23/01/2019 18:29
728 x 90

Makron jurnalistlərə divan tutur, baxan yoxdur...

“Beynəlxalq media qurumlarının hamısı Avropa dövlətlərində yaranan, həmin dövlətlərin idarə etdiyi və alətə çevirdiyi təşkilatlardır”

img

Şakir Ağayev: “Fransa kimi dövlətlərdə jurnalistlər döyülürsə, onlara xəsarət yetirilirsə, həmin təşkilatlar susmağa üstünlük verirlər”

 

Fransada baş verən son olaylar zamanı yalnız etirazçılar deyil, jurnalistlər də polis zorakılığına məruz qalıblar. Prosesi işıqlandıran zaman bir neçə jurnalist xəsarət alıb, təzyiqlə üzləşib. Lakin indiyə qədər həmin jurnalistlərlə bağlı beynəlxalq media təşkilatları hər hansı bir bəyanat yaymayıblar, Fransa polisinin döyərək xəsarət yetirdiyi fransalı jurnalistlərin hüquqlarını müdafiə etməyiblər.

Halbuki, beynəlxalq media təşkilatları fransalı jurnalistlərin döyülməsinə, xəsarət almasına öz etiraz səsini ucaltmalı və hadisələri törədənlərə qarşı sərt addımlar atılmasını tələb etməli idi. Ancaq gördüyümüz kimi, bu qurumlar ağızlarına su alıb susurlar. Ancaq bu hadisə Azərbaycanda, yaxud hansısa qeyri-Avropa dövlətində baş versəydi, həmin qurumlar dərhal reaksiya verər və hadisəni dünya ilə bir edərdilər.

“Novaya vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, beynəlxalq media qurumlarının fransalı jurnalistlərin taleyinə biganə qalması müsbət hal deyil. O hesab edir ki, bu gün dünyanın aparıcı jurnalist müdafiə təşkilatlarının əksəriyyəti Avropa dövlətləri tərəfindən təsis edildiyi üçün, onlar mənsub olduqları hökumətin maraqlarına xidmət edirlər. “Bilirsiniz ki, Azərbaycanda və digər kiçik dövlətlərdə jurnalistlərlə bağlı hər hansı bir kiçik hadisə baş verəndə həmin təşkilatlar dərhal reaksiya verirlər. Yəqin ki, “Sərhədsiz Reportyorlar” təşkilatı Fransada  yerləşdiyindən xəbəriniz var. Həmin dövlətlər jurnalistlərə münasibətdə də ikili standartlardan yanaşırlar. Onlar kiçik dövlətlərə təzyiq göstərmək, onlara müəyyən məsələləri diqtə etmək üçün beynəlxalq media qurumlarından istifadə edərək bəyan edirlər ki, sizin ölkədə jurnalistlərin hüquqları tapdalanır. Ancaq Fransa kimi dövlətlərdə jurnalistlər döyülürsə, onlara xəsarət yetirilirsə, həmin təşkilatlar susmağa üstünlük verirlər. Fransa Avropanın aparıcı dövlətidir və təbii ki, nə Avropa Birliyi, nə də beynəlxalq media qurumları Fransa əleyhinə bəyanat verməyəcək, fikir bildirməyəcək. Beynəlxalq media qurumlarının hamısı Avropa dövlətlərində yaranan, həmin dövlətlərin idarə etdiyi və alətə çevirdiyi təşkilatlardır. Buna görə Avropa dövlətlərinin ortaya atdığı “demokratiya” məfhumu da onların ikili yanaşmasından irəli gələn məsələdir. Dünyanın harasında olmasından asılı olmayaraq, jurnalistlərə qarşı heç vaxt ayrıseçkilik edilməməlidir”.

İradə SARIYEVA

Son xəbərlər