi iddialar ciddi etiraza səbəb olub.  Belə ki, Rusiya XİN-in  rəsmi nümayəndəsi Mariya Zaxarova ötən il Azərbaycan tərəfinin milliyyətcə erməni olan 16 Rusiya vətəndaşını ölkəyə buraxmadığını açıqlayıb: “Biz dəfələrlə Azərbaycan tərəfi qarşısında məsələ qaldırmışıq. Bu artıq adət halını alıb. Birinci hal deyil ki, Rusiya vətəndaşları etnik mənsubiyyətinə görə diskriminasiyaya uğrayır. Bizdə ötən ilin bununla bağlı statistikası mövcuddur. Belə ki, ötən il 16 Rusiya vətəndaşı etnik mənsubiyyətinə görə Azərbaycan aeroportunda saxlanılıb və deportasiya olunub. Biz Azərbaycan tərəfindən tələb edirik ki, bu təcrübəyə son qoyulsun. Çünki bu hal Rusiya və Azərbaycan arasındakı dostluq əlaqələrinə uyğun deyil. Azərbaycan tərəfi bu məsələni yoluna qoyacağını bildirib. Biz də buna ümid edirik”.

Mariya Zaxarovanın erməni əsilli vətəndaşların Azərbaycana buraxılmaması ilə bağlı keçirdiyi “narahatlığa”  ölkəmizin rəsmi münasibəti özünü gözlətməyib.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki,  Azərbaycanın  Ermənistanla müharibə vəziyyətində olduğunu heç kim unutmamalıdır. Leyla Abdullayevanın verdiyi cavabdan doğru olaraq bu nəticəyə gəlirik ki, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir. Biz Rusiya XİN-in sözçüsü tərəfindən dəfələrlə həmin ölkə rəhbərliyinin Azərbaycana olan münasibətilə adekvatlıq təşkil etməyən bəyanatlar səsləndirdiyinin şahidi olmuşuq. Ancaq Mariya Zaxarova bilməlidir ki, iki qonşu ölkə arasındakı  münasibətləri xarici siyasət orqanları deyil, Azərbaycan və Rusiya prezidentləri müəyyən edir və hər iki tərəf bu münasibətlərin inkişafı üçün böyük maraq və səy göstərir. Təkcə ötən il ərzində iki ölkə prezidentlərinin 6 dəfə görüşməsi ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının ən bariz göstəricisi sayıla bilər. Zaxarova bir məsələni də anlamalıdır ki, Azərbaycanın tətbiq etdiyi bu qadağa Rusiya vətəndaşlarına bəslənən mənfi münasibətin göstəricisi də sayıla bilməz. Çünki ölkəmizin rəsmi qurumları tərəfindən təqdim olunan statistik məlumatlardan aydın şəkildə görünür ki, Azərbaycana səfər edən turistlərin sayına görə Rusiya vətəndaşları birinci yerdədir. Azərbaycan Ermənistan kimi monoetnik ölkə də deyil ki, milli mənsubiyyət amilinə görə kimlərisə təqib etsin. Ölkəmizdə müxtəlif millətlərin nümayəndələri ilə yanaşı, 30 min erməni əsilli şəxsin də yaşaması bunun sübutu sayıla bilər.  Ancaq Ermənistanın Azərbaycana qarşı sərgilədiyi işğalçı münasibətdən sonra baş verən müharibənin fəsadları aradan qaldırılmamış xüsusi icazə olmadan hansısa erməni əsilli şəxsin müxtəlif ölkələrin vətəndaşı adı ilə ölkəmizə səfər etməsi bizim əlaqədar qurumların nəzarətindən kənar qala bilməz. Xüsusi icazəni ona görə qeyd edirik ki, ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə erməni əsilli vətəndaşlardan ibarət nümayəndə heyətləri iştirak edir. Çünki onların kimliyi dəqiq müəyyən olunmaqla yanaşı, eyni zamanda təhlükəsizlikləri də nəzarət altında olur. İstənilən ölkənin erməni əsilli vətəndaşları anlamalıdırlar ki, belə bir şəraitdə Azərbaycana səfər etmək onların özləri üçün də təhlükəsizliklə bağlı problemlər yarada bilər. Əslində, Rusiya ermənilərinin Azərbaycana gəlmək cəhdlərinin özü də təxribatdır. Çünki torpaqlarımızın Ermənistanın işğalı altında qaldığı, bir milyon soydaşımızın öz ölkəsində qaçqın vəziyyətində olduğu vaxtda ermənilərin Azərbaycana gəlməsi, rahat-rahat Bakıda gəzməsi istər-istəməz, yumşaq desək, qıcıq yarada bilər. Əlbəttə, Ermənistanın işğalçılıq siyasəti olmasaydı, Xocalı soyqırımı, digər qətliamlar baş verməsəydi, hər hansı ölkədə yaşayan erməninin Azərbaycana gəlməsi problem olmazdı.

Əslində, Mariya Zaxarovanın iki ölkə arasında münasibətlərə xələl gətirə biləcək və özü-özünü təkzib edən  mövqeyi ilə biz ilk dəfə deyil ki, rastlaşırıq. Ermənistanda baş verən inqlab nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın ilk bəyanatı belə olmuşdu ki, Dağlıq Qarabağla bağlı danışıqlar Ermənistanla Azərbaycan arasında deyil, separatçı rejimlə Azərbaycan arasında aparılmalıdır. Paşinyanın məlum mövqeyinə Moskvada Zaxarovadan münasibət öyrənən azərbaycanlı jurnalist də  onun tərəfindən təxribatla üzləşmişdi. Həmin vaxt Zaxarova bildirmişdi ki, Paşinyanın məlum fikirləri təxribat xarakterlidir, danışıqların ümumi prinsiplərinə ziddir. Bu mövqe yayılandan sonra yaranmış ajiotajdan yaxa qurtarmaq üçün Zaxarova Azərbaycanın “Trend” İnformasiya Agentliyinin müxbirini yalan məlumat verməkdə günahlandırdı. Rusiya XİN adından bəyanat yayıldı ki, həmin mövqe Zaxarovaya deyil, azərbaycanlı jurnalistin özünə aiddir. Jurnalist bundan sonra məlum fikirlərin necə səslənməsi ilə  bağlı videomateralı yaydı və məlum oldu ki, haqsız olan Mariya xanımın özü  imiş. Bütün bunlar onu deməyə əsas verir ki, Mariya Zaxarova köhnə ampluasına sadiq qalaraq, öz ermənipərəst mövqeyini davam etdirir.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər