26/03/2019 23:56
728 x 90

Gürcüstandan böyük erməni köçü – Ermənistandan başqa hər yerə gedirlər...

“Maraqlıdır ki, müxtəlif ölkələrdən, o cümlədən də Gürcüstandan köçən erməni ailələrinin heç biri Ermənistana üz tutmur”

img

Qasım Hacıyev: “Erməni ailələrinin Gürcüstanın bəzi ərazilərindən, o cümlədən də onlara heç bir aidiyyəti olmayan Samtsxe Cavaxetiya bölgəsindən köçüb getməsi ilə bağlı yayılan xəbərlər...”

 

İki əsrə yaxındır ermənilər Qafqazın “qara yarasına” çevrilib. Azərbaycan torpaqlarını qəsb etməklə kifayətlənməyən ermənilər digər respublikalara qarşı da ərazi iddiaları qaldırırlar. Məlumdur ki, uzun illərdir ermənilər Gürcüstanın  Samtsxe Cavaxetiya (Ahısqa) bölgəsinə iddia edirlər. Əvvəllər bu iddialar üstüörtülü şəkildə irəli sürülsə də, son zamanlar açıq müstəvidə gündəmə gətirilib. Ermənilərin iddia etdiyi bu ərazi isə tarixi türk torpaqlarıdır və Ahısqa türklərinin vətənidir.

Tarixdən bilirik ki, rus-türk müharibələri nəticəsində zaman-zaman türk torpaqlarının böyük bir hissəsi Rusiya imperiyasının tərkibinə daxil olub. Bu ərazilərdə yaşayan yerli türklər də rus əsarətinə məruz qalıblar. Ruslar tərəfindən zəbt edilən bölgələrdən biri də Adıgön-Ahısqa (Axıska və Axalkələk) ərazisidir ki, o, 1829-cu ildə “Ədirnə müqaviləsi” ilə Osmanlı dövlətindən qoparılıb Rusiya İmperatorluğuna ilhaq edildi. Söhbət bundan gedir ki, sözügedən ərazinin tarixi sahibi türklərdir. Ermənilər də harada türk ərazisi varsa, ora iddia etməkdən əl çəkmirlər.

