23/03/2019 12:08
728 x 90

Ərəb Əmirliklərindəki səfirliyimizin dəyərli Qarabağ jesti, ermənilərin və bəzi ermənipərəst azərbaycanlıların əks gedişi… - VİDEO

img

Bu gün Azərbaycan öz tarixi, zəngin mədəniyyəti, maddi və qeyri-maddi dəyərləri ilə dünyanın diqqət mərkəzindədir. Dünyanın bir sıra ölkələrində təşkil edilən beynəlxalq festival və mədəniyyət tədbirləri çərçivəsində açılan Azərbaycan pavilyonları milli mədəniyyətimizin zəngin mənzərəsini, tariximizin qədimliyini, tarixi abidələrimizin unikallığını bir daha dünyaya təqdim etmək imkanı yaradır.

Azərbaycana məxsus olan abidələrin, simvolların xarici ölkələrdə təqdim edilməsi torpaqlarımızı işğal altında saxlayan ermənilərin kürkünə birə salır. Onlar bundan həddindən artıq qıcıqlanırlar. Qarabağ tarixinə aid nümunələrin Azərbaycan tərəfindən müxtəlif sərgi və festivallarda nümayiş olunması erməni saxtakarlığını ifşa edir.   

“Biz və bizim dağlar” Azərbaycana məxsus abidədir... 

Azərbaycan artıq ikinci dəfədir Abu-Dabidə keçirilən Şeyx Zayed İrsi festivalında xüsusi pavilyonla təmsil olunur. Məsələ burasındadır ki, həm 2017-ci ildə, həm də hazırda Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə əmir Zayed İbn Sultana həsr olunmuş festivalda bu ölkədəki səfirliyimizin təşəbbüsü ilə Azərbaycan pavilyonunun açılması erməniləri və xaricdəki ermənipərəst qüvvələri bərk qıcıqlandırıb. Azərbaycan pavilyonunun Azərbaycanın “Biz dağıq” (“Biz və bizim dağlar”) abidəsinin maketi ilə açılmasından ermənilər narazı qalıb. Ermənilər iddia edirlər ki, bu abidə guya ermənilərə məxsusdur. Məlum olduğu kimi, “Biz dağıq” abidəsi 1967-ci ildə hazırda Ermənistan silahlı qüvvələri tərəfindən işğalda saxlanan Xankəndi ərazisində qurulub. Bu abidənin müəllifinin erməni əsilli S.Baqdasaryan olduğu məlumdur. Lakin sözügedən abidə Azərbaycan torpağında, Azərbaycan Respublikasının təşəbbüsü, icazəsi və maliyyəsi ilə ucaldılıb. Onun müəllifinin kim olmasından, hansı milləti təmsil etməsindən asılı olmayaraq “Biz dağıq” Azərbaycan abidəsidir. Bu abidəyə qarşı başqa bir xalqın, konkret olaraq ermənilərin hər hansı bir iddia irəli sürməsi tamamilə əsassızdır. Çünki, qeyd etdiyimiz kimi, abidə Azərbaycan ərazisində qoyulub. Məlumat üçün qeyd edək ki, abidə dağlarda yaşayıb birlikdə 100 yaşa çatmış iki qocanın, ər-arvadın obrazı əsasında qurulub. Bu abidənin yaradılmasında əsas məqsəd Qarabağın uzunömürlülər diyarı olmasına diqqət çəkməkdir. Kənardan baxanda insan simaları həm də torpaqdan boy atan dağ şəklində təsvir olunub.

2017-ci ildə festivalda Azərbaycan pavilyonu Şuşa qalası simvolu ilə təmsil olundu...

