23/01/2019 18:38
728 x 90

Valdayçı Yevseyevdən gülünc ermənipərəstlik – “Qarabağsız Ermənistanın ərazi bütövlüyü pozular”

“Yevseyev Qarabağ kartından istifadə edərək Ermənistandakı yeni hakimiyyəti şantaj edir”

img

Məhəmməd Əsədullazadə: “Məhz bu ölkənin hərbi imkanları hesabına Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozaraq torpaqlarının 20 faizini işğal edib”

 

Ənənəvi olaraq erməniləin maraqlarını müdafiə etməsi və Azərbaycana qarşı çıxışları ilə tanınan, tez-tez Rusiyanın mərkəzi telekanallarının efirində görünən rusiyalı ekspert, MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev növbət dəfə öz “ənənəsinə” sadiq qalıb. O, “Moskovskiy komsomolets” qəzetinə müsahibəsində bildirib ki, Ermənistanın indiki hakimiyyəti Rusiyanı ciddi narahat edir.

Yevseyevə görə, Rusiyanı narahat edən həm də budur ki, növbədənkənar parlament seçkilərindən sonra Ermənistan parlamenti bütünlüklə Paşinyanın partiyasından və onu dəstəkləyən qüvvələrdən təşkil olunub. Onun fikrincə, belə vəziyyətdə Ermənistanda yenidən inqilab baş verə və Paşinyanın yerinə daha radikal adamlar gələ bilər: “Bax, Rusiyanı narahat edən budur. Üstəlik, bu, Paşinyanın əhali arasında populyarlığının sosial-iqtisadi problemlərin daha da dərinləşməsi üzündən azalması fonunda baş verir”.

Rusiyalı ekspertə görə, belə vəziyyətdə ermənilər Qarabağı əldən verə bilərlər. Çünki Gürcüstan və Ermənistandakı proseslərlə müqayisədə Azərbaycan “sabitlik adasıdır” və açıq-aşkar Qarabağı geri qaytarmaq planları qurur.

Yevseyev deyir ki, Ermənistanda hazırda ABŞ və Böyük Britaniya çox yüksək fəallıq göstərir. Bunun özü də neqativ amildir: “Neqativdir ona görə yox ki, biz həmin dövlətlərlə Ermənistanda rəqabət aparırıq. Ona görə ki, Rusiya ilə hərbi əməkdaşlığın zəifləməsi Ermənistanın ərazi bütövlüyünü şübhə altında qoyur. Təəssüf ki, indiki hakimiyyət bunu dərk etmir. Mən hələ Dağlıq Qarabağda vəziyyətin destabilizasiyası cəhdlərini demirəm, bu cəhdlər Qarabağın bütünlüklə itirilməsinə gətirib çıxara bilər”.

Necə deyərlər, Yevseyev əməllicə ermənilərin əvəzindən Qarabağa görə ciddi narahatlığını ifadə edib. Söhbət Qarabağın itirilməsi təhlükəsindən gedirsə, hansı ərazi bütövlüyündən söhbət gedə bilər? Dağlıq Qarabağın Ermənistanın ərazi bütövlüyünə nə aidiyyəti var?

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Yevseyev bununla açıq-aşkar göstərmiş oldu ki, Rusiya hesabına Ermənistan Azərbaycan ərazilərini işğal edib və bu günə qədər işğalçılıq siyasətini davam etdirir: “Ermənistan Rusiyanın forpostu olaraq, regionda destabilizasiya siyasəti aparıb. Məhz bu ölkənin hərbi imkanları hesabına Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozaraq torpaqlarının 20 faizini işğal edib. “Qarabağ klanı”nın hakimiyyətdə olduğu bir dönəmdə Ermənistan Rusiyadan tam asılı vəziyyətə düşdü. Hətta quberniyası kimi Kreml tərəfindən idarə olundu. Ermənistanda baş verən inqilabdan sonra Rusiya ilə əlaqələr kəskinləşib. Yevseyev də bundan bərk narahatdır. Məgər Azərbaycan Ermənistanın ərazisinə iddia edir? Yevseyev nədən narahatdır? Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi deyil. Sadəcə, Yevseyev Qarabağ kartından istifadə edərək Ermənistandakı yeni hakimiyyəti şantaj edir. Bu fonda, Kreml silah yardımını dayandırmaq mesajı ilə Ermənistanı təhdid edir. Həqiqətən də Rusiyanın hərbi dəstəyilə bu günə kimi Ermənistan işğalı davam etdirir. Hesab edirəm ki, Rusiya bu ölkəyə silah yardımını dayandırarsa, bu ölkə öz işğalçı siyasətindən əl çəkər. Rusiyanın hakimiyyətinə yaxın ekspertlərin fikirləri elədir ki, həqiqətən Rusiyanın hərbi yardımı olmasa, işğal davam edə bilməz. İrəvanın apardığı siyasət Moskvanın narahatlığını artırır. Bir müddət sonra Rusiya bu ölkəyə silah satışında qiymətləri qaldıra bilər. Bu da Ermənistanın maliyyə imkanlarına cavab vermir. Belə olan təqdirdə, Ermənistanın zəifləməsi qaçılmaz ola bilər. Hesab edirəm ki, Rusiya ilə Ermənistan arasında ziddiyyətlər dərinləşəcək. İl ərzində problemlər iki ölkəni üz-üzə qoyacaq”.

Vidadi ORDAHALLI

Son xəbərlər