23/01/2019 18:30
728 x 90

Mehmanın yalan çıxmış quru aclıq xəbərini isterik bəyanatla qarşılayan bəzi beynəlxalq dairələr Azərbaycandan hələ üzr istəməyib…

“Mehman Hüseynov olayı həmin şəbəkənin Azərbaycan qarşısında növbəti iflası oldu”

img

Yeganə Hacıyeva: “Onlar mütləq şəkildə yaydıqları yalanlara görə Azərbaycan xalqından üzr istəməlidirlər”

 

Həbsdə olan videobloger Mehman Hüseynovun ona qarşı yeni ittiham irəli sürüləndən sonra aclıq aksiyasına başlaması ilə bağlı sosial şəbəkələrdə bir neçə gün müzakirələr aparıldı. Xarici ölkələrdəki anti-Azərbaycan qüvvələri ilə bağlı olan ölkədaxili şəbəkə blogerin aclıq etdiyini və hər an ölə biləcəyi xəbəri üzərindən siyasi manipulyasiyalar edirdilər.

Maraqlıdır ki, onlar məqsədli və böhtandan ibarət olan bu kampaniyaya xaricdəki havadarlarını da cəlb edə bilmişdilər. Həmin beynəlxalq dairələr və onların təsiri altına düşən media nümunələri məsələnin kökünü araşdırmadan M.Hüseynovun “ölüm aclığı” keçirdiyinə dair dezinformasiya tirajlayırdılar. Prosesə hətta ölkənin bəzi radikal müxalif partiyaları da qoşuldu. Sanki bir gəncin “ölə biləcəyi” ilə bağlı yaranan vəziyyət onların mübarizəsinə əlavə stimul vermişdi. Xəbər yayılandan dərhal sonra Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov açıqlamasında həmin məlumatın doğru olmadığını bildirdi: “M.Hüseynov qida da, su da qəbul edir. Yaxınları ilə telefon vasitəsilə əlaqə də saxlayır. O, aclıq aksiyası keçirmir. Səhhəti də normaldır, qanunla nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir”.

Məlum şəbəkə buna da qane olmayaraq, öz yalanlarını yaymaqla məşğul idi. Yanvarın 8-də bir qrup QHT rəhbəri M.Hüseynovla cəzaçəkmə müəssisəsində görüşdü və  blogerin razılığı ilə həmin anların fotoları sosial şəbəkələrdə yayıldı. Fotolara nəzər salan bütün insanlarda M.Hüseynovun gümrah olduğu qənaəti yarandı. Çünki olduqca sağlam təsir bağışlayırdı. Görüşdə iştirak edən QHT rəhbəri Sahib Məmmədov bildirdi ki, M.Hüseynov aclıq keçirmədiyi ilə bağlı akta qol çəkib: "M.Hüseynovla saat yarım çay süfrəsi arxasında müzakirə apardıq. Duru yeməklər, şorba, yoqurt, kəsmik qəbul edir. Deyir ki, mədəmi qıcıqlandırmaq istəmirəm, ona görə yeməkləri elə seçir ki, qıcıq verməsin. Aclığı dayandırması ilə bağlı imza atdığı aktı da gördüm". M.Hüseynovun son görüntüləri və onunla görüşən müstəqil QHT rəhbərlərinin açıqlamalarından sonra məlum oldu ki, məsələyə qərəzli reaksiya verən beynəlxalq qurumlar nədənsə susmağa üstünlük verirlər. Bir sözlə, yalanlarının tam ifşası onları yalnız susmağa vadar edib. Bu kifayətdirmi? Təbii ki, yox. Çünki bütün dünyanı aldatdıqları üçün onlar, ən azından, Azərbaycan xalqı və hakimiyyətindən üzr istəməlidirlər. Nədənsə biz belə jestləri müşahidə etmirik. Bir neşə gün ərzində dünyaya yalan məlumat verən həmin beynəlxalq təsisatların üzr və başqa jestlərlə yanlışlığı aradan qaldırmaları zəruridirmi?

Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirdi ki, bütün dünayada müxalifət əlinə düşən istənilən imkandan təbliğat vasitəsi kimi istifadə etməyə çalışır: “Azərbaycanda isə müxalifət, əksinə olaraq, əlinə düşən istənilən imkanı öz təbliğatları üçün deyil, hökumətin tənqidinə və təhqirinə səfərbər edir. Bu isə məntiqi nəticə olaraq cəmiyyətdə onlara qarşı onsuz da az olan güvən və inam limitini yox edir. Eyni hal M.Hüseynov olayı ilə də bağlı baş verdi. Penitensiar Xidmətin açıqladığı rəsmi məlumatlara görə, M.Hüseynov aclıq aksiyası elan etmiş və bir gün sonra isə aclığı dayandırıb. Bu rəsmi məlumatlar təcridxanada M.Hüseynovla görüşən Ombudsman, QHT nümayəndələrı və hüquq müdafiəçiləri tərəfindən təsdiqləndi.