Yeri gəlmişkən, bildirək ki, 2017-ci ildə isə Şeyx Zayed İrsi festivalında təşkil olunmuş Azərbaycan pavilyonu Şuşa qalasının maketini özündə əks etdirdi. Azərbaycanın ayrılmaz parçası olan Qarabağa aid simvolların sözügedən festivalda təqdim edilməsi həqiqətən də Qarabağ tarixinin, mədəniyyətinin geniş təbliğatı deməkdir. Heç şübhəsiz ki, ermənilər keçən festivalda Azərbaycan pavilyonunun Şuşa qalası şəklində qurulmasına etiraz edərək bu abidənin onlara aid olduğunu iddia edirdilər. Sözsüz ki, bu, quru iddiadan başqa bir şey deyil. Hətta bununla bağlı 2017-ci ildə festival çərçivəsində təşkil edilən Azərbaycan pavilyonunun Şuşa qalası formasında qurulmasına etiraz edən ermənilər festivalın təşkilat komitəsinə “şikayət” etmişdilər. Təşkilat komitəsindən isə onlara bildirilmişdi ki, tədbir mədəniyyətlə bağlıdır və onlar siyasətə qarışmırlar. Festival təşkilatçılarının onlara cavabı ermənilərin əlini havada qoymuşdu. Heç şübhəsiz ki, tarixi torpağımız olan Qarabağ simvollarının bu festivalda təbliğ olunması ermənilərin beynəlxalq aləmdə apardıqları yalan təbliğatın təsir gücünün zəifləməsində mühüm rollardan birini oynayır. Onu da vurğulayaq ki, həm keçənilki, həm də indiki festivalda Azərbaycan pavilyonunun Qarabağın simvolları formasında qurulması Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin təşəbbüsü ilə reallaşıb. Çünki bu pavilyonda təqdim edilən bütün maddi və qeyri-maddi mədəni irs örnəkləri, bütövlükdə, Azərbaycanı, o cümlədən Qarabağı tərənnüm və təmsil edir.

Erməni dəyirmanına su tökən xaricdəki bəzi “azərbaycanlılar”...

Azərbaycan mədəniyyətinin, maddi mədəni irsinin qiymətli incilərindən sayılan Qarabağın simvollarından biri - “Biz dağıq” abidəsinin “erməniləşdirilməsi” kampaniyasına çox təəssüf ki, sapı özümüzdən olan baltalar da qoşulub. Hollandiyada fəaliyyət göstərən və oxucu sayı kifayət qədər məhdud olan AzLogos.eu saytında festival çərçivəsində açılan və Qarabağın simvolunu ifadə edən Azərbaycan pavilyonuna qarşı qarayaxma kampaniyası həyata keçirilir. Sözügedən sayt bu abidəni erməni abidəsi kimi qələmə verməklə açıq-aşkar göstərir ki, onun ermənilərlə ciddi əlaqələri var və bu saytı işlədənlər erməni təbliğat maşınının vintikləri rolunu oynayırlar.  

Sayt heç bir tarixi fakta əsaslanmadan yazır ki, bu abidə guya ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyinin rəmzi kimi tanınır. Əslində isə ermənipərəst sayt iddiasında yanılır. Ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə qoyulan abidə ilə “Biz dağıq”, yaxud “Biz və bizim dağlar” abidəsi arasında heç bir əlaqə yoxdur. Ermənilərin Qarabağa köçürülməsini sübut edən çoxsaylı mənbələrdən biri olan  “Marağa-150” abidəsi Azərbaycan Respublikasının Ağdərə rayonunda İrandan ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə ucaldılıb. Özü də bu abidə, yazıda iddia edldiyi kimi, Əsgəranda yox, Ağdərədə qoyulub. Üzərində ermənicə “Marağa-150” sözləri yazılmış abidə 1988-ci ildə ermənilərin özlər tərəfindən dağıdılıb. "Marağa-150" dağılmağa məruz qalmasına baxmayaraq, hazırda qalıntıları mövcuddur və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə yerləşir. Abidənin yerləşdiyi yer hazırkı Şıxarx qəsəbəsidir. Bu da fakt. Yazıda “…abidə ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyinin rəmzi kimi tanındığına görə xarici ölkədə Azərbaycanın pavilyonunda istifadə olunması absurd və biabırçılıqdır” - fikrini qeyd edən sayt məgər bilmir, yaxud bilmək istəmir ki, göz görə-görə tarixi təhrif edir, tarixi həqiqətə ermənilərin maraq və xeyrinə yalan donu geydirir. Bu azmış kimi, “1967-ci ildə heykəltəraş Sarqis Baqdasaryan tərəfindən, 100% Ermənistan SSR-in maliyyə yardımı ilə qoyulan bu abidənin Azərbaycana aid edilməsi, azərbaycanlıların BƏƏ-dəki pavilyon-mağazasında dekorasiya kimi istifadə olunması təxribatdır” - fikrini irəli sürən sayt bununla erməni lobbisinin əlində oyuncağa çevrildiyinin fərqində deyilmi? Burada söhbət hansı təxribatdan gedə bilər ki, təqdim edilən abidə Azərbaycan dövlətinin təşəbbüsü və maliyyəsilə elə Azərbaycan torpağında ucaldılıb. Bu üzdəniraq sayt yalnız bu məsələdə deyil, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla da bağlı təxribatçı məlumatlar yayır, onun qəhrəmanlığını şübhə altına almaq niyyətilə müxtəlif iftiralar, böhtanlar səsləndirir. M.İbrahimovun qəhrəmanlığını şübhə altına alan cızmaqaraçı saytın niyyətləri bəllidir. Bu sayt açıq şəkildə ermənipərəst mövqe sərgiləyir. Azərbaycana qarşı təxribatçı yazılar, məlumatlar yayan saytın rəhbərliyinin və əməkdaşlarının azərbaycanlı olması belə böyük sual altında qalır.

Azərbaycanın təşəbbüsü və maliyyəsi ilə ucaldılan abidəyə uzanan qara əllər...

Məsələ ilə bağlı ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarovla əlaqə saxladıq. D.Şikarov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan 2017-ci ilin dekabr ayında ilk dəfə qatıldığı Şeyx Zayed İrsi festivalında Azərbaycan pavilyonunda Şuşa qalasının maketini qoymuşdu, budəfəki festivalda isə Xankəndinin simvolu olan sözügedən abidənin maketini qurub. Səfir təsdiq etdi ki, bu abidə 1967-cı ildə Azərbaycan SSR-in ayırdığı maliyyə vəsaiti hesabına inşa edilib. Bu mənada, abidə Azərbaycan torpağında qoyulubsa, deməli, mübahisəsiz bizim ölkəyə aiddir.

Əlbəttə, Azərbaycanda saysız tarixi tikili, binalar, abidələr var ki, onların müəllifi azərbaycanlılarla yanaşı, almanlar, polyaklar və digər xalqların təmsilçiləridir. Bu memar və heykəltəraşların azərbaycanlı olmaması ona əsas vermir ki, bu abidələr Azərbaycan abidəsi deyil. Ümumiyyətlə, məsələyə bu cür yanaşma absurddur. Bu cür iddialar irəli sürmək ancaq erməni başı ilə işləyən adamlara xasdır, dünyanın heç bir yerində belə bir yanaşma yoxdur.

Yerli gəlmişkən, Bakının əzəmətli binalarından biri olan Səadət Sarayı-Murtuza Muxtarovun evi 1911-1912-ci illərdə polyak əsilli memar İosif Ploşko tərəfindən inşa edilib. Lakin indiyə qədər heç bir polyak bir dəfə də olsun dilinə gətirməyib ki, bu abidə polyak abidəsidir. Ola bilsin, gətirdiyimiz nümunə ilə Xankəndinin simvolu olan “Biz və bizim dağlar” abidəsinin heç bir əlaqəsi yoxdur. Ancaq hər ikisinin memarının qeyri-azərbaycanlı olması bizi bu cür müqayisə aparmağa vadar etdi.    

Ümumiyyətlə, Azərbaycan dövlətinin Qarabağla bağlı beynəlxalq tədbirlərdə təqdim etdiyi istənilən nümunə, fakt, maddi və qeyri-maddi irs örnəkləri erməniləri və onlara züy tutan bəzi qüvvələri yerindən oynadır.

