26/03/2019 23:51
728 x 90

Avropa mətbuatı da Fransada baş verən anti-insani zorakılıqlara laqeyd qaldı

“Populyar xarici nəşrlər Fransada baş verən etiraz aksiyası zamanı yüzlərlə insanın həbs edilməsini gündəmə gətirsələr…”

img

Akif Nağı: “Həmin qəzetlər o hadisələr zamanı həbs edilənlərin siyasi məhbus olduğunu yazmırlar, halbuki, o insanlar siyasi məhbusdurlar”

 

Son həftələr Fransada kütləvi etiraz aksiyalarının keçirilməsi və bu aksiyalar zamanı Fransa polisinin etirazçılara qarşı sərt tədbirlər görməsi faktları diqqət çəkir. İndiyə qədər 4 min nəfərdən artıq etirazçı həbsə atılıb, onlar arasında ciddi xəsarət alanlar və həyatını itirənlər də var. Fransa hökuməti etirazçılara qarşı daha sərt tədbirlərin görülməli olduğunu bəyan edir və bununla bağlı qanun qəbul ediləcəyini qeyd edir.

Fransada dinc əhaliyə qarşı baş verən polis zorakılığı bütün dünyanın gözləri qarşısında baş verir. Maraqlıdır ki, indiyə qədər heç bir beynəlxalq təşkilat etiraz səsini qaldırmayıb, eləcə də dünyanın aparıcı media orqanları Fransada baş verən qanlı olayları tirajlamayıb. Dünyanın populyar nəşrləri olan “Vaşinqton post”, “Qardian” və başqa media orqanları Fransadakı hadisələri görməzdən gəlir və bu məsələ haqda bəhs etmirlər. Halbuki, Azərbaycanda ən kiçik bir məişət hadisəsini belə manşetə çevirən adını çəkdiyimiz və çəkmədiyimiz dünyanın populyar nəşrləri Fransa məsələsində susurlar. Azərbaycana yanaşmada ikili standart sərgiləyən tanınmış media orqanları, sözün həqiqi mənasında, insan haqlarının pozulduğu Fransada baş verənləri gündəmə gətirmir və bununla da tərəfkeşlik nümayiş etdirirlər.

Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Avropa dövlətlərində son illər insan hüquq və azadlıqlarının pozulması halları, vətəndaşlara qarşı zorakılıq faktları artsa da, dünyanın nüfuzlu sayılan nəşrləri bu məsələni böyütmək istəmirlər. O qeyd etdi ki, bu media orqanları o hadisələrin üzərindən sükutla keçirlər. Azərbaycana münasibətdə həmişə ikili yanaşma olduğunu deyən A.Nağı bildirdi ki, dünyaya “demokratiya, insan haqları” haqqında dərs keçmək istəyənlərin, əslində, özlərində bu problem daha ciddidir: “Dünyanın tanınan nəşrlərinin Fransada həftələrdir yaşanan etiraz olayına susqunluqla yanaşması o nəşrlərin tutduğu mövqe ilə bağlıdır. “İnsan haqları”, “siyasi məhbus” və s. məsələlər Qərb ölkələri üçün başqa dövlətlərə təzyiq vasitəsidir. Bu o anlamı daşımır ki, bu dövlətlər Azərbaycana qarşı bu tezisləri irəli sürməklə hansısa münasibətləri normallaşdırmaq məqsədi güdürlər. Onlar heç də başqa dövlətlərdə vəziyyətin yaxşılaşdırılmasına çalışmırlar. Sadəcə, o vasitələrdən alət kimi istifadə edirlər. Fransada baş verən etiraz aksiyaları zamanı yüzlərlə insan həbs olunub və o nəşrlər bu barədə yazmaq istəmirlər. Həmin qəzetlər o hadisələr zamanı həbs edilənlərin siyasi məhbus olduğunu yazmırlar, halbuki, o insanlar siyasi məhbusdurlar. Çünki Fransa küçələrinə, meydanlarına çıxıb etiraz edən insanlar siyasi məsələlərin gedişində həbs olunublar. Azərbaycanda adi bir məsələyə görə kimsə həbs olıundusa, o saat onu xarici mətbuat və beynəlxalq qurumlar “siyasi məhbus” kimi qələmə verərək onun həbsini şişirdirlər. Bu da sözsüz ki, onların bizə ikili standartlarla yanaşmasından xəbər verir. Populyar xarici nəşrlər Fransada baş verən etiraz aksiyası zamanı yüzlərlə insanın həbs edilməsini gündəmə gətirsələr, birbaşa Avropa ölkələrində insan haqlarının pozulmasını, insan hüquq və azadlıqlarının boğulmasını etiraf etməli olacaqlar” - deyə A.Nağı qeyd etdi.

A.Nağı hesab edir ki, Fransada demokratiyanın bu dərəcədə pozulmasına göz yuman məşhur nəşrlər, əslində, bununla həm də qeyri-obyektiv mövqe tutduqlarını ortaya qoyurlar. 

İradə SARIYEVA

Son xəbərlər