23/01/2019 18:36
728 x 90

Emin Hüseynov: “Qardaşım Mehman həbsxanada aclıq edir, süd içir, yoqurd yeyir...”

“Azərbaycan hakimiyyətini ləkələmək üçün istənilən fürsətdən bəhrələnmək istəyirlər”

img

Vüqar Qədirov: “Bu cür davranışların siyasətlə heç bir əlaqəsi yoxdur”

 

Görünən budur ki, həbsdə olan gənc “Facebook” fəalı Mehman Hüseynovun aclıq etməsilə bağlı  yaradılan şounun bitməsi çoxlarına sərf etmir. Ən əsası da onun xaricdə yaşayan və Azərbaycan vətəndaşlığından məhrum edilən qardaşı Emin Hüseynova.

Qardaşının aclıq şousu ilə manipulyasiya edən E.Hüseynov sığındığı Avropa ölkəsindən ABŞ-a yola düşərək, mətbuat konfransının keçirilməsi üçün nəzərdə tutulan bir klubu kirayələyib və başına özü düşüncədə olan bir neçə adamı toplamaqla M.Hüseynov mövzusunda mətbuat konfransı keçirib. Həmin tədbirdə E.Hüseynovla yanaşı, Amerika PEN Klubun rəhbəri Tomas Melia, ABŞ-da çalışan azərbaycanlı jurnalistlər Ələkbər Raufoğlu, Sevinc Osmanqızı, həmçinin, “Amnesty International” təşkilatının nümayəndəsi iştirak ediblər. Ən maraqlısı isə E.Hüseynovun həmin tədbirdəki “çıxışı” olub. Buna çıxış da demək olmaz. Çünki E.Hüseynovun səsləndirdiyi bütün ittihamlar Azərbaycan hakimiyyətinin ünvanına böhtanlardan başqa nəsə olmayıb. Məsələn, E.Hüseynov deyir ki, Mehmanın vəkili Şəhla xanımla danışdım, qardaşım aclığı davam etdirir,  yalnız süd içir və yoqurt yeyir. Emin bunu düşünərək deyirsə, onda yazıq onun halına. Axı hətta onun dediyi kimi olsa belə, Mehman süd içib, yoqurt yeyirsə, bunun harası aclıq oldu? Halbuki,  Mehmanla görüşdən gələn hüquq müdafiəçiləri iddia edirdilər ki, həbsdəki gənc hətta evdən gətirilən dolma yediyini də özü onlara bildirib. Ancaq mədəsini öyrətmək üçün nisbətən yüngül yeməklərə üstünlük verir. E.Hüseynov daha sonra deyir ki, guya onun Bakıda yaşayan atasına da  oğlunu aclıq etmək fikrindən daşındırmaq üçün təzyiqlər olur. Mehman aclığı özü dayandırıb ki, hüquq müdafiəçiləri onun atasının oğluna bir otağın yarısını tutan həcmdə ərzaq, yemək gətirdiyinin şahidi olublar. Axı bir atanı həmin bazarlığı etməyə heç kimi məcbur etməyibsə,  demək ki, ağsaqqal Hüseynov oğlunun aclıq aksiyası keçirmədiyini hamıdan gözəl bilir. E.Hüseynovun bu mövzuda da böhtan danışdığı üzə çıxmış olur. Sonra deyir ki, biz anamızı itirmişik və bu məsələ lazımınca araşdırılmayıb. Qardaşların analarının xəstəlikdən rəhmətə getdiyi bəllidir. Bununla bağlı mediada çoxlu sayda material da dərc olunub. Əgər bir adamın valideyni hansısa kriminal hadisə zəminində və ya onun həyatına sui-qəsdin olması nəticəsində dünyasını dəyişmirsə, öz əcəli ilə haqqa qovuşursa, onun barəsində hansı araşdırma aparılmalıdır? Emin ilk növbədə mənəvi kriteriyaları nəzərə alıb, rəhmətə gedən şəxslərin ruhunu narahat edib, onları siyasi mübarizəyə qatmamalıdır. E.Hüseynov səsləndirdiyi növbəti bir yalanı ilə isə bir acı reallığı etiraf etmiş olub. Deyir ki, Azərbaycandakı başqa “siyasi məhbuslara” qarşı da divan tutulur, ancaq dünyada heç kim buna əhəmiyyət vermir.  Birincisi, Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, ölkədə bir nəfər də olsun “siyasi məhbus” yoxdur, etdikləri cinayət əməllərinə görə cəzaya məhkum olunan şəxslər var. Belə olan halda, E.Hüseynovun hansı “siyasi məhbus”ları nəzərdə tutduğu məlum deyil. Əgər Emin bəyan edirsə ki, bu məsələyə dünyada kimsə reaksiya vermir, deməli, bu, beynəlxalq dairələrin də yalan məlumatlara ciddi yanaşmadığının əlaməti sayıla bilər. E.Hüseynovun ABŞ-dan səsləndirdiyi bu tip yalanlar nəyə hesablana bilər?

Ekspert Vüqar Qədirov  qəzetimizə bildirdi ki, doğrudan da çox acınacaqlı vəziyyət yaranıb: “Əslində, mən E.Hüseynovun halına acıyıram. İnsan siyasi mübarizəni də əxlaq kriteriyalarına uyğun aparar. Öz doğmaları, rəhmətə gedən valideynini buna qatmaz. Üstəlik də yalan danışmaqla. M.Hüseynovun heç bir aclıq aksiyası keçirmədiyi mötəbər dəlillərlə sübut olundu.  Emin süd içməyi, yoqurd yeməyi aclıq sayırsa, onda qoy günləri saymaqda davam etsin. Onun səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Əslində, Mehmanın böyük qardaşı kimi ondan fərqli münasibət gözlənilirdi. İlk olaraq o, qardaşını sağlamlığına ağır zərbə vura biləcək addımlardan çəkindirməli idi. Görünən budur ki, bu dairələr üçün müqəddəs nəsə qalmayıb. Yalnız Azərbaycan hakimiyyətini ləkələmək üçün istənilən fürsətdən bəhrələnmək istəyirlər. Bu cür davranışların siyasətlə heç bir əlaqəsi yoxdur”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər