23/01/2019 18:32
728 x 90

Azərbaycanın Seçki Məcəlləsində edilmiş son dəyişiklikləri zəruri edən amillər...

“Ölkəmiz inkişaf etdikcə, seçki sistemi də onunla paralel şəkildə irəliləməlidir”

img

Məhərrəm Zülfüqarlı: “... bütün dəyişikliklər seçki prosesinin daha da  təkmil olmasına hesablanıb”

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Sənədə əsasən, Seçki Məcəlləsində 178.1-ci maddə yeni redaksiyada verilib.

Sənədlə Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, 7 il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur və s. kimi qeydlər var. Məcəlləyə edilən dəyişikliklər maddələr üzrə təqdim olunduğu üçün konkret nələrin dəyişdiyi və bu dəyişikliyin hansı əhəmiyyətə malik olacağı ilə bağlı ətraflı məlumat almaq üçün sözügedən sahənin mütəxəsisləri ilə söhbətləşmək qərarına gəldik.

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyası (AVCİA) seçki qərərgahının rəhbəri Məhərrəm Zülfuqarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada Məcəlləyə olunan hansısa kardinal dəyişikliklərdən söhbət getmir: “ Bilirsiniz ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra ölkəmizdə seçki sistemi və digər qanunvericilik aktlarının zaman-zaman təkmilləşdirilməsi prosesi həyata keçirilir. Biz bu istiqamətdə Venesiya Komissiyası ilə sıx əməkdaşlıq etmişik. Onların bir sıra tövsiyələri nəzərə alınmaqla Seçki Məcəlləmiz qəbul edilib. Bundan sonra zaman-zaman həmin Məcəlləyə dəyişikliklərin olunması zərurəti ortaya çıxıb. Dəyişikliklərin edilməsində biz Qərb standartları və başqa inkişaf etmiş ölkələrin təcrübəsindən geniş şəkildə istifadə edirik. Çox qəribədir ki, hətta bir də görürsən məhz həmin dairələr Azərbaycandakı seçki mühitini qərəzli olaraq tənqid edirlər. Məsələn, Ermənistanda keçirilən son seçkilər ərəfəsində onlar Venesiya Komissiyasının heç bir tövsiyəsini nəzərə almadı. Buna baxmayaraq, biz Ermənistanın elə də ciddi tənqid edildiyinin şahidi olmadıq”.

Məhərrəm Zülfuqarlının sözlərinə görə, Azərbaycan seçki kampaniyasının müddətinin azaldılması ilə bağlı qəbul etdiyi qərardan sonra da ciddi tənqidlərə məruz qaldı:“Amma ən maraqlı olan bu idi ki, bizi tənqid edən ölkələrin özündə həmin müddət Azərbaycandan az idi. Əsas məsələ budur ki, Azərbaycan öz doğru bildiyi şəkildə öz qanunvericiliyini təkmilləşdirir və bütün sağlam tövsiyələri də qəbul edir.  Prezidentin Seçki Məcəlləsinə  dəyişiklik etməsi ilə bağlı qanun da bu qəbildəndir. Ən əsası isə həmin dəyişikliklər bu il keçirilməsi nəzərdə tutulan bələdiyyə, gələn il isə keçiriləcək parlament seçkilərinin daha da təkmilləşməsi və şəffaf  keçirilməsi üçün nəzərdə tutulub. Hətta mediada belə müzakirələr aparılır ki, parlament seçkiləri növbədənkənar da keçirilə bilər.  Bütün bunlar Seçki Məcəlləsinin bir qədər də yenilənməsini zəruri edib. Çünki ölkəmiz inkişaf etdikcə, seçki sistemi də onunla paralel şəkildə irələləməlidir. Bu baxımdan da ölkə başçısının imzaladığı qanunu  yüksək dəyərləndiririk. Çünki edilən bütün dəyişikliklər seçki prosesinin daha da təkmil olmasına hesablanıb. Ordan irəli gələn yeniliklərlə biz növbəti seçkilərin gedişində daha ətraflı tanış olacağıq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər