26/03/2019 23:54
728 x 90

Radikal qrupların Mehmanın işini siyasiləşdirərək siyasi dividend götürmək taktikası baş tutmadı

“Onlar öz fəaliyyətlərini yalnız başqalarının fəlakətləri üzərində qurmağa çalışırlar”

img

Əliməmməd Nuriyev: “Mehman Hüseynov ətrafında siyasi şou yaratmaq partiyalara hörmət gətirmir”

 

Son vaxtlar müşahidələr göstərir ki, bəzi siyasi partiyalar bloger Mehman Hüseynov ətrafında süni ajiotaj yaradaraq bundan öz maraqları naminə dividend götürmək istəyirlər. Halbuki, M.Hüseynov siyasi fiqur deyil, fəaliyyəti dövründə siyasətlə məşğul olmayıb.

O, sadəcə, sıradan bir boger olub. Onun barəsində açılan cinayət işi də konkret siyasi fəaliyyətlə bağlı olmayıb. Bəzi siyasi partiyaların bu məsələdə göstərdikləri canfəşanlıq, süni ajiotaj yaratmaq cəhdi gülüş doğurur. Ən azından ona görə ki, M.Hüseynov məsələsini ölkənin aparıcı hüquq müdafiəçiləri diqqət mərkəzində saxlayır. Onların M.Hüseynovla görüşməsi göstərdi ki, ortada narahatlığa səbəb olan hər hansı ciddi bir problem yoxdur. Saxta profillər üzərindən yazılanlar həqiqəti əks etdirmir. Neçə illərdir öz fəaliyyətində uğur əldə edə bilməyən, siyasi fəaliyyətlərini gücləndirməyə nail olmayan partiyalar özlərinə aid olmayan sahələrə müdaxilə edirlər. Yaxşı olardı ki, cəmiyyətdə sosial dayaqlarını itirən partiyalar bu haqda fikirləşsinlər və siyasi fəaliyyətlərini buna uyğun qursunlar. Onlar bu barədə düşünmək və öz məsuliyyətlərini dərk etmək əvəzinə, tamamilə kənar məsələləri bir alət kimi istifadə etməyə çalışırlar. Ancaq bu da onlara hansısa hörmət gətirmir. Əksinə, həmin partiyaların siyasi arenada fiaskoya uğramasını sürətləndirir. Baxmayaraq ki, neçə illərdir siyasi fiaskoya uğrayıblar. Müxtəlif çağırışlar etsələr də, cəmiyyət onlara ehtimad göstərmir. O baxımdan bu cür ucuz vasitələrlə siyasi dividendlər əldə etmək mümkün deyil.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əlimmməd Nuriyevin sözlərinə görə, bir çox siyasi partiya, bəzi siyasi dəllallar birbaşa funksional vəzifələrini icra etmək əvəzinə, bu cür ucuz üsullara əl atırlar: “Ona görə bunu edirlər ki, öz sahələrində hər hansı uğur əldə etmək imkanlarına malik deyillər. Çünki onlar öz fəaliyyətlərini yalnız başqalarının fəlakətləri üzərində qurmağa çalışırlar ki, bu minvalla daha irəliləsinlər, bununla cəmiyyətdə bir uğur qazansınlar. Ona görə də bir çox hallarda belə xarakterli “bəyanatlar” görürük. Əlbəttə, insan hüquq və azadlıqlarının qorunması bizim konstitusion platformamızdır. Yəni hər kəs bu proseslərdə iştirak edə bilər. Ancaq hər şeydən əvvəl həm də təqsirsizlik prizumpsiyası, qanunun aliliyi deyilən bir məsələ var. Bu və ya digər məsələlərdə, əlbəttə ki, özünə xas olmayan fəaliyyətləri həyata keçirməyə cəhd etmək, başqalarının səlahiyyətlərinə aid olan məsələlərə o səlahiyyətlərlə bağlı müdaxilə etmək qanunun aliliyinə ziddir. Eyni zamanda, burada yalnız və yalnız siyasi dividendlər əldə etmək, siyasi xalturaraya nail olmaq məqsədləri var. Bununla bəzi partiyalar beynəlxalq təşkilatların gözündə guya hansısa fəaliyyətlə məşğul olduqlarını sübut etmək istəyirlər. Ancaq yaxşı olardı ki, birbaşa funksional vəzifələrini icra etsinlər və cəmiyyət arasında hörmət qazansınlar. Yaxud da siyasi partiya olaraq seçkidə hər hansı uğur qazanmağa cəhd etsinlər. Partiya üzvləri qarşısında öhdəlikləri icra etsinlər. Onlar bunu etmək əvəzinə, başqa işlərlə məşğul olurlar. Bəzi siyasi partiyalar həm də buna bir yaşamaq vasitəsi kimi baxırlar. Çünki bu onlar üçün böyük bir biznesdir. Bu vasitə ilə bəzi mərkəzlərin tapşırıqlarını yerinə yetirirlər. Bununla vəsait əldə edirlər. Bax, budur onların fəaliyyəti. Ona görə yaxşı olardı ki, hər kəs öz işi ilə məşğul olsun. M.Hüseynov ətrafında siyasi şou yaratmaq partiyalara hörmət gətirmir. Əksinə, onları daha da hörmətdən salır”.

Vidadi ORDAHALLI

Son xəbərlər