24/01/2019 09:16
728 x 90

DQ-nin Azərbaycanlı İcmasının ermənilərin film təxribatına qarşı bəyanatına kino xadimlərimizdən də dəstək gəldi…

img

Aydın Kazımzadə: “Dağlıq Qarabağ həqiqətləri ilə bağlı yeni filmlər çəkməli və o filmləri müxtəlif dillərə çevirib xaricdə yaymalıyıq”
Şamil Əliyev: “Daha çox xarici ölkələrin kinoşirkətləri ilə müştərək filmlər çəkməliyik ki, erməni təbliğatının qarşısını ala bilək”

 

Bəzi xarici qüvvələrin və erməni lobbisinin dəstəyilə indiyə qədər Azərbaycanın ayrılmaz hissəsi olan Dağlı Qarabağ ərazisində bir neçə bədii və sənədli film çəkilib. Bu filmlərdə Dağlıq Qarabağın tarixi saxtalaşdırılıb, qədim ərazimizlə bağlı yalan məlumatlar əks olunub. Xarici prodüsserlər Kestutis Drazdauskas və Anqelika Şuler tərəfindən Dağlıq Qarabağda “Gate to Heaven” adlı film çəkilib.

Sözügedən filmlə bağlı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması filmin prodüsserləri Kestutis Drazdauskas və Anqelika Şulerə etiraz məktubu ünvanlayıb. Müraciətdə “bu filmi “Cəhənnəmə aparan yol” kimi adlandırmaq daha doğru olardı, çünki çəkilişin aparıldığı ərazilər güc tətbiqi nəticəsində işğal edilib və tarixən orada yaşayan yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından məcburi qovulub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması işğal olunmuş torpaqlarımızda film çəkilməsi təşəbbüsü ilə bağlı dərin təəssüf hissi keçirir. Bu addımın artıq erməni hərbi işğalı nəticəsində dağıdılan bölgədə separatizmi və irredentizmi dəstəkləyəcəyini düşünürük. Utandırıcı haldır ki, sizin iştirak etdiyiniz layihə Ermənistanın hərbi təcavüzü nəticəsində məcburən öz torpaqlarından qovulmuş minlərlə azərbaycanlının əsas insan hüquqlarının kobud şəkildə pozulmasına məhəl qoymur. Əslində, siz qeyd olunan filmin çəkilişində iştirak etməklə Azərbaycan ərazilərinin işğalının möhkəmlənməsinə şüursuz şəkildə kömək etmiş olursunuz. Biz münaqişənin tezliklə sülh yolu ilə həll olunması və Azərbaycanlı İcmasının Dağlıq Qarabağ bölgəsinə ən qısa zamanda qayıdışına inanaraq, sizi və bu təşəbbüsə qoşulan bütün şəxsləri Azərbaycan ərazilərinin qanunsuz işğalı, separatizmin dəstəklənməsi və təşviq edilməsini dayandırmağa çağırırıq. Əksinə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmalarının tarixən birgəyaşayışına dair filmlərin çəkilməsi ideyası regionda sülh, sabitlik, tərəqqi və davamlı inkişafa töhfə verə bilər. Sizi sülhü, ədaləti və inkişafı dəstəkləməyə və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının əməkdaşlığı istiqamətində fəaliyyət aparmağa dəvət edirik” - deyə bildirilib.

Ermənilərin dəstəyi və təşəbbüsü ilə Dağlıq Qarabağ ərazisində xarici kino şirkətlərinin film çəkməsinin qarşısının alınması üçün Azərbaycan kinematoqrafının xətti ilə nə işlər görmək olar?

“Ermənistan hazırda “başsız atlı” kimidir, xaricilərin çəkdiyi filmlər də onu xilas edə bilməz”

Əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadə “Bakı-Xəbər”ə bildirdi ki, heç bir xarici kinoşirkət, kinoprodüsser Dağlıq Qarabağda öz maliyyəsi hesabına film çəkmir, bu filmlər birbaşa xaricdəki erməni lobbisinin maliyyə dəstəyilə çəkilir. “Bu gün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində ermənilərin dəstəyilə filmlər çəkilməsi yolverilməzdir. Bu qanunsuzdur. Xarici prodüsserlər, kinorejissorlar, kinoşirkətlər Qarabağda könüllü olaraq filmlər çəkmirlər, onları bura xaricdəki erməni lobbisi yönəldir, həmin filmlər də xaricdəki ermənilərin pulu ilə çəkilir. Ermənilər 30 il bundan əvvəl dünyaya car çəkirdilər ki, azərbaycanlılar “vəhşi xalqdır”. Onlar bizi Avropada belə qələmə verirdilər. Halbuki, zaman göstərdi ki, vəhşi ermənilər özləridir. Bizim onların yox, onların bizim torpaqlarımızı işğal etdiyi faktdır, artıq bunu bütün dünya bilir. Bu gün Ermənistan özü çox pis vəziyyətdədir. Dağlıq Qarabağın öz sahibinə-Azərbaycana qaytarılması məsələsi erməni cəmiyyətini çalxalayır. Bu gün Ermənistan “başsız atlı” kimidir, xaricilərin çəkdiyi filmlər də onu xilas edə bilməz. Artıq dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycanındır və ermənilər xarici havadarlarının dəstəyilə o torpaqları qəsb ediblər. Ermənilər də yalanlarının üstünün açıldığını görüb son ümidlərinə əl atırlar. Yəni Dağlıq Qarabağ ərazisində filmlər çəkdirirlər. Əslində, onların bu təbliğatı özünü doğrultmayacaq. Beynəlxalq ictimaiyyət ermənilərin yalanlarını bilir. Hesab edirəm ki, Azərbaycan kinosu bu məsələdə gözləmə mövqeyi tutmamalıdır. Dağlıq Qarabağla bağlı çəkilən bədii və sənədli filmlərin sayını, keyfiyyətini artırmaq lazımdır. Biz hər rayonumuz haqqında, hər ərazimiz barədə ayrıca filmlər çəkməli, o filmləri xarici ölkələrdə təbliğ etməliyik. Biz onların ideoloji hücumuna faktlar əsasında çəkilən filmlərlə cavab verməliyik. Ümumiyyətlə, dünyada kino qədər ikinci bir güclü təbliğat vasitəsi yoxdur. Biz Dağlıq Qarabağ həqiqətləri ilə bağlı yeni filmlər çəkməli və o filmləri müxtəlif dillərə çevirib xaricdə yaymalıyıq. Hətta Dağlıq Qarabağda qanunsuz filmlər çəkən o insanlara bu filmləri təqdim etməliyik ki, tarixi həqiqətləri təhrif etməkdən utansınlar. Bu gün Ermənistanda Dağlıq Qarabağla bağlı yalan, saxtakarlıq dolu filmlərin əsas müəlliflərindən biri Azərbaycanın çörəyini yeyən, vaxtilə “Azərbaycanfilm” Kinostudiyasında işləyən kinooperator Robert Silonyandır. O işğal olunmuş Dağlıq Qarabağın və ətraf rayonların hər biri haqqında ayrıca film çəkib. Vaxtilə o, kinostudiyanın o zamankı direktoru Adil İsgəndərovun yanına gəlib “məni də Moskvaya kinematoqrafiya kurslarına göndərin” demişdi. Adil müəllim çox zəhmli adam idi, ona demişdi ki, qadam, sən Ermənistana get, səni oradan göndərsinlər oxumağa, bizə milli kadrlar lazımdır. Bu erməni harada əlinə fürsət düşür, Azərbaycan əleyhinə işlər görür” - deyə A.Kazımzadə bildirdi.   

“Biz kinematoqraflar bu sahədə...”

Azərbaycanın işğal olunmuş ərazilərində xaricilərin film çəkməsinin mədəniyyət məsələsindən daha çox siyasi məsələ olduğunu qeyd edən tanınmış kinorejissor Şamil Əliyev isə hesab edir ki, ermənilərin əl atdığı bu təbliğatın qarşısının alınması üçün biz yeni filmlər çəkməliyik. Onun sözlərinə görə, hər çəkilən filmin təbliğatı ilə əlaqədar işlər görülməlidir. “Məsələnin siyasi tərəfi ilə əlaqədar qurumlar məşğul olmalıdır. Sənət hissəsinə gəlincə, biz kinematoqraflar bu sahədə işlərimizi davam etdirməliyik. Kinorejissorlar Dağlıq Qarabağda Azərbaycanın icazəsi olmadan film çəkənlərə öz etirazını çəkdikləri filmlərlə bildirməlidirlər. Tarixi faktlar, sənədlər əsasında çəkilən filmləri beynəlxalq festivallara çıxarmaqla biz bu cür təbliğatın qarşısını ala bilərik. Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və ərazilərimizin ermənilər tərəfindən işğal edildiyini lentə alıb onu beynəlxalq ictimaiyyətə, xarici tamaşaçılara təqdim etməklə, bu filmləri çəkənlərə öz etirazımızı bildirməliyik. Ermənilər və onların ələ aldığı qüvvələr hər zaman bizə qarşı təxribat ediblər və heç vaxt da bu təxribatdan əl çəkməyəcəklər. Azərbaycanı gözü götürməyən qüvvələr var və o qüvvələr Azərbaycanın işğal olunmuş ərazilərində belə filmlər çəkirlər. Azərbaycanda gedən inkişafa paxıllıq edən qüvvələrin təxribatlarının qarşısını almaq üçün tədbirlər görməliyik. Biz öz kino sənayemizi inkişaf etdirməliyik ki, daha keyfiyyətli filmlər çəkib onu dünyada tanıdaq. Bir də ki, Dağlıq Qarabağla bağlı daha çox xarici ölkələrin kinoşirkətləri ilə müştərək filmlər çəkməliyik ki, erməni təbliğatının qarşısını ala bilək. Xarici kinoşirkətlərlə çəkilən filmlər daha böyük təsir gücünə malikdir” - deyə Ş.Əliyev bildirdi.

İradə SARIYEVA

Son xəbərlər