26/03/2019 23:56
728 x 90

Mehman Hüseynov ailəlikcə necə təqib olunur ki, onun polisdə 20 il stajı olan mayor qardaşı var...

img

Artıq bir neçə gündür ki, həbsdə olan bloger Mehman Hüseynov ətrafında yaradılan süni ajiotajdakı dinamika tamamilə sönmək üzrədir.

Xüsusilə də bir qrup QHT rəhbərinin cəzaçəkmə müəssisəsində M.Hüseynovla canlı təmasda olması və həmin görüntüləri  blogerin istəyinə uyğun olaraq ictimailəşdirməsi bəzi radikal qüvvələrin məkrli niyyətlərinin reallaşmasına imkan vermədi. Kənardan edilən müşahidələr göstərirdi ki, ölkənin daxilində və xaricində olan şəbəkə üzvlərinin başlıca ümidləri M.Hüseynovun fiziki ölümünə körüklənmişdi. Bütün planlar buna uyğun qurulurdu. Hətta onlar tərəfindən yayılan dezinformasiyaların məğzi də Mehmanın guya hər dəqiqə ölə biləcəyinə hesablanırdı. M.Hüseynov mövzusunda ən çox manipulyasiya edənlərdən biri də onun xaricdə yaşayan Emin adlı qardaşıdır. QHT rəhbərləri Mehmanın aclıq etmədiyinə dair mötəbər dəlilləri cəmiyyətə təqdim etməsindən sonra sanki ilk məyus olan onun xaricdəki qardaşı Emin oldu. Əslində, o, buna birinci sevinməli idi ki, özündən kiçik olan qardaşı sağ-salamatdır, heç bir aksiya keçirmir. Ancaq təəssüflər olsun ki, biz tamamilə fərqli mənzərəni seyr etmiş olduq. Emin Hüseynov açıqlama verərək bildirdi ki, Mehman aclığı tam dayandırmayıb, sadəcə, bəzi qidaları qəbul edir. Gərək ki, kifayət qədər yaşı və həyat təcrübəsi olan  E.Hüseynov dieta saxlamaqla aclıq aksiyası arasındakı fərqin motivinə vardıqdan sonra bu açıqlamanı verərdi. Bir müddət əvvəl Emin və Mehmanın anası Allahın rəhmətinə getdi. Həmin vaxt Mehmanı da həbsxanadan buraxdılar ki, anasının yas mərasimində iştirak etsin. Əslində, hakimiyyətin bu jestinə təşəkkür etmək əvəzinə, Emin “mənim anamı da bu hakimiyyət öldürdü, o, demokratiya şəhididir” kimi ifadə işlətdi. Həmin dəqiqə məlum oldu ki, Emin hakimiyyəti şərləmək istəyir. Çünki onun mərhum anası öz əcəli ilə dünyasını dəyişmişdi. Yəqin ki, həmin sözlərdən sonra bəziləri hətta təsir altına düşüb Eminə inana da bilmişdi. Çünki sadə “obıvatel” fikirləşə bilərdi ki, hakimiyyət deyəsən bu ailə ilə doğrudan yola getmir. Bir oğul xaricə gedib və vətəndaşlıqdan məhrum olunub, digəri isə cəza çəkir. Düşünə bilərdilər ki, bəlkə də Eminin anası ilə bağlı səsləndirdiyi fikirlərdə hardasa  həqiqət payı var. M.Hüseynovun ailəsi ilə bağlı məsələyə onu ziyarət edən ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədovun müsahibəsilə tanış olandan sonra toxunmağı zəruri saydıq. Yoxsa, buna heç lüzum da görməzdik. Doğrusu, Sahib müəllimin M.Hüseynovla bağlı verdiyi müsahibədki maraqlı bir məqam bizi də təəccübləndirdi. Sitat: “...Mehman dedi ki, qardaşım Eminlə yanaşı, başqa qardaşım da var, onun Azərbaycanın hüquq-mühafizə orqanlarında mayor rütbəsində 20 ildir stajı var, qardaşımın məsələyə nə dəxli var... Bu barədə bizə danışdı, heç mən bilmirdim ki, onun Azərbaycanın hüquq-mühafizə orqanlarında çalışan rütbəli qardaşı var”.

Ortaya çox maraqlı bir fakt çıxır və əminik ki, bunu çoxları bilmirdi. Sən demə, Emin və Mehman kimi hakimiyyəti sərt tənqid edən şəxslərin hüquq-mühafizə orqanlarında xidmət edən, mayor rütbəsinə çatmış qardaşları da varmış. Bu, Azərbaycanda əsl demokratiyanın olmasının nümunəsi kimi qəbul edilə bilər. Çünki digər qardaşlarının radikal mövqeyinə baxmayaraq, həmin mayora hakimiyyət tərəfindən heç bir təzyiq göstərilməyib ki, o, bu rütbəyə kimi yüksələ bilib. Bu faktın özü M.Hüseynovun ölümü üzərində siyasətlərini qurmağa çalışan daxili və xarici dairələrə sus demək üçün ən gözəl vasitədir. Əgər həbsdə olan bir adamı anası rəhmətə gedəndə onun yasına buraxırlarsa, iki qardaşının siyasi mövqeyindən asılı olmayaraq, digər qardaşının mayor olmasına maneçilik  törətmirləsə, demək, bu hakimiyyət Hüseynovlar ailəsi ilə heç bir düşmənçilik aparmır. Yetər ki, Hüseynov qardaşlarının özləri bu faktı görüb, bir az obyektiv olsunlar.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər