26/03/2019 23:55
728 x 90

Bir vaxtlar yürüş-mitinq qanununa görə Azərbaycanı qınayanlar Fransada daha da sərtləşdirilən sərbəst toplaşmaq qaydalarına susur...

“Qərbin demokratiya və insan hüquqları məsələsində sərgilədiyi mövqe ikili standartlara söykənir”

img

Tahir Abbaslı: “... demokratiya bir sıra beynəlxalq təşkilatların əlində bir vasitədir”

 

İllər öncə Azərbaycanda kütləvi etiraz aksiyalarnın keçirilməsi qanun çərçivəsinə salındı və təkmilləşdirildi. Yəni əvvəllər necə və harda gəldi kütləvi aksiya keçirilirdisə, sonradan qanuna müvafiq olaraq bunun qarşısı alındı və yeni tənzimləmə mexanizmləri işə salındı. Daha doğrusu, bu mexanizmlər "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanun çərçivəsində həyata keçirildi.

Yəni daha mitinqlər harda gəldi yox, kütləvi aksiyaların keçirilməsi üçün ayrılan yerlərdə olur. Bununla bağlı ölkə paytaxtında müvafiq ərazi ayrılıb. Həmçinin, sərbəst toplaşmaq üçün vaxt müəyyən edilib. Göstərilən vaxtda aksiya başlayıb, bəlli bir müddət ərzində başa çatmalıdır. Eyni zamanda, müvafiq qanunda göstərilir ki, aksiya keçirilməsi ilə əlaqədar, ən azından, bir həftə əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmalıdır. Aksiyanı keçirən tərəf buna məsuliyyəti öz üzərinə götürməlidir. Bir sözlə, bütün bunlar "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunla tənzimlənir.

Azərbaycanda sözügedən məsələ ilə bağlı qanuna edilən yenilikləri o zaman bir sıra beynəlxalq qurumlar, müəyyən dövlətlərə bağlı olan bəzi təşkilatlar hay-küylə qarşıladılar. İddia edirdilər ki, guya belə tənzimləmələr ölkədə sərbəst toplaşmaq hüququnu məhdudlaşdırır, söz azadlığına zərər vurur və s. Ancaq ötən illərin təcrübəsi göstərdi ki, bu əsla sərbəst toplaşmaya maneçilik törətmir. Əksinə, bunun qanun çərçivəsində tənzimlənməsinin bir sıra üstünlükləri var.  

Maraqlısı odur ki, analoji tənzimləmə vasitələrini Fransa qanunvericiliyə salır və bunları tətbiq etməyə hazırlaşır. Məsələn, Fransa hökuməti nümayişlər zamanı qanun pozuntusuna görə cəzaları sərtləşdirən yeni qanun hazırlayır. Ölkənin baş naziri Eduar Filipp TF1 telekanalına müsahibəsində deyib ki, etirazçıların mülki, eləcə də maddi məsuliyyətini artırmaq lazımdır. Bununla yanaşı, Fransa da bundan sonra aksiyaların keçirilməsini məhdudlaşdıracaq. Bu azmış kimi, hökumət nümayişlər zamanı qanun pozuntusuna görə cəzaları daha da sərtləşdirmək istəyir və bunu qanuna salmaq üzərində iş gedir. Ancaq çox qəribədir ki, nə Avropadakı təsisatlar, nə də digər beynəlxalq təşkilatlar Fransadakı bu dəyişikliklərə öz münasibətlərini bildirmirlər. Bütün bunları görməzdən gəlirlər.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı bunu Qərbin ikili standartları ilə əlaqələndirdi: “Qərb ölkələrində dünyanı idarə etməklə bağlı bir tendensiya yaranıb. Özlərinə lazım olanda nəyəsə öz münasibətlərini bildirirlər və sərfəli qərarlar qəbul edə bilirlər. Lazım olmayanda isə bunu görməzdən gəlirlər. Xüsusən də demokratiya, insan hüquqları kimi şüarlardan digər ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Qərb ölkələrinə bütün dünyada, o cümlədən onların özündə demokratiyanın olması sərf etmir. Ona görə də Fransada baş verənlərə seyrçi mövqedən yanaşırlar. Belə olmasaydı, o zaman ortalığı mövqe qoyardılar. Qərb təsisatları demokratiyanı əlində bayraq edərək digər ölkələrin resurslarını istismar etmək istəyirlər. Onlara lazım deyil Fransada insan hüquqlarına necə hörmət var. Onlara lazımdır ki, digər ölkələr hesabına öz vəziyyətlərini yaxşılaşdırsınlar. Müxtəlif regionlarda münaqişələrə rəvac verirlər ki, hərbi məhsullarını ixrac edə bilsinlər. Fransanın, digər Avropa ölkələrinin hər birinin öz maraqları var. Ona görə də demokratiya bir sıra beynəlxalq təşkilatların əlində bir vasitədir. Görürsən ki, Qərb ölkələrində heyvanların hüquqlarından danışılır, amma hansısa müsəlman dövlətində yaşanan ciddi problemə biganə münasibət sərgilənir. İnsanların həyatı ilə oynayırlar və onların əzab çəkməsindən zövq alırlar. Bu nöqteyi-nəzərdən onların hesab-kitabı Allahla düz gəlmir. Fransa həmin dövlətdir ki, Liviyanı bombaladı, zor gücü ilə ölkədə hakimiyyətin devrilməsinə rəvac verdi. Ona görə də hesab edirəm ki, Qərbin demokratiya və insan hüquqları məsələsində sərgilədiyi mövqe ikili standartlara söykənir”.

Vidadi ORDAHALLI

Son xəbərlər