Yadınıza salaq ki,“Biz və bizim dağlar” abidəsi ilə bağlı erməni iddiası yeni deyil. Bundan əvvəl də ermənilər bu abidəyə qarşı iddia qaldırmışdılar ki, guya abidə ermənilərə aiddir. Belə ki, hələ 2009-cu ildə “REQNUM” informasiya agentliyində “Azərbaycan erməni mədəni irsinə əl uzatmışdır” adlı məlumat dərc edilməsinə nail olmuşdular. “Avrovizya” mahnı yarışmasında Azərbaycan tərəfin reklam çarxında Qarabağın rəmzi – “Biz və bizim dağlar” abidəsinin təqdim edilməsi erməniləri bərk narahat etmişdi. “Bu abidə erməni memar S.Baqdasaryanın əsəri, erməni mədəni irsinin ayrılmaz hissəsidir” - deyə hay-küy salan ermənilərin bu iddiasını Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Qarabağ Azərbaycanın ərazisidir” bəyanatını verməklə yerlə-yeksan etmişdi. Həmin dövrdə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəynatında “Bəli, qonşuların mədəni irsinə ənənəvi surətdə kimin əl uzatdığı məlumdur. Məlum olduğu kimi, “Biz və bizim dağlar” abidəsi keçmiş Azərbaycan SSR DQMV-nin Əsgəran rayonunda, Xankəndi şəhəri yaxınlığında, 1967-ci ildə ucaldılmışdır. Abidənin müəllifi Azərbaycan sakini, erməni mənşəli memar S.Baqdasaryandır. Abidə Azərbaycan SSR sakini tərəfindən, Azərbaycan SSR ərazisində, Azərbaycan SSR büdcəsindən ayrılmış vəsait hesabına, yəni bizim pullarımızla yaradılmışdır. Həm də respublikamızın sakinlərinin bir çox nemətlərdən imtina etdiyi, ət və yağı talonla aldığı dövrdə Azərbaycanda yaşayan müxtəlif millətlərin incəsənət xadimlərinə, o cümlədən ermənilərə öz istedadlarını nümayiş etdirmələri və Azərbaycan torpağında sərbəst yaradıcılıqla məşğul olmaları üçün şərait yaradıldığı illərdə. O vaxt kimin ağlına gələrdi ki, Ermənistan 40 il keçdikdən sonra öz ərazisindən kənarda, Azərbaycan ərazisində cibimizdən ayırdığımız vəsait hesabına Azərbaycan SSR vətəndaşlarının yaratdığı abidələrə əl uzadacaq?! Erməni millətindən olan memar tərəfindən hazırlanması faktı abidənin çoxmillətli Azərbaycan xalqının incəsənətinə aid şah əsərlər sırasından çıxarılmasına, bu əraziyə heç bir aidiyyəti olmayan, abidənin hazırlanmasına vəsait ayırmayan tamamilə başqa dövlətin mədəni irsi elan edilməsinə səbəb ola bilməz. Azərbaycan monoetnik Ermənistandan fərqli olaraq, çoxmillətli ölkədir və çoxmillətli ölkə kimi qalmaqdadır. Azərbaycan ərazisində yaşayan müxtəlif millətlərin nümayəndələri Vətənin rifahı naminə çalışırlar və işləməkdə davam edirlər. Təəccüblü deyil ki, respublikamızın sakini memar S.Baqdasaryan da Azərbaycan mədəniyyəti xəzinəsinə öz töhfəsini vermişdir. Elə onun kimi, Azərbaycan sakinləri olan ermənilər – Sovet İttifaqı marşalı İvan Baqramyan, artistlər Yevgeni Petrosyan və Karen Avanesyan, şahmatçı Harri Kasparov və digər tanınmış şəxslər də respublikanın şöhrətlənməsi üçün çalışmışlar. Əlbəttə, ailədə naqislər də olur. Azərbaycanın çörəyi ilə böyüyən Zori Balayan və onun sadiq şagirdi Levon Məlik–Şahnazaryan kimilər bu gün də öz hikkələri, bütün Azərbaycan xalqına vəhşi nifrətləri içərisində boğulurlar” - deyə bildirilirdi. 

Bu da sözügedən abidə ilə bağlı erməni iddiasına verilən tutarlı rəsmi cavabdır. Bu bəyanat təxminən 10 il bundan əvvəl verilsə də, ermənilər və onlara havadarlıq edən qüvvələr hələ də dünyaya yalan yaymaqla məşğuldurlar.

İradə SARIYEVA 

Son xəbərlər