23/03/2019 01:35
728 x 90

Ermənistan üçün çətin gün – Paşinyan yanvarın 14-də Qarabağ üzrə yeni mesajlar vermək zorundadır...

img

İşğalçı Ermənistanda məlum hakimiyyət dəyişikliyindən sonra mövqelərini kifayət qədər gücləndirən baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cari il ərzində hansı addımlar atacağı xüsusi maraq doğurur.

Bu barədə danışmazdan öncə qeyd edək ki, yanvarın 14-də Ermənistan parlamentinin yeni tərkibdə ilk iclası keçriləcək. Məhz bu zaman parlamentin Paşinyanı baş nazir postuna təsdiqləyəcəyi gözlənir. Bununla Ermənistanda artıq Paşinyanın mütləq hakimiyyəti dönəmi başlanacaq. Məhz belə vəziyyətdə o, digər məqamlarla yanaşı, artıq Qarabağ konflikti ilə də bağlı konkret qərar verməlidir. Ən azı ona görə ki, Azərbaycanın məsələnin həllini uzatmaq niyyəti yoxdur, beynəlxalq miqyasda da İrəvana münaqişə ilə bağlı təzyiqlər artır.

Digər tərəfdən Paşinyan aydın görür ki,  Qarabağ münaqişəsi həllini tapmadan Ermənistanın hansısa inkişafına nail olmaq mümkün deyil. Halbuki, Paşinyan onu hakimiyyətə gətirən xalqa sosial-iqtisadi müstəvidə böyük vədlər verib. Bu vədlərin yerinə yetirilməsi isə birbaşa Azərbaycanla əməkdaşlıqdan asılıdır. Belə olan halda bu ölkənin tək bir yolu qalır, o da işğaldan əl çəkib Azərbaycanla münasibətləri qaydasına salmaq şansı əldə etmək yollarını aramaqdır. Bu olmadığı təqdirdə Ermənistan nə inkişaf edəcək, nə də bu ölkədə demokratiya bərqərar olacaq. Çünki demokratiyaya gedən uzun yol həm də güclü iqtisadiyyatdan keçir. Bunu, əslində, Paşinyan özü də yaxşı başa büşür.

Digər tərəfdən, indiyə qədər belə fikirlər də səslənirdi ki, Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistan hakimiyyətinin hər hansı bir addımı daxili problemləri mürəkkəbləşdirəcək. Amma artıq kifayət qədər aydın görünür ki, erməni cəmiyyətini Qarabağ yox, sosial problemlərin həlli daha çox maraqlandırır. Elə bu da Paşinyana Qarabağ məsələsində daha rahat addımlar atmaq imkanı verir.  Elə bu səbəbdən,  bir sıra ekspertlərin fikrincə, Paşinyan sağlam məntiqə söykənən addımlar atsa, bu il münaqişənin həlli istiqamətində əhəmiyyətli yeniliklər olacaq. Onu da qeyd edək ki, əslində, erməni tərəfinin atacağı addımlar yaxın tezlikdə bəlli olacaq. Belə ki, Minsk Qrupunun həmsədrləri yanvar ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün baş tutacağı barədə məlumat yayıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən yanvar ayında xarici işlər nazirlərinin görüşünün təşkil edilməsinə dair təklif irəli sürülüb və qaydalara uyğun açıqlanacaq. Belə bir görüşün olacağını rəsmi Bakı da təsdiq edib. Məhz bu görüşdən sonra erməni tərəfinin Qarabağ msələsində nə dərəcədə konstruktiv mövqe tutduğu aydın olacaq. Ekspertərin fikrincə, Ermənistandakı indiki hakimiyyət əvvəlki iqtidarın siyasətindən əl çəkməklə, Qarabağ məsələsində mühüm yeniliklərə imza ata bilər. Əks vəziyyət isə Ermənistanın özü üçün böyük təhlükə deməkdir. Bunu  rus analitik Stanislav Tarasov da təsdiq edir. O hesab edir ki, son aylarda Qarabağ münaqişəsi proseslərinə dair əldə etmiş bütün məlumatlar münaqişənin həlli proqramının mövcud olmasını və bu il üzə çıxacağını iddia etməyə əsas verir: “İndiki vəziyyətdə Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın siyasəti daha səmərəli və anlaşılan görünür. Bunu əslində, mövcud Ermənistan hakimiyyəti və beynəlxalq vasitəçilər də görür. Vasitəçilər artıq İrəvanın əməli addımlar atmasını istəyir. Elə buna görə də münaqişə zonasında mövcud layihələrin həyata keçirilməsi üçün tərəflərə, xüsusilə də Ermənistana təzyiq ediləcəyini istisna etmirəm”.  

Erməni hərbi ekspert Vahan Badasyan da ölkəsinə Qarabağ məsələsinə görə təzyiqlərin tamamilə gözlənilən olduğunu bildirir: “Qarabağ məsələsində, xüsusilə də Minsk Qrupunun həmsədrləri tərəfindən təzyiqlər olacaq”. O, “2019-cu ildə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hansı gözləntilər var, yeni ilin gözləntiləri hansılardır” sualına Qarabağ məsələsində xarici qüvvələr, xüsusilə Minsk Qrupu həmsədrləri tərəfindən təzyiqlərin artacağı sözləri ilə cavab verib: “Ona görə də Ermənistanda baş verən məxməri inqilabla birlikdə torpaqların qaytarılması barədə sənədlərin imzalanması da səbəblərdən biri olmaqla erməni xalqı keçmiş rejimdən imtina edib. İndiyə qədər verdiyi açıqlamada Paşinyan xarici siyasətdə keçmiş hakimiyyətin yürütdüyü xətti qoruyub saxlayacağını bəyan edib. Keçmiş hakimiyyətin xarici siyasətini davam etdirirsənsə, o zaman Qarabağ məsələsində güzəştə getməyə və torpaqların qaytarılmasına məcbur edəcəklər. Yəni onu məcbur edəcəkləri məsələsi də var”. Badasyan qeyd edib ki, bu gün Ermənistan alternativ qüvvə kimi çıxış etməyə hazır olmalıdır: “Bu gün siyasi meydan mövcud deyil, köhnə qüvvələr Respublikaçılar, o cümlədən Qarabağda fəaliyyətdə olan siyasi qüvvələr də Ermənistanın keçmiş iqtidarının xidmətçiləri olaraq talançıdırlar. Beləliklə də, onlar qayıdıb “biz xalqın yanındayıq” deyə bilməzlər. Seçkilərdə gördüyümüz kimi, belə qüvvələr parlamentdə yer almadı. Hakimiyyətin manevr imkanları sərbəstdir. Amma 2019-cu ildə Qarabağ görə təzyiqlər mütləq baş verəcək”.
Məsələni məhz bu rakursdan şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli də vurğulayır ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı yeni danışıqlar prosesi yetişməkdədir. Politoloq bildirib ki, Azərbaycanın aktiv xarici siyasəti nəticəsində bir çox beynəlxalq təşkilatlar və əksər aparıcı dövlətlərin Qarabağ məsələsinin həllini dəstəkləməsi danışıqlar prosesi üçün yaradılan rahat şəraitdən xəbər verir: “Məsələn, ABŞ Dağlıq Qarabağ məsələsində Ermənistanı müdafiə etmir və hansı yolla olursa-olsun, problemin həllinin tərəfdarıdır. Belə vəziyyətdə Paşinyan çox tərəddüdlü görünür. Köçəryan və Sarkisyan Qarabağ müharibəsi dalğasında hakimiyyətə gəlmiş və xalq qarşısında müəyyən öhdəliklər götürmüşdülər. Paşinyan isə hakimiyyət naminə xalq qarşısında müəyyən öhdəliklər götürüb. Düzdür, o hazırda sırf erməni xalqına xoş gəlsin deyə, Qarabağ məsələsində radikal mövqe sərgiləyir. Ancaq hesab edirəm ki, Paşinyan yalnız ABŞ və Rusiyanın güclü təzyiqi fonunda beynəlxalq hüquqa uyğun hərəkət edə bilər”. Əslində, belə təzyiqlərin müəyyən qədər işə salınması da müqşahidə olunur. Məsələn, rus politoloq Konstantin Fedorenko vurğulayır ki, Rusiya, digər məqamlarla yanaşı, Ermənistana Dağlıq Qarabağ münaqişəsi üzərindən də ciddi təzyiq göstərməyə başlayır: "İndiyədək Kreml İrəvanda baş verənləri təmkinlə izləyib. Lakin hesab edilir ki, Ermənistanda baş verənlər ABŞ-ın növbəti zərbəsidir. Vəziyyət bu şəkildə davam edərsə, Rusiya mütləq Ermənistana təsirini artıracaq. Rusiya Ermənistana Dağlıq Qarabağ vasitəsilə təzyiq göstərə bilər". Ekspert hesab edir ki, bundan qazanan Azərbaycan olacaq, çünki belə vəziyyətdə zəbt edilmiş ərazilərin yenidən müəyyən hissəsi Bakının nəzarətinə qayıda bilər. İndiki halda elə erməniləri narahat edən əsas məsələ də Rusiyadan gözlənilən mümkün təzyiqlərdir. Bəzi ekspertlər hesab edirlər ki, əslində, son dövrlərdə Rusiyanın Ermənistana qarşı təzyiqlərinin artdığı müşahidə olunmaqdadır. Dağlıq Qarabağ probleminin tezliklə həll edilməsi ilə bağlı Rusiya siyasətçilərinin səsləndirdiyi bəyanatlar da buna hesablanıb. Erməni politoloq Stepan Qriqoryan bu fonda bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə getməsi üçün Ermənistana təzyiqlər var: “Rusiya regional məsələlərdə Azərbaycanın dəstəyini əldə etmək üçün Ermənistanın Qarabağdan çıxmasını istəyir. Bunun hansı formada baş verəcəyini – bir neçə rayon, yaxud ümumiyyətlə bütün ərazilərin verilməli olduğunu deyə bilmərik. Amma bütün hallarda, xırda güzəşt Qarabağın əldən çıxması deməkdir. İndi Ermənistan zəif tərəfdir və bütün sahələrə - iqtisadiyyata, sənayeyə, energetikaya, təhlükəsizliyə Rusiya nəzarət edir. Rusiya bilir ki, bizə qarşı ciddi təsir imkanları var. Paşinyanın Qərbə meyllənməsi Rusiyanın bu imkanları hərəkətə gətirməsi ehtimalını xeyli artırır”.

