23/01/2019 18:35
728 x 90

Baş Qərargah rəisi atəşkəsi məhz Ermənistan ordusunun pozduğunu dolayı etiraf və faş etdi...

“Bu yerdəyişmədən əvvəl də həmin istiqamətdə ermənilərin daim atəşkəs rejimini pozduqlarına dair faktlar mövcud olub”

img

Daşdəmir Əliyev: “Bununla erməni tərəfi atəşkəsin məhz onlar tərəfindən pozulduğunu təsdiqləmiş olub”

 

Ermənistan Müdafiə Nazirliyinin mərkəzi çağırış məntəqəsində jurnalistlərlə görüşü zamanı Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin bəzi bölmələrinin Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa istiqamətlərində Sərhəd Qoşunlarının bölmələri ilə əvəz edilməsi situasiyaya hər hansı təsir etməyib.

Davtyanın dediyinə görə Azərbaycanın Sərhəd Qoşunlarının bölmələrinin həmin istiqamətdə yerləşdirilməsindən sonra vəziyyət nə mənfi, nə də müsbət istiqamətdə dəyişməyib. O, prosesin “birtərəfli” olduğunu, Ermənistan silahlı qüvvələrinin bölmələrinin həmin istiqamətdə öz vəzifələrini yerinə yetirməkdə davam etdiyini deyib. Bununla belə, Davtyan qeyd edib ki, erməni tərəfi sərhədlərin müəyyənləşdirilməsinə, habelə sərhəddə birgə xidmətin təşkil olunmasına dair Azərbaycanla mümkün danışıqları alqışlayardı.

Göründüyü kimi, qərargah rəisi deyilən istiqamətdə atəşkəs rejiminə riayət olunmadığını qeyd edir. Eyni zamanda, vurğulayır ki, Ermənistan silahlı qüvvələrinin bölmələri həmin istiqamətdə öz vəzifələrini yerinə yetirməkdə davam edirlər. Bu, faktiki olaraq, erməni generalın atəşkəsin məhz onlar tərəfindən pozulduğunu etiraf etməsi anlamına gəlir. Çünki bundan əvvəl həmin istiqamətdə aparılan monitorinqlər də təsdiq edirdi ki, atəşkəs mütəmadi olaraq erməni silahlı qüvvələri tərəfindən pozulub. Qərargah rəsisi onlara məxsus silahlı qüvvələrin öz işlərini davam etdirdiyini etiraf edir. Onun bu açıqlamasından daha hansı nəticələri çıxara bilərik?

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə bildirdi ki,  Sərhəd Qoşunlarının Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətindən keçən hissəsində yerləşdirildiyini Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev ötən ilin sonlarında açıqlayıb: “Məlum oldu ki, Ali Baş Komandan İlham Əliyevin əmri ilə sərhədin  həmin istiqamətindəki döyüş postları Sərhəd Qoşunlarına təhvil verilib. Müdafiə Nazirliyinin bölmələri isə daha intensiv təlim-məşq hazırlığı və ehtiyat qüvvələrin yaradılması məqsədilə geri çəkilib. Erməni qərargah rəisinin bu yerdəyişməyə xüsusi diqqət edərək, atəşəks rejiminin həmin ərazidə qorunub saxlanmadığını deməsi, hətta erməni silahlı birləşmələrinin əvvəlki qaydada xidmət apardıqlarına dair etirafı bizə yönəlik bir hədə kimi də qarşılana bilər. Çünki bu yerdəyişmədən əvvəl də həmin istiqamətdə ermənilərin daim atəşkəs rejimini pozduqlarına dair faktlar mövcud olub. Bununla erməni tərəfi atəşkəsin məhz onlar tərəfindən pozulduğunu təsdiqləmiş olub. Eyni zamanda, demək istəyiblər ki, atəşkəsi pozmaqda, provokasiya törətməkdə davam edəcəklər. Bir faktı da qeyd edim ki, həmin ərazilərdən ordu qüvvələri tam geri çəkilməyib. Sadəcə, həmin mövqeləri Sərhəd Qoşunlarına təhvil verərək, qış planına uyğun nisbətən arxadakı təlimlərə cəlb ediliblər. Ermənilər bir şeyi də yadlarında saxlasınlar ki, bizim sərhədçilərin maddi-texniki təminatı çox müasirdir və orada baş verə biləcək istənilən təxribatın qarşısını almaq gücündədirlər. Qərargah rəisinin həmin açıqlamasında başqa bir sərsəm fikir də var. Deyir ki, bizimlə sərhədlərin müəyyənləşməsi istiqamətində danışıqlar aparmağa da hazırdırlar. Biz onlarla hansı sərhədi müəyyənləşdirməliyik? Ermənistanla Azərbaycanın arasında olan sərhəd bəyəm məlum deyil? SSRİ dövründən həmin sərhəd tam müəyyənləşib. Neytral zonada olan bəzi ərazilər isə zaman-zaman öz həllini tapacaq. Azərbaycan xalqı bilsin ki, ordumuzun istənilən növ hissələri Vətənimizin keşiyində durub, onu göz bəbəyi kimi qorumaq gücünə sahibdir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər