11/12/2018 11:49
728 x 90

Şərqi Aralıq dənizində Türkiyə və Şimali Kiprə qarşı təhlükəli “qaz konsorsiumu” qurulur…

ABŞ, Misir, İsrail, Yunanıstan, İtaliya, Cənubi Kipr…

img

Ölkəmizin əsas strateji müttəfiqi sayılan Türkiyəyə qarşı bu dəfə Aralıq dənizində xoşagəlməz addımların atılması müşahidə olunmaqdadır. Belə görünür ki, Yaxın Şərqdə Türkiyənin Rusiya ilə birlikdə mövqelərini gücləndirməsi Qərb dövlətləri tərəfindən xoş qarşılanmır. Elə bu fonda da Aralıq dənzində Ankaraya qarşı addımlar atılır.

Söhbət Kipr adasında ABŞ, İtaliya, Yunanıstan, İsrail və Misirin birgə iştirakı ilə enerji yataqlarının mənimsənilməsi və bu zaman Türkiyə ilə Şimali Kiprin mövqeyinin arxa plana atılmasından gedir. Şərqi Aralıq təsir dairəsinin xəritəsini yenidən hazırlayan türkiyəli mütəxəssis Cihat Yaycının sözlərinə görə, Aralıq dənizinin şərq hissəsində Türkiyənin 572 illik təbii qaz ehtiyacını təmin edəcək qədər rezervlər var. Bu bölgə həm də gələcəyin enerji maddəsi hesab edilən qaz hidrat yataqları ilə zəngindir. Yunanıstan bu bölgəni ələ keçirmək üçün həmin ərazini Kiprin yunan hissəsi olaraq göstərməyə çalışır. Bu işdə İsrail də Afinaya dəstək verir. Bundan əvvəl bölgənin enerji mənbələrinin araşdırılması işini İtaliyanın ENİ şirkəti həyata keçirməyə cəhd edəndə Türkiyə döyüş gəmiləri ilə bunun qarşısını alıb. Hazırda Yunanıstan, yunan Kipri, Misir və İsrailin Türkiyəyə qarşı Aralıq dənizində yeni oyun qurduğu müşahidə olunur və onlara ABŞ geniş dəstək verir. Bu fonda Qərb ölkələri və Misir sürətlə Aralıq dənizinə hərbi qüvvə cəmləyir. Mütəxəssislər hesab edir ki, gələcəkdə Aralıq dənizinin şərq hissəsindəki təbii qaz yataqlarına görə dəniz müharibəsi başlaya bilər.

Xatırladaq ki, hələ bir müddət əvvəl ABŞ və İsrail şirkətlərindən ibarət konsorsium Aralıq dənizindəki mübahisəli “Tamar” təbii qaz yatağının genişləndirilməsinə 265 milyon dollar investisiya yatıracaqlarını açıqlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə xarici neft şirkətlərinə Kiprin yaxınlığındakı sularda enerji axtarışı işlərinin aparlmamasına dair xəbərdarlıq edib. Ərdoğan deyib ki, belələri Suriyadakı terrorçular kimi bədəl ödəməli olacaq: “Şərqi Aralıq və ya Egey dənizində Türkiyənin istəyinə zidd olaraq addım ata biləcəklərini düşünənlər bununla necə böyük bir səhv etdiklərini anlayıblar. Türkiyəni və Şimali Kipr Türk Respublikasını kənarda qoymaqla şərqi Aralıq dənizindəki təbii sərvətlərin qəsb olunması yolverilməzdir”.

Təhlilçilər bildirir ki, vəziyyət doğrudan da partlayış həddinə çatıb və bir yanlış addım tammiqyaslı qarşıdurma ilə nəticələnə bilər. Ərəbdilli “Əl-Monitor” nəşri bu xüsusda yazır: “Türkiyə artıq keçən aydan Şərqi Aralıq dənizində neft və qaz üzrə qazma işlərinə başladığını açıqlayıb. Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, qazma gəmisi hər hansı bir maneə ilə üzləşərsə, türk hərbi dəniz qüvvələri onun müdafiəsi üçün bütün lazımi addımları atacaq. Bu, bir tərəfdən Şərqi Aralıq dənizi regionunda mövcud olan gərginliklərin arxasında Türkiyə ilə Misir, digər tərəfdən isə Kipr və Yunanıstanla münaqişə işığında baş verir. Belə ki, hələ oktyabrın 10-da üç ölkə təbii qaz istifadəsi siyasətini əlaqələndirmək məqsədilə Qahirə mərkəzli Yaxın Şərq Qaz Forumunu qurmağı qərara alıb.

Həmçinin, Misir Kiprlə “Afrodit” qaz yatağından ixrac, bunu Misirin maye qaz zavodları ilə birləşdirmək barədə müqavilə imzalayıb. Bu, Misirin regional neft-qaz şəbəkəsinə çevrilməsi çərçivəsində həyata keçirilib. Boru kəməri 2022-ci ildə Misir zavodlarına ildə 19,8 milyon kubmetr qaz vurmağa başlayacaq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Misir və Kipr arasında 2013-cü ilin dekabrında imzalanan müqavilə ilə iki ölkənin müstəsna iqtisadi zonasını müəyyənləşdirməsi qanunsuzdur. Çavuşoğlu razılaşmanın Türkiyənin qitə şelfini pozduğunu iddia edib. Misir Neft Nazirliyinin sözçüsü Həmdi Əbdüləziz “Əl-Monitor”a deyib:  “Misir Kiprdən Şərq Aralıq dənizinin qazını mayeləşdirərək yenidən ixrac etməklə regional enerji qaynağı halına gəlmək istəyir. Ölkənin elə böyük irəliləyişi var ki, hər hansı bir aktorun onu zəiflətməsi çətindir. Misir Şərqi Aralıq dənizindəki qazanclarını qorumağa qadirdir. Həm də Misir Şərqi Aralıq dənizindəki iqtisadi zonada qaz və neft axtarmaq üçün İtaliyanın ENI şirkəti kimi transmilli qurumlarla əməkdaşlıq edir və bu səyi davam etdirəcək”.

Şərqi Aralıq dənizi bölgəsinin əhəmiyyətli strateji təbii qaz ehtiyatları 3,45 trilyon kubmetrdir”. Türkiyənin “Takvim” qəzeti isə baş verənlərlə bağlı yazır: “Türkiyənin gələcəyinin asılı olduğu coğrafi bölgə İran-Şimali İraq-Şimali Suriya-Şərqi Aralıq dənizi-Kipr xəttidir. Bu xətdə olan hər bir hadisə, oyun, hiylə, gizli görüş daim eyni başlıq çərçivəsində olur. Çünki onlar bir bütünün tərkib hissələridir. Prezident Ərdoğanın Fərat çayının şərqi və Şərqi Aralıq dənizilə bağlı etdiyi vurğular imperialist ölkələrin və onların beyinlərinin anlayacağı dildə idi: “Türkiyə Şərqi Aralıq dənizində öz hüquqlarını qorumaqda qərarlıdır. Adanın rum kəsimi Kipr türklərinin hüquqlarını nəzərə almadıqca, aqressiv siyasətlərini davam etdirdikcə lazımlı önləmləri almağa davam edəcəyik. Şərqi Aralıq dənizinin karbohidrogen ehtiyatlarının əsl sahiblərindən biri olan Şimali Kiprin haqlarının qəsb edilməsinə əsla izn verməyəcəyik”. Türkiyənin “Fərat qalxanı”, “Zeytun budağı”, Cerablus hərəkatlarının nə qədər böyük nəticələrə yol açdığını çox yaxşı görürük.

Ərdoğanın türk donanmasını inkişaf etdirmək üçün etdiyi həmlələrin nə qədər həyati olduğunu Şərqi Aralıq dənizində dolaşmaqda olan imperialist ölkə donanmalarını gördükcə daha yaxşı anlamaqdayıq. Ərdoğanın “tale xəttimiz”də, Türkiyənin gələcəyinin bağlı olduğu bu xətdə həyata keçirdiyi geopolitik həmlələr ölkəmizin yüz il sonrası üçün coğrafiya inşa edəcək, tarix dəyişdirəcək güc sıçrayışlarına yardımçı olmaqdadır. Artıq İrandan Aralıq dənizinə, Şərqi Qara dənizdən Bəsrə körfəzinə, oradan da Qırmızı dənizədək olan hər yerdə Türkiyə mövcuddur. Hesabı nə olursa-olsun, cənub qapılarımızı, Şərqi Aralıq dənizini itirməmək üçün müdaxilə edəcəyik. Əlimiz hara çatırsa, orada güc əldə edəcəyik. Artıq ölkəmizi Çörçillin cızdığı, Sayks-Pikonun nəzərdə tutduğu süni sərhədlərdə müdafiə etmirik. İmperialist Qərb xəritə cızıb, prezident Ərdoğansa o xəritəyə müdaxilə edir”.

Bu arada isə Rusiya ABŞ ordusunun Şərqi Aralıq dənizində hərbi varlığını artırmasından dolayı Cənubi Kiprə xəbərdarlıq edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Cənubi Kiprin ABŞ-la hərbi bazanın yaradılması ilə bağlı danışıqlar apardığını bildirib: “Amerikalı rəsmilər Cənubi Kiprdə hərbi bazanın yaradılması üçün danışıqlar aparıb. Rusiya ABŞ-ın Kiprdə hərbi varlığını artırmasına biganə qalmayacaq”.

Nahid SALAYEV

Son xəbərlər