Ermənilər Gürcüstanda bu dövlətin ərazi bütövlüyü üçün ciddi problemə çevriliblər. Türkiyədən, Rusiyadan, Azərbaycandan, İrandan, eləcə də digər ölkələrdən ərazi qoparmaq niyyətini gizlətməyən ermənilərin Gürcüstan ərazisindəki torpaqlara iddia etməsi Gürcüstan dövləti və gürcü xalqı tərəfindən etirazla qarşılanır. Məlumatlara görə, artıq Gürcüstanda ermənilərə münasibət birmənalı deyil. Günü-gündən ərazi iddiaları genişlənən ermənilər burada artıq milli-etnik zəmində qarşıdurmalar da yaranmasına səbəb olan addımlar atırlar. Gürcülər özləri onları milli ayrıseçkilikdə günahlandırır və bu da ermənilərə qarşı mənfi münasibət formalaşdırır. Mətbuatda yer alan fikirlərə görə, zamanla etnik nifaqların salınmasında təqsirli bilinən ermənilər ailəlikcə Gürcüstandan köçüb getmək məcburiyyətində qalırlar. Məlumatlara görə, son illər xeyli sayda erməni ailəsi Gürcüstanı tərk edərək müxtəlif xarici ölkələrə, eləcə də Rusiyaya gedib. İlbəil Gürcüstanda ermənilərin sayının azaldığı bildirilir. Məsələ burasındadır ki, bu gün Avropanın özündə də ermənilərə qarşı birmənalı münasibət yoxdur. Hətta bir müddət əvvəl erməni mətbuatı yazırdı ki, ermənilər törətdikləri pis əməllərə, cinayətlərə görə Avropadan deportasiya edilə bilərlər. Baxın, bu gün dünya ölkələri erməniləri öz içindən kənara atmaq istəyirlər. Çünki onlar dünyanın hər yerində fəsad törətməklə məşğul olurlar.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərin Gürcüstanın müxtəlif ərazilərindən köç etməsinin günahkarı Gürcüstan dövləti yox, elə ermənilərin özləridir. Bəzi erməni ideoloqlarının Ahısqanın “erməni ərazisi” olduğunu iddia etməsi, hətta orada “Erməni Cavaxk Respublikası” yaradılması ideyasını ortaya atması faktdır. O qeyd etdi ki, lakin Gürcüstan dövlətinin reaksiyası nəticəsində ermənilərin bu planları iflasa uğradı. Q.Hacıyevin sözlərinə görə, xeyli müddət əvvəl bəzi erməni başbilənləri Samtsxe-Cavaxetiyanın erməni əhalisini  hakimiyyətdən muxtariyyət tələb etməyə də çağırıblar. Hər zaman separatizmə meyl göstərən ermənilərin hər zaman ictimai-siyasi vəziyyəti gərginləşdirmək niyyətində olduqlarını deyən Q.Hacıyev bildirdi ki, ermənilər Gürcüstan dövlətini beynəlxalq qurumlar qarşısında da biabır etməkdən çəkinmirlər. “Ümumiyyətlə, ermənilərlə gürcülərin siyasi münasibətlərini təhlil etdikdə görürük ki, ermənilər azərbaycanlılara və digər xalqlara xəyanət etdikləri kimi, gürcülərə də ediblər. Gürcüstanla Ermənistan diplomatik danışıqlar aparıb iqtisadi müqavilələr bağlamaq istəyirlər, lakin məsələ siyasi müstəviyə gəldikdə, ermənilər həmişə xəyanətkar mövqe tuturlar. Ermənilərin Gürcüstana qarşı olan ərazi iddiaları heç vaxt gürcülərlə münasibətlərinin yaxşılaşmasına imkan vermir. Verə də bilməz. Ermənilərin iddialarına və xəyanətlərinə rəğmən, gürcülər hələ onlarla loyal davranır, onlar hətta Gürcüstan vasitəsilə Şimali Qafqaza, Rusiyaya çıxa bilirlər. Ermənilər Samtsxe Cavaxetiya bölgəsində özbaşınalıqlar edir, qarşıdurmalar yaradırlar. Həmin bölgənin onlara “məxsus” olduğunu iddia edərək Gürcüstanı beynəlxalq təşkilatlar qarşısında pis vəziyyətdə qoyurlar. Heç şübhəsiz ki, Gürcüstanda ermənilərin törətdikləri neqtiv hadisələrə gürcülərin sərt reaksiyası tam təbiidir. Çünki buna ermənilər özləri zəmin yaratmışdı. Erməni ailələrinin Gürcüstanın bəzi ərazilərindən, o cümlədən də onlara heç bir aidiyyəti olmayan Samtsxe Cavaxetiya bölgəsindən köçüb getməsi ilə bağlı yayılan xəbərlər gözlənilən idi. Ermənilər Gürcüstanda özbaşınalıq edirlərsə, Gürcüstan dövləti bunu nəzərə almalı və bununla bağlı ölçü götürməlidir”-deyə Q.Hacıyev bildirdi.

Q.Hacıyevin sözlərinə görə, bu gün Gürcüstandan və başqa ölkələrdən mədəni şəkildə qovulan ermənilər Ermənistana deyil, başqa ölkələrə, xüsusən də Rusiyaya üz tuturlar. Q.Hacıyevin bildirdiyinə görə, bu gün reallıqda Ermənistanın 1 milyon yarım əhalisi var. “Bu gün Ermənistan əhalisinin sayı azalıb. Hesablamalara görə, hazırda burada 1 milyon yarım insan yaşayır. Ermənistanda qeydiyyatda olan insanların isə böyük əksəriyyəti xaricdə, Rusiyada yaşayan ermənilərdir ki, onlar həm də bu ölkədə qeydiyyatdadırlar. Gürcüstandan köçən erməni ailələrinin sayı haqqında hələ rəsmi statistika mövcud deyil. Amma onlar köçürlər. Maraqlıdır ki, müxtəlif ölkələrdən, o cümlədən də Gürcüstandan köçən erməni ailələrinin heç biri Ermənistana üz tutmur, onlar başqa ölkələrə gedirlər. Bilirlər ki, Ermənistana avantürist birisi rəhbərlik edir və bu ölkə aclıqdan, yoxsulluqdan çökür” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA 

Son xəbərlər