Cənubi Qafqaz regionu üzrə ekspert Tomas de Vaal isə vurğulayır ki, əslində beynəlxalq təzyiqlər olmadan da İrəvanın konfliktin həlli istiqamətində atdığı addımlar Ermənistanın gələcəyi üçün çox önəmlidir. Tomas de Vaal da məhz cari il ərzində münaqişənin çözümündə mühüm yeniliklərin olmasını istisna etmir. Ekspert vurğulayır ki, Qarabağ münaqişəsinin tərəfləri arasındakı ritorikada gərginliyin azalması müşahidə olunur və bu da sülh prosesinin yenidən başlanmasını mümkün edir. O, münaqişənin həlli ilə bağlı vəziyyətin inkişaf etdiyini deyib: “Münaqişə tərəfləri arasında kəskin ritorikanın müəyyən dərəcədə azalmasını görürəm. Ermənistanın yeni hökuməti münaqişənin həlli ilə bağlı düşüncələrini yeniləyə bilər. Tərəflər arasında təmaslar artıb. Lakin təəssüflər olsun ki, hər iki tərəfin mövqeyi dramatik dərəcədə bir-birinə əksdir. Mövqelər bir-birindən olduqca uzaqdır. Münaqişənin həllinə hələ böyük yol var. Lakin ilkin addımlar vəziyyəti tam dəyişə bilər”.

Tomas de Vaal Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunmasının vacib olduğunu vurğulayıb. Bu baş verməsə, məsələnin həllində hərbi amil ön plana çıxacaq. Moskvadakı Siyasi və Hərbi Tədqiqatlar Mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin bildirir ki, belə vəziyyət İrəvan üçün çox ağrılı olacaq. Ekspert bildirir ki, yaxın tezlikdə məsələnin çözümü üçün dinc müstəvidə addımlar atılmasa, Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi baş verəcək. Onun sözlərinə görə, real vəziyyətdə Bakı üçün Ermənistan tərəfindən nəticə verən addımların atılması vacibdir: “Əks halda savaş olacaq. Ehtimal edilən münaqişəyə tərəflərin güc bərabərsizliyi baxımından da nəzər salmaq lazımdır. Azərbaycan aşkar üstünlüyə malikdir. Özü də ermənilər nəzərə almalıdır ki, Bakı aprel savaşında üstünlüyünü göstərib. Yeni döyüşlər olsa, Azərbaycan əldə edilənlərlə kifayətlənməyərək daha böyük ərazilərini azad edəcək”.  Məhz bu şəraitdə İrəvan üçün çıxış dinc yolla münaqişənin həlli istiqamətində müvafiq addımlar atmaqdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər