26/03/2019 23:52
728 x 90

Azərbaycanlı diaspor rəhbərindən gözlənilməz hərəkət – ermənilərə Milad təbriki…

img

Xaricdə fəaliyyət göstərən Azərbaycan diasporuna diqqət çox böyükdür. Çox az ölkə var ki, orada məhz diasporla iş üzrə dövlət qurumları fəaliyyət göstərir. Ölkəmizdə hətta bu adda Dövlət Komitəsi də mövcuddur.

Müstəqillikdən sonrakı dönəmdə Azərbaycan hakimiyyəti xaricdəki soydaşlarımızla işlərin koordinasiyalı səviyyədə qurulması istiqamətində ciddi işlər görüb. Ancaq təəssüflər olsun ki, bəzi soydaşlarımız diaspor nümayəndəsi adı arxasında pərdələnərək, ölkəmizin, millətimizin adına xələl gətirə biləcək fəaliyyət ortaya qoyurlar. Hətta özünü diaspor nümayəndəsi kimi təqdim edən bəzi şəxslərin düşmənimiz olan Ermənistanla da eyni mövqedən çıxış etdiyinin şahidi oluruq. Belələrindən biri də özünü Azərbaycanın Rusiyanın Rostov-Don şəhərindəki diasporunun rəhbəri kimi təqdim edən Vaqif Mustafayevdir. Sosial şəbəkələrdə onun erməni xalqını Milad bayramı münasibətilə bütün azərbaycanlıların adından təbrik etməsinə dair videomaterial yayılıb. Qeyd edək ki, V.Mustafayev ötən ilin oktyabrında da Ermənistana belə bir təbrik yollamış və erməni xalqını müstəqilliklərinin 25 illiyi münasibətilə təbrik etmişdi. Yenə də “bütün azərbaycanlıların” adından.

İki il əvvəl isə yenə də o, Rusiyanın bu regionunun erməniləri tərəfindən təşkil edilmiş tədbirdə iştirak edərək, nitq söyləmişdi. O zaman mətbuat yazırdı ki, “Vaqif Mustafayevin təbriki ermənilərə xüsusilə xoş təsir bağışlayıb”.

V.Mustafayev Azərbaycan ictimaiyyətinin diqqətini ilk dəfə hələ 2015-ci ildə özünə cəlb etmişdi. O vaxt V.Mustafayev Rostov hakimiyyətinin icazəsi olmadan erməni separatçılarının təşkil etdiyi tədbirdə iştirak etmiş və səhnədə “DQR bayrağı” adlanan əski parçasını dalğalandıran qarabağlı rəqqasların çıxışını ayaq üstə alqışlamışdı.

Ən maraqlısı budur ki, V.Mustafayev bu cür əməllərinə rəğmən hələ də Azərbaycan diasporuna rəhbərliyini davam etdirir və “bütün azərbaycanlılar” adından ermənilərə təbriklər göndərir. Rusiyanın Rostov şəhərindəki Azərbaycan diasporunun rəhbəri V.Mustafayevin erməni xalqını bayram münasibətilə təbrik etməsi, özü də bütün azərbaycanlıların adından təbrik etməsi xəbəri olduqca təəssüfləndircidir və hər bir normal azərbaycanlını narahat edir. Amma bir gerçəklik  ortaya çıxır ki, sən demə, diaspor rəhbəri kimi təqdim edilən V. Mustafayevin rəhbərlik etdiyi təşkilatda özündən və milliyyətcə erməni olan həyat yoldaşından başqa kimsə yoxdur. Bəzi mətbuat orqanlarında Azərbaycan diasporu, diaspor liderləri və sair ifadələrlə “zənginləşdirilmiş” informasiyalar yayımlanr ki, yuxarıdakı faktlar arasında aparılan paralelliyə cəhd də bunlardan biridir.

Maraqlıdır, Diasporla İş üzrə Dövlət Komitəsinin bu şəxsin fəaliyyətindən xəbəri varmı?

Komitənin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı “Bakı-Xəbər”in sorğusuna cavab olaraq  bunları bildirdi: “Dövlət Komitəsinin V.Mustafayev adlı adamla nəinki diaspor rəhbəri kimi, heç xaricdə yaşayan bir fərd olaraq da heç bir əlaqəsi mövcud deyil”.

Qeyd edək ki, V.Mustafayevin etdiyi hərəkət Rusiyadakı Azərbaycan diaspor fəallarının ciddi narazılığına səbəb olub. Bu istiqamətdə aparılan müzakirələrdən sonra məlum olub ki, Vaqif Mustafayevin milliyyətcə erməni ailəsi ilə yaxın qohumluq əlaqəsi var, ermənilərin nəzarətində olan şəxsdir. Qeyd olunur ki, o, Rostov şəhərində iri biznesmen olan Artuyun Surmayan tərəfindən idarə olunur və maliyyələşdirilir. Təbii ki, erməninin idarə etdiyi, maliyyələşdirdiyi V.Mustafayev də artıq erməniləşib və onun belə hərəkətləri təəccüb doğurmamalıdır. Ona görə ki, onun yalnız ad və soyadı Azərbaycan dilindədir. Bu baxımdan da belə adamı Azərbaycan diaspor fəalı kimi təqdim etmək lazım deyil. Qoy bu xislətdə olan adam erməniləşmiş fərd olaraq yaddaşlarda qalsın.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər