23/01/2019 18:32
728 x 90

Azərbaycanın əleyhinə radikal şəbəkə üzvləri ilə birləşmiş bəzi beynəlxalq dairələr ölkəmizin nailiyyətlərindən niyə çəkinir…

“Ölkənin xaricindəki radikalları guya dissident kimi gözə soxub Azərbaycana qarşı növbəti təzyiq rıçaqları yaratmaq istəyirlər”

img

Rauf Zeyni: “Bu planların heç biri Azərbaycanı inkişafından və müstəqil siyasətindən döndərə bilməyəcək”

 

Son vaxtlar bəzi Qərb ölkələri və Avropanın bir sıra təşkilatları Azərbaycana qarşı insan haqlarının pozulması, söz və mətbuat azadlığının boğulması ilə bağlı ittihamlar irəli sürürlər. Təbii ki, bunlar Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən qarayaxma kampaniyası kimi qiymətləndirilir.

Ekspertlər isə deyirlər ki, adlarını insan haqları, hüquq müdafiəçisi qoymuş həmin təşkilatlar Qərb ölkələrində, Avropada bu cür hüquq pozuntuları olanda göz yumur, Azərbaycana gələndə isə xırda çatışmazlıqdan böyük problem yaratmaq üçün canfəşanlıq edirlər. Bu isə, ən yaxşı halda, ikili standart, ən pis halda isə, ölkəmizə qarşı şər və böhtan kampaniyasıdır.

Xatirinizdədirsə, bir müddət əvvəl Fransada “sarı jiletlilər” hərəkatının dinc aksiyaları amansızlıqla yatırıldı. Xəsarət alanlar oldu. Nümayişçilərə qarşı zor tətbiq edildi. Yüzlərlə insan hökumətin hüquq-mühafizə orqanlarına sərt xəbərdarlıqlarından sonra dəmir barmaqlıqlar arasına göndərildi. Amma nə “Freedom House”, nə Avropa Şurası, nə də başqa beynəlxalq təşkilatlar hər hansı bir bəyanat yaymadılar. Bir sözlə, adlarını insan hüquq və azadlıqlarının keşikçisi qoymuş bu təşkilatlar rəsmi Parisə “gözün üstə qaşın var” demədilər.

Hiss edilir ki, Azərbaycana qarşı deyilən siyasəti həyata keçirən dairələr, eyni zamanda, Azərbaycanın müstəqil siyasətindən və dinamik iqtisadi inkişafından da ciddi narahat olurlar. Məhz bunun nəticəsidir ki, həmin dairələr Azərbaycanın daxilində və xaricində  hakimiyyətə qarşı radikal mövqə sərgiləyən şəxslərə müəyyən dəstək verirlər. Bunun səbəbini nə ilə izah edə bilərik?

Milli QHT Forumunun prezidenti Rauf Zeyninin sözlərinə görə, son illərdə ölkəmizin əldə etdiyi iqtisadi uğurlar, ordumuzun güclənməsi, düşmən üzərində üstünlüyü, müstəqil xarici siyasət kursu həyata keçirməyimiz bəzi anti-Azərbaycan dairələrində qıcıq doğurmağa başlayıb: “Bunu aydın şəkildə sezmək mümkündür. Ölkəmizin cənab Prezidentin rəhbərliyi ilə qazandığı nailiyyətləri gözləri götürmür. Bununla əlaqədar olaraq Azərbaycanın uğurlarına qısqanclıqla yanaşdıqlarını göstərirlər. Bizə qarşı ikili standartlarla yanaşırlar. Azərbaycanın iqtisadi uğurlarına, beynəlxalq arenada artan nüfuzuna, istiqlaliyyətimizə qarşı təhdid metodları tətbiq etməyə çalışırlar. Ona görə də Avropa İttifaqına da, bəzi beynəlxalq təşkilatlara da bizim qeyri-hökumət təşkilatları tərəfindən həmin ikili standartlara, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması, eləcə də münaqişənin ədalətli həlli ilə bağlı ardıcıl olaraq bəyanatlar göndərilib. Bütün bu proseslər diqqətimizdə, nəzərimizdədir. Bizim qeyri-hökumət təşkilatlarımız bu məsələlərlə bağlı adekvat bəyanatlar verirlər”.

Rauf Zeyninin sözlərinə görə, biz ölkə olaraq bu istiqamətdə kifayət qədər təcrübə əldə etmişik: “Avropa Oyunlarından tutmuş, ölkəmizdə beynəlxalq tədbirlər keçirilən ərəfədə həmin anti-Azərbaycan qüvvələrin qarayaxmasının şahidi olmuşuq. Azərbaycanda “insan hüquqlarının pozulması”, “birgə toplaşmaq azadlığının olmaması”, “söz azadlığının pozulması” kimi böhtan xarakterli bəyanatlara qarşı “Freedom House” təşkilatından tutmuş, Avropa Şurası, Avropa İttifaqı kimi təşkilatlara rəsmi müraciətlər olunub. Elektron poçtlarına məktublar göndərilib. 30 ildən çoxdur işğalçı Ermənistanın BMT-nin qətnamələrini icra etməməsi ilə bağlı adıçəkilən təşkilata, ABŞ-ın Azərbaycanın başı üzərindən qanunsuz yardımların göstərilməsi ilə bağlı Birləşmiş Ştatlara və digər beynəlxalq təşkilatlara etirazlar etmişik. Biz ölkəmizə qarşı aparılan bu çirkin kampaniyalara vətəndaş cəmiyyəti, QHT-lər adından etirazlarımızı bildirmişik. Bu gün də işimizi bu istiqamətdə qurmuşuq. Yenə də etirazlarımızı bildirməkdəyik. Hesab edirəm ki, onlar ölkə daxilindəki bəzi radikallara dəstək verməklə özləri üçün “5-ci kolon” formalaşdırırlar. Ölkənin xaricindəki radikalları isə guya dissident kimi gözə soxub Azərbaycana qarşı növbəti təzyiq rıçaqları yaratmaq istəyirlər. Amma sizi əmin edirəm ki, bu planların heç biri Azərbaycanı inkişafından və müstəqil siyasətindən döndərə bilməyəcək”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər