26/03/2019 23:57
728 x 90

2019-cu ildə Ermənistanla Rusiyanın yeni gərginlik ehtimalı media gündəmini tutub

“Düşünürəm ki, Qərblə Rusiya arasında Ermənistan uğrunda geosiyasi mübarizə kəskinləşəcək”

img

Elşən Manafov: “Rusiya Ermənistanın daha çox vassal dövlət olaraq qalmasında maraqlıdır”

 

Postsovet məkanı Rusiyanın mütəmadi problemlər yaşadığı əsas məkanlardan olaraq qalır. Ötən il də hamı bunun şahidi oldu – Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus bu sırada liderlik edir. Hər ölkə ilə ayrılıqda Kremlin müxtəlif sərtlik formasında münaqişəsi yaşanır.

Rusiyanın “Kommersant” nəşri yazır ki, 2019-cu ildə bu beş dövlətlə münasibətlərdə yeni qalmaqallar olması qaçılmazdır. Ən ciddi gərginliyin Ermənistanla yaşanacağı gözlənir: “Məxməri inqilab” yolu ilə Serj Sarkisyanı devirən Nikol Paşinyanın əsas dayağı küçə oldu. Ölkə hüdudlarından kənarda heç kimin tanımadığı bu şəxs küçədən aldığı dəstəklə Yerevan meri vəzifəsinə öz adamını təyin etməyə, sonra isə növbədənkənar parlament seçkilərinin qalibi olmağa müvəffəq oldu. Paşinyanın müəllifi olduğu inqilab dünya ölkələrini xəritədə Ermənistanın yerini axtarıb tapmağa və orada nələrin baş verdiyini anlamağa vadar etdi”.

Qəzet yazır ki, Ermənistandakı hakimiyyət dəyişikliyini daha çox Qərbdə yüksək qiymətləndirdilər. Qərblə yanaşı, Rusiya üçün də Paşinyan ötən ilin əsas siyasətçilərindən birinə çevrildi. Düzdür, demokratiyanın burada rolu yoxdur. Rusiya hakimiyyət orqanları erməni inqilabı və onun liderinin fəaliyyətinə ehtiyatla yanaşırdılar.

Müəllif yazır ki, sonrakı mərhələdə proseslər Rusiyanın əleyhinə işləməyə başladı. Paşinyan baş nazir kürsüsünə qədəm qoyduqdan sonra Moskva üçün əlverişsiz sürprizlər başladı.

Onu da qeyd edək ki, adının çəkilməsini istəməyən və erməni istiqaməti ilə məşğul olan rusiyalı məmurlardan biri erməni lideri dövlətlərarası münasibətlərə bazar elementləri gətirən biri kimi xarakterizə edib.

Ermənistanı bu il hansı sürprizlərin gözləyəcəyi maraq doğurur. Çünki Paşinyan olduqca ziddiyyətli siyasət yeridir. Bu da onun üçün yaxşı perspektiv vəd etmir.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbərlə” bölüşən politoloq Elşən Manafovun sözlərinə görə, Paşinyanın iqtidara gəlməsindən sonra verdiyi açıqlamalar, bəyanatlar onu göstərir ki, Ermənistandakı iqtidar perspektivdə Rusiya ilə münasibətlərin formatına və xarakterinə yenidən baxmaq fikrindədir: “Mahiyyət etibarilə Ermənistan bu formatda Rusiya ilə münasibətləri saxlasa, onun perspektiv baxımdan ciddi inkişaf imkanları olmayacaq. Çünki Rusiya Ermənistanın daha çox vassal dövlət olaraq qalmasında maraqlıdır. Rusiya imperiyası da tarixən bu kontekstdə ermənilərə yanaşıb. Bunu Ermənistanın indiki iqtidarı da gözəl anlayır. Başa düşürlər ki, Qərblə münasibətlərə yeni impuls vermədən bu ölkənin inkişafı mümkün deyil. Xüsusən də Qərbin maliyyə institutları Ermənistan üçün vacib əhəmiyyət kəsb edir. Yəni ciddi maliyyə dəstəyi almadan Paşinyan iqtidarı seçicilərə verdiyi vədlərin həyata keçirilməsi və layihələrin reallaşdırılması ilə bağlı məsələlərdə ciddi bir dönüşə nail ola bilməyəcək. Ona görə də Ermənistandakı hazırkı iqtidar seçim qarşısındadır. Bu seçim də Rusiya ilə münasibətləri saxlamaq şərtilə, daha çox Qərbə meyl etməyi özündə ehtiva edir. Ancaq bu cür siyasətin Rusiya tərəfindən nə dərəcədə təmkinlə qarşılanacağı sual altındadır. Çünki Ermənistan Qərblə yaxınlaşdıqca, onun təhlükəsizlik sisteminə inteqrasiyası ilə bağlı məsələlər də gündəmə gələcək. Mən NATO-nu nəzərdə tuturam. Bu isə KTMT-də təmsil olunan Ermənistanı ciddi dilemma qarşısında qoyacaq. Rusiya bunu çətin ki, həzm etsin. Bu da, öz növbəsində, iki ölkə arasında münasibətlərin gərginləşməsinə rəvac verəcək. Nəzərə almaq lazımdır ki, Qərb Rusiyanın bölgədə təsir dairəsini daraltmağa çalışır. Bu mənada, gedən proseslər Rusiyanı narahat edir. Düşünürəm ki, Qərblə Rusiya arasında Ermənistan uğrunda geosiyasi mübarizə kəskinləşəcək. Putin kəşfiyyatçı olduğu üçün, yaxşı bilir ki, Ermənistana belə bir imkan verilsə, bu ölkə Kremldən uzaqlaşacaq. Ancaq nəzərə almaq lazımdır ki, Rusiya istəsə, süni şəkildə də belə vəziyyət yarada bilər. O məqsədlə ki, ölkədə vəziyyəti gərginləşdirib “Qarabağ klanını” yenidən hakimiyyətə gətirsin. Çünki bu klanın ciddi maliyyə imkanları, orduya təsir imkanları var. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistanda hərbi bazaları var. Ona görə də müəyyən gərginliklərin olacağı gözlənir”.

Vidadi ORDAHALLI

Son xəbərlər