Lakin bir həftəyə yaxın bu olayın üzərindən daxildə müxalifət, xaricdə beynəlxalq təşkilatlarda şəbəkələşmiş anti-Azərbaycan dairələri Azərbaycan hökumətinə çağırış və etiraz aksiyaları təşkil etdilər.

Ümumiyyətlə, M.Hüseynovla bağlı bu aksiyanın istər daxili, istərsə də xaricdə sosial və digər  mediada ictimai lobbiçiliyini aparanlara diqqət yetirmək kifayətdir ki, baş verənlərin daha öncələr də Azərbaycana qarşı fəaliyyət göstərən şəbəkənin həyata keçirdiyi növbəti qərəzli layihə olması aydın hiss edilsin. Baş verənləri hamımız izlədik, mən məsələnin görsənməyən tərəfləri haqqında danışmaq istəyirəm.

Aydın oldu ki, hələ bir neçə ay öncə səfirlikdə oğurlanaraq, qəddarcasına öldürülən jurnalist Kaşıqçının qətlinə susan və ya aylar sonra normativ xarakterli reaksiya verən beynəlxalq dairələr Azərbaycanda həbsxanada olan məhbusun iradəsinə zidd olaraq, üzərində oynanılan yalançı aclıq aksiyasına ani reaksiya verdilər. Məntiqi sual yaranır: bu operativliyin səbəbi nədir və ya bir jurnalistin səfirlikdən oğurlanaraq doğranması bir blogerin “fake” aclıq aksiyasından az əhəmiyyətli hadisədir? Ən əsası, beynəlxalq təşkilatların, insan haqları komissarının hadisələrə yanaşmalarını hansı kriteriyalara uyğun müəyyənləşdirirlər?”

Ekspertin sözlərinə görə, istər daxildə müxalifət, istərsə də xaricdəki müxalif qüvvələr və ya  beynəlxalq təşkilatlarda şəbəkə Azərbaycanda bir məhbusu onun iradəsinə zidd olaraq siyasi məqsədlərlə istifadə ediblər: “Bu məsələnin siyasi tərəfi idi. Məsələnin hüquqi tərəfi ondan ibarətdir ki, M.Hüseynovla bağlı baş verənlər hüquqi proseslərdir və bu məsələlər cağırış, etiraz bəyanatları və s. ilə həll olunmayacaq, hüquqi prosedurlarla nizamlanacaq bir məsələlərdir. Biz isə onun şahidi olduq ki, xaricdə müxtəlif şübhəli dairələr, beynəlxalq təşkilatlardakı şəbəkələr  siyasi bəyanatlarla hüquqi məsələlərə təsir etmək məqsədini güdürlər. Məsələn, məsələnin məğzini bilməyən, reallıqda nə baş verdiyini araşdırmağa ehtiyac belə duymayan ABŞ senatoru Rubio siyasi bəyanatla davam etməkdə olan hüquqi proseslərə müdaxilə etmək istəyir. Məntiqi  sual yaranır: senator Rubio öz ölkəsində bunu edə bilirmi? Əlbəttə xeyr!

Bu misalı digər çağırışçılara da tətbiq edə bilərik. Ümumiyyətlə isə, beynəlxalq təşkilatlarda uzun illərdir təhrif olunmuş informasiyalar əsasında qərəz və təzyiq kampaniyalarının aparılması təcrübəsinin şahidiyik. Belə kampaniyaların sazişlər, xüsusi siyasi tədbirlər, seçkilər öncəsi aparılması bu layihələrin məgzindən xəbər verir.

Eyni şəbəkənin bundan öncəki aktivləşməsinin hansı ərəfələrə təsadüf etməsinə kiçik bir diqqət yetirsək, əslində, bu fəaliyyətin arxasında nələrin həyata keçirilməsi aydın olur” .

Ekspertin sözlərinə görə, biz eyni şəbəkənin Azərbaycanın Avropa İttifaqı ilə "Yeni Qonşuluq Siyasəti" Proqramına daxil olması ərəfəsi, Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planının qəbul olunması zamanı, Azərbaycanla Avropa İttifaqı arasında “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanması zamanı, Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişi imzalanması ərəfəsi çoxsaylı anti-Azərbaycan layihələri həyata keçirməsinin şahidi olmuşuq: “Bu layihənin də bu il yanvarın sonu Brüsseldə Aİ-Azərbaycan dialoqunun növbəti raunduna yaxın baş verməsi də məsələnin siyasi tərəfindən xəbər verir. Nəzərə alsaq ki, bu il Avropa İttifaqı və Azərbaycan arasında Tərəfdaşlıq Sazişi haqqında danışıqların yekunlaşması və sazişin imzalanması nəzərdə tutulur, onda biz bu il anti-Azərbaycan şəbəkəsinin bu tip aksiyalarının çox olacağını təxmin edə bilərik. M.Hüseynov olayı həmin şəbəkənin Azərbaycan qarşısında növbəti iflası oldu. Onlar mütləq şəkildə yaydıqları yalanlara görə Azərbaycan xalqından üzr istəməlidirlər, amma görünən budur ki, belə fikirləri yoxdur”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər