23/01/2019 18:31
728 x 90

Paşinyan Rusiyanın adamlarını həbsə atdırmaqda bir az da irəli getdi...

img

Ermənistanda Rusiyanın adamı sayılan şəxslərin tədricən sıradan çıxarılması prosesi Moskvada getdikcə daha çox qıcıq yaratmaqdadır. Belə görünür ki, Kremlin bütün xəbərdarlıqlarına baxmayaraq, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyaya yaxın bütün şəxsləri inzibati yolla sıradan çıxarmaqda israrlıdır. Bu ona ölkə daxilində yarana biləcək bütün təhlükələri tam neytrallaşdırmağa imkan verir. 

Məhz belə bir vaxtda bəlli olub ki, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı da 1 mart işi çərçivəsində ittiham irəli sürülüb. “Aykakan jamanak” qəzeti bildirir ki, 2008-ci ilin 1-2 mart hadisələri zamanı Ohanyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi olub və konstitusiya quruluşunun devrilməsində ittiham edilir. Qeyd edək ki, bundan əvvəl Ohanyan mart hadisələri ilə əlaqədar bir neçə dəfə Ermənistanın Xüsusi İstintaq Xidmətində dindirilsə də, ona qarşı ittiham irəli sürülməmişdi. Xatırladaq ki, 2008-ci ildə Seyran Ohanyan Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi vəzifəsində olduğu vaxt martın 1-də aksiya iştirakçıları Serj Sarkisyanın prezident seçilməsinə etiraz edib. İrəvanda polislə aksiya iştirakçıları arasında baş vermiş toqquşma nəticəsində azı 8 nəfər dinc etirazçı qətlə yetirilib, daxili qoşunların 2 əməkdaşı ölüb. Baş verənlərlə bağlı Ermənistanın əvvəlki hökumətləri tərəfindən indiyədək cinayət işi açılmamış və insanların qətlinə görə heç kəs cəzalandırılmamışdı. 
Nikol Paşinyan vəzifəyə gəldikdən sonra mart hadisələrinin istintaqına dair göstəriş verib. Nəticədə Xüsusi İstintaq Qrupu yaradılıb və 2008-ci il fevralın 23-dən martın 2-nə qədər vəzifədə olmuş müdafiə naziri və digər rəsmilərə qarşı cinayət işi qaldırılıb. Mart hadisələrində təqsirləndirilən şəxs qismində sabiq müdafiə naziri Mikael Arutyunyan haqqında axtarış elan edilib. Ermənistanın ikinci prezidenti Robert Köçəryan həbs olunub, KTMT-nin Ermənistandan olan baş katibi Yuri Xaçaturova qarşı isə ittiham irəli sürülüb. Növbə artıq Ohanyana çatıb. Ohanyan özü bu barədə şərh verməkdən imtina edib. Qəzetin əməkdaşı ilə söhbətində o, suala cavab vermək istəmədiyini bildirərək, hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb. Amma artıq məlumdur ki, Ohanyan barəsində istintaq bitənədək Ermənistanı tərk etməməsilə bağlı qərar çıxarılıb. 

Maraqlı məqamlardan biri də budur ki, Rusiyanın tələbələrinə baxmayaraq, İrəvan yuxarıda adalrı çəkilən keçmiş iqtidar mənsublarına qarşı mövqeyini yumşaltmır. Mövzuya növbəti dəfə toxunan Rusiyanın “Kommersant” qəzeti yazır ki, Paşinyan hökumətinin Kremlə yaxınlığı ilə tanınan siyasətçiləri cinayət törətməkdə ittiham etməsi Moskvanın əsəblərini tarıma çəkib: “Vladimir Putinin dostu Robert Köçəryan və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov həbs edildi. İstintaq İrəvanı Moskva ilə üz-üzə qoydu. Kreml KTMT baş katibinə cinayət işi açılmasını ittifaqın imicinə zərbə kimi qiymətləndirdi”. Məqalədə qeyd olunur ki, məhz bu səbəbdən Rusiya və Ermənistan rəhbərlərinin keçən ilin sonunda Moskvada keçirilən görüşü də gərgin olub və hansısa nəticələr əldə olunmayıb: “Vladimir Putin dekabrın 27-də Paşinyanla görüşdü. Lakin bu görüş də məsələni həll etmədi. Tərəflər arasındakı münasibətlərin qarışıq olduğunu sübut edən əsas məsələ isə Vladimir Putinin Robert Köçəryana Yeni il bayramı ilə bağlı təbrik məktubu göndərməsi oldu. Putin həbsdə olan dostundan möhkəm dayanmasını istədi. Qərb Ermənistanda olanlardan məmnun olduğu halda, Rusiya Ermənistanda baş verənləri xəyanət kimi qəbul edir və cavab tədbirləri hazırlayır”.

Bütün bunlar fonunda Rusiyanın Ermənistan iqtisadiyyatındakı mövqelərinin zəiflədəilməsi, bu ölkənin hərbi bazalarının çıxarılmasına dair İrəvanda tələblər artır. Ermənistan Avropa Partiyasının başçısı Tiqran Hzmalyan hesab edir ki, həmin bazalar üzündən Ermənistanı müstəqil ölkə adlandırmaq olmaz: “Çünki onun sərhədlərini Rusiya qoşunları qoruyur, iqtisadiyyatı da Rusiyaya məxsusdur”. Bu bəyanatı Hzmalyan Rusiya Federasiyasının Gümrüdə yerləşən 102-ci hərbi bazasının qarşısında keçirilməsi planlaşdırılan matəm və etiraz aksiyasını şərh edərkən verib. Aksiya yanvarın 12-də, yəni rusiyalı hərbçi Valeri Permyakov tərəfindən Avetisyan ailəsinin qətlə yetirilməsinin 4-cü ildönümündə və ölümündə 102-ci bazanın hərbçisinin ittiham edildiyi Cülyetta Qukasyanın qətlinin 40-cı günündə keçiriləcək. Tiqran Hzmalyan qeyd edir: “Bu cür aksiyalar davamlı olacaq. Biz qarşımıza yalnız Rusiya bazasının Ermənistandan çıxarılması məqsədini deyil, həm də ölkəmizin müstəmləkə vəziyyətindən qurtarılması məqsədini qoymuşuq. Bu isə yalnız 16 mart 1921-ci il tarixli Moskva müqaviləsinin ləğvi ilə ola bilər”.

Ermənistan-Rusiya münasibətlərindən danışarkən Tiqran Hzmalyan bildirib ki, Ermənistan Rusiya tərəfindən işğal edilmiş müstəmləkə ərazidir: “Ermənistan hələ müstəqil və suveren dövlət deyil.  Qəribə də olsa, BMT üzvü olmaq, müstəqillik gününü qeyd etmək və bununla birlikdə müstəmləkə kimi qalmaq mümkündür. İqtisadiyyatın nəhəng bir hissəsi başqa ölkəyə aiddirsə, həmin ölkənin qoşunları sərhəddə durubsa, Ermənistan-Rusiya münasibətlərindən danışmaq ciddi olmaz, bu, təhkimçi, vassal münasibətləridir”. Moskva ilə İrəvanın Ermənistan ərazisində xarici hərbçilərin olmaması barədə hazırladıqları sənəd barədə məlumatı şərh edərək Hzmalyan bunun belə də olacağına ümid etdiyini deyib: “Bu müqavilənin imzalanmasına şad olardım. Hazırda Ermənistanda olan yeganə xarici ordu Rusiya ordusudur”. Erməni mediası yazır ki, əslində, Tiqran Hzmalyan Paşinyanın niyyətini gündəmə gətirir və bunu Moskvada da gözəl başa düşürlər. Elə bu səbəbdən Kremlin İrəvana cavab zərbəsinin çox sərt olacağı gözlənir.

Nahid SALAYEV

Son xəbərlər