23/03/2019 01:36
728 x 90

Fransanın Azərbaycanın daxili siyasətinə müdaxiləsi əleyhinə ictimai etirazlar da fəallaşır…

“Fransanın hansısa bir kriminal hadisəyə münasibət bildirməsi, yaxud bəyanatlar verməsi, sözün düzü, riyakarlığın və simasızlığın ən son həddidir”

img

Elçin Mirzəbəyli: “Bu ölkənin insan hüquq və azadlıqlarından hər hansı bir formada danışmağa haqqı yoxdur”

 

Fransa cəmiyyətində, sözün həqiqi mənasında, böyük bir çaxnaşma baş verir. Artıq bir aydan çoxdur ki, “sarı jiletlilər” aksiya keçirir və aksiya iştirakçıları davamlı olaraq Fransa polisinin təzyiqi ilə üzləşir, onların xeyli hissəsi ağır bədən xəsarətləri alıb, bir hissəsi isə həbsə atılıb. El-aləmə “demokratiya” dərsi keçən Fransa hökuməti dinc aksiyaçılara qarşı dünyanın gözü qarşısında sərt divan tutur. Bunun nəticəsində də Fransada insan hüquq və azadlıqları boğulur.

Məlumdur ki, prosesi işıqlandıran jurnalistlər arasında da polis zorakılığına məruz qalanlar var.  Fransa öz daxili problemlərini həll etmək, vətəndaşlarını razı salmaq əvəzinə, diqqəti ölkədə keçirilən aksiyalardan kənarlara yönəltmək məqsədilə başqa dövlətlərin daxili işinə müdaxilə edir.

Məlum olduğu kimi, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezirin Mehman Hüseynovla bağlı Azərbaycanın xarici işlər nazirinə məktub ünvanlayıb. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə yerli  mətbuata “Fransa tərəfinin hazırda ölkəni “sarı jiletlilər” aksiyası bürüdüyü bir vaxtda M.Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir. Ölkədə nümayişçilərə qarşı su şırnaqları, dəyənəklər və digər qeyri-proporsional şiddət növlərindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanıb. Biz ümid edirik ki, Fransada saxlanan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar”- deyə bildirib.

Fransanın M.Hüseynovu “müdafiə” adı altında Azərbaycanın daxili işlərinə qarışmasının yolverilməz olduğunu deyən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, siyasi icmalçı Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə bildirdi ki, Fransa hər zaman ermənipərəst mövqeyi ilə seçilib və bu gün də öz missiyasına “sadiq” qalır. “Bir dövlət başqa bir dövlətlə bağlı hadisəyə münasibət bildirərkən ilk növbədə özünün keçdiyi yola, tarixinə və ən yaxın dövrlərdə özü ilə bağlı hadisələrə diqqət yetirməlidir. Yaxın Şərqdə törətdiyi cinayətlərə görə Fransa bütün bəşəriyyət qarşısında cavab verməli olduğu halda, bu gün həmin ölkənin kimisə nədəsə ittiham etməsi gülünc görünür. Təkcə Liviyada Fransa bombardmançılarının həyata keçirdi aviazərbələr nəticəsində 40 minə yaxın dinc sakin qətlə yetirilib. Bütövlükdə, Fransanın müstəmləkəçilik siyasəti tarixində kütləvi soyqırım aktlarından başlamış, bəşəriyyət əleyhinə ən ağır cinayətlərə qədər rast gəlmək olar. Fransa Minsk Qrupunun həmsədri kimi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırım, etnik təmizləmə aktlarına görə dolayısı ilə məsuliyyət daşıyır. Yəni bu gün BMT qətnamələri icra olunmur, Ermənistana, bu cinayətkar ölkəyə qarşı müvafiq addımlar atılmırsa, hətta Fransanın “kiçik bacı”sı mühafizə, müdafiə, himayə olunursa, əslində, bu, üz qarasıdır. Belə olduğu təqdirdə bu ölkənin insan hüquq və azadlıqlarından hər hansı bir formada danışmağa haqqı yoxdur. Fransada baş verən hadisələri hər kəs görür. Bu günə qədər Fransada etirazçılara qarşı həyata keçirilən zorakılıq tədbirləri bütün dünyanın gözləri qarşısında baş verir. 20-yə yaxın jurnalist təkcə 5 yanvar aksiyasından sonra polisin onlara qarşı ciddi təzyiq göstərməsi və onlara fiziki xəsarət yetirməsi barəsində Fransa məhkəmələrinə şikayət göndərib. Eyni zamanda da Fransada söz və mətbuat azadlığının kobud şəkildə pozulması baş verib. Hökumət bir sıra telekanallara baş verən aksiyaları işıqlandırmağı qadağan edib. Bütün bunların fonunda, Fransanın hansısa bir kriminal hadisəyə münasibət bildirməsi, yaxud bəyanatlar verməsi, sözün düzü, riyakarlığın və simasızlığın ən son həddidir” - deyə E.Mirzəbəyli bildirdi.

İradə SARIYEVA 

Son xəbərlər