26/03/2019 23:55
728 x 90

Fərariliyin tüğyan etdiyi Ermənistan ordusunda çağırışçıları həvəsləndirmək üsulu – mobil telefon...

“Erməni əsgərlərinə mobil rabitə vasitələrindən istifadəyə icazənin verilməsi nəyisə dəyişməyəcək”

img

İbrahim Rüstəmli: “Dinc əhali yeməyə çörək tapmırsa, əsgərlərə...”

 

“Ermənistan ordusuna qış çağırışı başlayıb. Bu çağırışın yeniliyi ondan ibarətdir ki, mobil telefonların istifadəsinə icazə verilib. Bu çağırışdan başlayaraq, gənc çağırışçılar üzərlərində videoçəkiliş, şəkil çəkmə, səsyazma imkanları olmayan mobil telefon daşıya bilərlər”.

Erməni KİV-lərinin yaydığı məlumata görə, bu fikirləri Ermənistanın baş hərbi komissarı general-mayor Henrik Muradyan bildirib.

Hərbi komissar qeyd edib ki, noyabr ayından qış çağırışının hazırlıqlarına başlanıb və artıq bu proses mərkəzi çağırış məntəqəsində davam etdirilir.

Onu da qeyd edək ki, jurnalistlərə müsahibə verən hərbi komissar xoşagəlməz vəziyyətlə qarşılaşıb. Jurnalistlər suallarını verib dağıldıqdan sonra o, gülünc vəziyyətdə qalaraq, "çağırışçılara nə arzu etdiyi barədə" əsas sualın verilmədiyini gülərək ifadə etməklə jurnalistlərin yenidən toplanmasına cəhd edib və çağırışçılara arzusunu bildirib.

O da məlumdur ki, artıq neçə vaxtdır Ermənistan ordusunda acınacaqlı vəziyyət hökm sürür. Orduda bir sıra xoşagəlməz hadisələrin baş verməsi adi hala çevrilib. Baxmayaraq ki, çox vaxt ermənilər orduda baş verən neqativ halları gizlədirlər. Halbuki, Ermənistan ordusunun maddi təchizat vəziyyəti çox acınacaqlıdır. Bu səbəbdən valideynlər uşaqlarını orduya göndərmək istəmirlər. Müxtəlif vasitələrlə bundan imtina edirlər, dəfələrlə əsgər anaları orduda baş verən neqativ hallarla bağlı etiraz aksiyası keçiriblər. Şübhə yoxdur ki, hərbi komissar mobil telefon icazəsi ilə gənclərdə hərbi xidmətə həvəs yaratmaq, narahat valideynləri isə sakitləşdirmək istəyir. Lakin ekspertlər bu perspektivə çox şübhəli baxır.

Məsələyə münasibət bildirən hərbi ekspert, istefada olan polkovnik-leytenant İbrahim Rüstəmlinin sözlərinə görə, Ermənistanda ordunun komplektləşdirilməsi məsələsi zaman-zaman ciddi problemlərlə müşayiət olunub: “Yaxın illərin təcrübəsinə əsasən deyə bilərik ki, Ermənistanda elə çağırış kampaniyası olub ki, orduya bir nəfər də olsun çağırışçı gəlməyib. Komplektasiya məsələsi ciddi problemə çevrilib. Bunun müxtəlif səbəbləri var. Problem ondadır ki, Qarabağ erməniləri ilə İrəvan erməniləri arasında ciddi ayrıseçkilik var. Başqa sözlə desək, İrəvan erməniləri Qarabağ ermənilərinə ikinci növ adamlar kimi baxırlar. İkincisi, pis sosial şəraitdə yaşayan Ermənistan cəmiyyəti Qarabağ problemini özləri üçün artıq yük hesab edir. Ona görə də öz uşaqlarını Qarabağa hərbi xidmətə göndərmək istəmirlər. Orada həlak olan erməni əsgərlərini artıq itki hesab edirlər. Dinc əhali iqtidarın Qarabağ kartından vasitə kimi istifadə etməsini asta-asta qabardır. Dinc əhali yeməyə çörək tapmırsa, əsgərlərə mobil telefon icazəsinin verilməsi onların nəyinə lazımdır?! Bu amil çağırış zamanı nəyisə dəyişməyəcək. Ermənistan ordusunda ciddi ayrıseçkilik var. Sözügedən proses davamlı şəkildə özünü büruzə verir. Qarabağdan gələn çağırışçılara yuxarıdan aşağı baxılır. Onları mənəvi-psixoloji təzyiqlərə məruz qoyurlar. Ermənistan ordusunda baş alıb gedən “dedovşina”, etik normalara uyğun olmayan hərəkətlər, zorlamalar və digər neqativ hallar yaxşı heç nə vəd etmir. O üzdən, erməni əsgərlərinə mobil rabitə vasitələrindən istifadəyə icazənin verilməsi nəyisə dəyişməyəcək. Çünki bu mümkün deyil. Yəni bu, qarşısıalınmaz və həlli mümkünsüz prosesdir”.

Vidadi ORDAHALLI

Son xəbərlər