23/01/2019 18:26
728 x 90

Azərbaycanın İslam həmrəyliyi siyasətinə ABŞ-dan növbəti yüksək dəstək…

Amerikalı mütəxəssis Piter Teys Azərbaycanın İslam mədəniyyətinin, etnik irsin və yerli memarlığın qorunmasında fundamental rol oynadığını yazıb…

img

İlhamə Qəsəbova: “Bu o deməkdir ki, multikultural bir ölkə olan Azərbaycanda İslam dəyərlərinə, onun unikal irsinə dövlət və ictimaiyyət tərəfindən xüsusi münasibət var”
“Belə olmasaydı, Amerika, Avropa, Rusiyanın nüfuzlu ekspertləri, mütəxəssisləri Azərbaycanda İslam mədəniyyətinin inkişafından ürəkdolusu danışmazdılar”

 

Azərbaycanın İslam mədəniyyətinin inkişafına verdiyi töhfələr artıq beynəlxalq ictimaiyyət tərəfindən də etiraf edilir və dünyanın aparıcı media orqanlarında bu barədə təqdiredici fikirlər yer alır. Şərqlə Qərb mədəniyyətini özündə birləşdirən və çox unikal bir mədəni mühitə sahib olan ölkəmizdə tarixən İslam dəyərlərinin qorunması ənənəsi olub, bu gün də o ənənə davam etdirilir.    

Qlobal siyasət və trans-Atlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys “Eurasia Review” nəşrində çap etdirdiyi məqaləsində bildirib ki, Azərbaycan İslam mədəniyyətinin, etnik irsin və yerli memarlığın qorunmasında fundamental rol oynayıb.  

O vurğulayıb ki, gözəl landşaftlar, heyrətamiz mədəni irs obyektləri və unikal İslam mədəniyyəti obyektləri Azərbaycanın bütün iri şəhər və rayonlarında əsas diqqətəlayiq yerlərdir. O burada xüsusilə Qazax rayonu və Naxçıvan Muxtar Respublikasının xüsusiyyətləri vurğulayıb: “Qazax Norveç və Danimarka kral saraylarını bəzəyən xalçaları ilə məşhurdur. Qazax xalçaları, həmçinin, Amerika, Avropa və Asiyanın muzeylərində, o cümlədən “Ermitaj”, “Metropoliten” muzeyi (Nyu-York), Berlin muzeyi, Budapeşt muzeylərində sərgilənir”.

P.Teys, həmçinin, Naxçıvandakı Əlincə qalası, Nuhun türbəsi, İlandağ və digər diqqətəlayiq yerlərin adını çəkməklə oxucuları heyrətləndirib.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, tanınmış folklorşünas İlhamə Qəsəbova amerikalı mütəxəssisin fikirlərini “Bakı-Xəbər”ə şərh edərkən bildirdi ki, ölkəmiz İslam mədəniyyətinə mənsub olan unikal dəyərlərin qorunmasında müstəsna rol oynayır. Azərbaycanın İslam mədəniyyətinə aid abidələrin inşasında, bərpasında, qorunmasında və təbliğində əsl nümunə göstərdiyini deyən İ.Qəsəbova bu halın beynəlxalq aləmdə də etiraf edilməsinin müsbət əhəmiyyəti olduğunu vurğuladı. “Bu gün Azərbaycanda mədəniyyətlə, humanitar sahə ilə bağlı dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı işlər öz müsbət bəhrəsini verir. Bütün dünya Azərbaycanın gördüyü bu işləri təqdir edir. Azərbaycanda tarixən İslam dəyərlərinə, bu dinə mənsub unikal abidələrə böyük qayğı göstərilib. Ölkəmizin hər yerində İslam mədəniyyətinə aid abidələr var və bu abidələrin böyük əksəriyyəti ümumislam mədəni dəyərlərinin şah əsərləridir. Azərbaycanı tanıyan, onun dəyərlərinə bələd olan hər bir əcnəbi mütəxəssis burada gördüyü mənzərə haqqında daim müsbət rəylər bildirir. Tarixən ölkəmizə gələn xarici səyyahlar da ölkəmizdə mövcud olan abidələr, mədəni dəyərlər haqqında danışıblar, yazıblar. Amerikalı mütəxəssisin də Azərbaycanda mövcud olan İslam dəyərlərinə müsbət qiymət verməsi və “Azərbaycan İslam mədəniyyətinin, etnik irsin və yerli memarlığın qorunmasında fundamental rol oynayıb” fikrini söyləməsi təqdirəlayiqdir. Bu o deməkdir ki, multikultural bir ölkə olan Azərbaycanda İslam dəyərlərinə, onun unikal irsinə dövlət və ictimaiyyət tərəfindən xüsusi münasibət var. Sivilizasiyalararası dialoqun formalaşmasında mühüm rol oynayan ölkəmizin İslam dəyərlərini də yüksək səviyyədə qoruması və təbliğ etməsi artıq dünya üçün bir nümunəyə çevrilib. Azərbaycanda İslama aid abidələr bərpa edilir, yeni məscidlər inşa olunur, müsəlman alimlərinin irsi tədqiq olunaraq nəşr edilir. Azərbaycan xalqı İslam aləminə çox böyük şəxsiyyətlər bəxş edib. O şəxsiyyətlər bu dinin, İslam mədəniyyətinin formalaşmasında önəmli rol oynayıblar. Naxçıvanda İslam mədəniyyətinin çox dəyərli incilərinin olması və bunun xarici ekspertin diqqətindən yayınmaması müsbət haldır. Hazırda Azərbaycan mədəniyyəti, humanitar mühitilə bağlı xarici ölkələrdə kifayət qədər təbliğat həyata keçirilir. Heç şübhəsiz ki, burada UNESCO və ISESCO-nun Azərbaycandakı xoşməramlı səfiri, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın böyük əməyi, rolu var. Bakıda keçirilən müxtəlif humanitar tədbirlərdə, o cümlədən də Beynəlxalq Bakı Humanitar Forumunda İslamın barış, sülh dini olması ilə bağlı səsləndirilən mesajlar da dünya tərəfindən müsbət qarşılanır. Belə olmasaydı, Amerika, Avropa, Rusiyanın nüfuzlu ekspertləri, mütəxəssisləri Azərbaycanda İslam mədəniyyətinin inkişafından ürəkdolusu danışmazdılar” - deyə bildirən İ.Qəsəbovanın sözlərinə görə, Azərbaycanda mövcud olan İslam mədəniyyəti nümunələrinin ISESCO-ya daxil edilməsi də müsbət hal olardı. O hesab edir ki, bu dəyərlər dünyada daha çox təbliğ olunmalıdır. Bundan başqa, mütəxəssis qeyd etdi ki, biz işğal altında olan ərazilərimizdəki İslam mədəniyyəti abidələrinin də təbliğatını daha da gücləndirməliyik. O abidələri ermənilər tərəfindən talan edildiyini deyən folklorşünasın fikrincə, bu təbliğatla erməni vandalizmini bir daha dünyaya bəyan edə bilərik.

İradə SARIYEVA 

Son xəbərlər