23/01/2019 18:30
728 x 90

Mehmanın şişirdilmiş işi və Fransadakı misilsiz anti-insani zorakılıqlara Avropadan reaksiyaları müqayisə etsək...

Rauf Qurbanov: “Onların eynəyində bunlar başqa rəngdə görünür”

img

“Yaşadığımız planetdə yaranan problemlərə verilən beynəlxalq reaksiya ədalətli olmalıdır”

 

Fransanı bir çox hallarda müasir demokratiyanın və azadlıq ideyalarının “beşiyi” də sayırlar. O, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Deməli, bu ölkə dünyadakı münaqişələrin həllinə təsiri, habelə qlobal səviyyədə məsələlərə veto qoymağa haqqı olan dövlətlərdəndir. Başqa sözlə, Fransa BMT-nin 194 üzvünün taleyüklü məsələsi ilə bağlı qərar vermək səlahiyyəti olan 5 dövlətdən biridir. Bu kimi məsələlər baxımından Fransadakı hadisələr beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir.

Məlum olduğu kimi, ötən ilin noyabr ayından Fransada avtomobil yanacağının qiymətinin bahalaşmasına etiraz aksiyaları start götürüb. Həmin aksiyalar bu günə kimi davam etməkdədir.  Təəssüflər olsun ki, söz azadlığı, insan hüquqları müdafiəçisi kimi çıxş edən, demokratik dəyərlərə üstünlük verdiyini əlində bayraq tutan Fransa “sarı jiletlilər”in hərəkatına divan tutur. İndiyə qədər 10 minə yaxın etirazçı saxlanıb, onlarla adam aksiyalara divan tutulan zaman öldürülüb. Fransa hakimiyyəti aksiyaların qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Etirazçılara odlu silahdan atəş açılıb, onların üzərinə atlarla hücum edib vəhşicəsinə döyüblər. Buna baxmayaraq, dünyanın aparıcı KİV-ləri və beynəlxalq qurumları mövzu ilə bağlı əsl passivlik nümayiş etdirirlər. Qeyd edək ki, belə etiraz dalğaları ötən ilin sonundan başlayaraq Fransa ilə yanaşı, digər Avropa ölkələrini də əhatə etməyə başlayıb və onların hər birinin qarşısının alınmasında zorakı metodlardan istifadə edilib. Ancaq maraqlıdır ki, AŞPA, ATƏT, Avropa Birliyi kimi təsisatlar hökumətlərin iğtişaşçılarla sərt davranışına heç bir reaksiya vermirlər. Bu passivlik sözügedən qurumların ənənəvi susqunluğu kimi yozula bilməz. Çünki həmin təsisatlar ölkəmizdə baş verən xırda hadisəyə belə sərt mövqe bildirir, hökumətdən izahat tələb edirlər.

Elə M.Hüseynovun şişirdilmiş məsələsinə və Fransadakı böyük zorakılıq faktlarına reaksiyaları müqayisə etsək, ikili standart siyasətinin tam gücü ilə işlədiyini görərik.

Maraqlıdır, analoji mövqeni biz Fransa və digər Avropa ölkələrində yaşananlarla bağlı niyə görmürük? Bunun adını açıq şəkildə nümayiş etdirilən ikili standart qoymaq olarmı?

Azərbaycan Kommunist Partiyasının sədri, sabiq millət vəkili Rauf Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin təsisatların Qərb ölkələrində, xüsusilə də Fransada baş verənlərə münasibəti kənardan çox əcaib görünür: “Mən bunun adını ikili yox, hətta üçlü, dördlü standart qoyardım. Sanki həmin Qərb ölkələrində hökumətlərin aksiya iştirakçılarına divan tutması insan haqlarının pozulması anlamına gəlmir. Onların eynəyində bunlar başqa rəngdə görünür. Azərbaycan və bizə bənzər ölkələrə sözügedən təsisatlar tamamilə başqa aspektdən yanaşırlar. Təbii ki, ölkədə fəaliyyət göstərən, vaxtilə parlamentdə təmsil olunan partiyanın sədri kimi deyə bilərəm ki, belə yanaşma bizdə qıcıq yaradır. Nə edək ki, dünyada belə acı reallıqlar hakimdir. Fransada iğtişaşların yatırılmasında insanlar öldürülür, onlara divan tutulur. Aksiya iştirakçılarını  yalnız havadan bombalamırlar. Qalan nə sərt üsullar varsa, onlara qarşı yönəldirlər. Hər bir  dövlət və xalq öz yolu ilə inkişaf edir. Təbii ki, orada narazılıqların olması da labüddür. Ona görə də etirazçılarla normal davranılmalıdır. Beynəlxalq insan haqlarını qoruyan qurumlar isə  yaranmış vəziyyətlə bağlı bütün ölkələrə eyni prizmadan yanaşıb, mövqe ortaya qoymalıdırlar. Sizi inandırım ki, analoji hadisələrə bənzər bir hal bizdə yaşansaydı, həmin təsisatlar Azərbaycana qarşı hətta iqtisadi sanksiyaların tətbiqini tələb edərlər”.

Partiya sədri bildirir ki, Fransada vüsət alan iğtişaşlar digər Avropa ölkələrinə də sirayət edib: “Həmin ölkələrdə yaşananlara da AŞPA, Avropa Birliyi, ATƏT heç bir reaksiya verməyib. Hesab edirəm ki, yaşadığımız planetdə yaranan problemlərə verilən beynəlxalq reaksiya ədalətli olmalıdır. Belə olmayanda, həmin təsisatlar öz nüfuzunu da mənfi istiqamətdə xərcləmiş olur. Biz ölkə olaraq bənzər qərəzli yanaşma ilə taleyüklü Dağlıq Qarabağ problemimizdə də rastlaşırıq. Məsələn, BMT kimi qurumun Təhlükəsizlik Şurasının çıxardığı qətnamə başqa ölkələrlə bağlı işləyir, ancaq Ermənistana tətbiq edilmir. Həmin 4 qətnamənin icra edilməməsinin kökündə də məhz dediyimiz ikili standartlar dayanır. Bu yolverilməzdir. Dünyada beynəlxalq hüququn bütün ölkələrə eyni qaydada şamil olunmamasının əziyyətini sonda bəşəriyyət çəkməli olur. Adlarını çəkdiyimiz beynəlxalq qurumlar bu barədə ciddi düşünməlidirlər. Avropa qitəsində yerləşən dövlətlərə fərqli münasibətin bəslənməsi artıq bütün dünyanın gözü qabağındadır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər