23/01/2019 18:31
728 x 90

Azərbaycanın böyük qaz kəmərinin İtaliyada son 55 kilometrlik hissəsinə start verildi...

Avroparlament xəbərdarlıq etdi, ABŞ iki böyük Avropa şirkətini sanksiya ilə hədələdi

img

Azərbaycan qazının Avropaya çatdırılması üçün əsas layihələrdən biri sayılan “Transadriatik” qaz kəməri (TAP) ilə bağlı İtaliyada növbəti mühüm addım atılır. Belə ki, cari il yanvarın 12-də İtaliyada TAP kəmərinin qəbuledici terminalını “Snam Rete” qaz şəbəkəsinə birləşdirəcək interkonnektor qaz xəttinin tikintisinə start verilir.  

Azərbaycan təbii qazının Avropaya nəqlini həyata keçirəcək TAP layihəsinin səhmdarlarından olan “Snam” şirkəti yanvarın 12-dən başlayaraq bir həftə ərzində tikintiyə hazırlıq işləri ilə məşğul olacaq. Şirkətin məlumatına görə, interkonnektor qaz xəttinin tikintisinə isə cari ilin fevral-mart aylarında start verilməsi nəzərdə tutulur. “Snam-TAP” layihəsi üzrə 55 kilometrlik interkonnektor qaz xəttinin çəkilməsi nəzərdə tutulur. Bir daha qeyd edək ki, ümumi dəyəri 4,5 milyard avro olan TAP “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard kubmetr qazın nəqli nəzərdə tutulur, sonrakı illərdə bu həcm artırıla bilər. Ekspertlər bildirir ki, bununla Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində bütün maneələr aradan qalxır. Bütün bunlar o vaxt baş verir ki, Rusiya qazının Avropaya çatdırılması istiqamətində problemlərin artması müşahidə olunur. Belə ki, Avropa Parlamenti Rusiyanın Avropaya yeni xətlə qaz verilişini dayandırmaq üçün "Şimal axını-2” layihəsinin bağlanması tələbilə qətnamə qəbul edib. Qətnamənin mətnində deyilir ki, layihə siyasi yönlüdür və Avropanın təhlükəsizliyi üçün təhdid mənbəyidir: “Şimal axını-2” layihəsi Avropanın təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyası üçün təhdid yaradır. Avropa Parlamenti bu layihənin ləğv edilməsini tələb edir”.

Belə bir vaxtda Almaniyanın “Handelsblatt” qəzetinin yazdığına görə, ABŞ hökuməti “Şimal axını-2” layihəsində iştirak edən şirkətlərə sanksiyalar tətbiq etməyə hazırlaşır.  Birləşmiş Ştatların Almaniyadakı səfiri Riçard Qrenell bəyan edib ki, bu layihəni icra edən Avropa şirkətləri təhlükə altındadır, çünki Vaşinqton istənilən vaxt bu addımı ata bilər. Qeyd olunur ki, Vaşinqton Baltik dənizi ilə boru kəmərinin çəkilməsini həyata keçirən iki şirkətə sanksiya tətbiq etməyə hazırlaşır. Almaniya federal hökumətindəki mənbələrdən qəzetə məlumat veriblər ki, İsveçrənin “Allseas Group” və İtaliyanın “Saipem” şirkətləri Ağ Evin sanksiyasına məruz qala bilər.

Qeyd edək ki, ümumilikdə 9,5 milyard dollara başa gələcək 1220 kilometr uzunluğa malik “Şimal axını-2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr təbii qaz nəql edəcək. Amma ABŞ və Avropada “Şimal axını-2”yə qarşı atılan addımlar onun reallaşmasını əngəlləyir. Məhz bu vəziyyətdə Britaniyanın “The Economist” nəşri yazır ki, Azərbaycandan Avropaya uzanan qaz kəmərinin reallaşması uğurla həyata keçir. “The Economist” onu da vurğulayır ki, Avropa İttifaqı liderləri uzun müddət digər qaz mənbələrini nəzərdən keçiriblər, məsələn, Amerikanın mayeləşdirilmiş təbii qazı kimi, lakin bu da baha başa gəlir: “Ötən il Avropa İttifaqı ölkələri Rusiyadan rekord səviyyədə qaz idxal edib. Amma avropalı siyasətçilər Rusiya qazını Baltik dənizinin dibilə Almaniyaya daşıyacaq kəmər olan “Şimal axını-2”  layihəsindən də əndişələrini bildiriblər. Avropa Parlamenti qətnamə qəbul edərək təhlükəsizlik səbəbilə bu layihəni dayandırmağa çağırıb. Ancaq “Şimal axını-2” indi Avropa üçün mühüm bir variantdır. Məsələn, bu günlərdə İtaliya hakimiyyəti “Cənub Qaz Dəhlizi”nin son hissəsinin tikintisini təsdiqləyib. Bu layihə Xəzər regionundan qazın Avropaya daşınmasını nəzərdə tutur. Layihənin 75 faizindən çoxu artıq hazırdır, fəhlələr hazırda onu Adriatik dənizinin dibindən İtaliyaya uzadırlar. Hər şey plan üzrə getsə, 40 milyard dollarlıq layihə çərçivəsində Azərbaycan qazının qərbi Avropaya idxalı 2020-ci ildən başlaya bilər. Avropa Komissiyası ilkin olaraq kəmərin İrandan, ya da Türkmənistandan çəkilməsini təklif edirdi. Amma İran sanksiyalar altındadır, Türkmənistan isə qazının çoxunu Çinə satır…“Cənub Qaz Dəhlizi”nin gücü ilə 16 milyard kubmetr qazdır”. Qeyd olunur ki, perspektivdə bu ötürücülük həcminin daha da aratması gözlənir və bu da Avropa üçün “Cənub Qaz Dəhlizi”nin əhəmiyytəini artırır. “The Economist”  yazır ki, elə layihənin tərəfdarları da ixracı ikiqat artıra biləcəklərini deyirlər, əsasən də Türkmənistanın bura qoşulması ilə. Sadəcə, bunun üçün Xəzərin dibindən keçəcək yeni infrastruktur tələb olunur. Amma istənilən halda, “Cənub Qaz Dəhlizi” Avropa üçün böyük əhəmiyyət kəsb edir.

Nahid SALAYEV

Son xəbərlər