11/12/2018 11:43
728 x 90

Azərbaycanın hərb variantından qorxan Paşinyan müttəfiqlərlə (?) “yumşaq yalvarış” siyasətinə başlayıb

“Onun bu yanaşması KTMT-ni təhqir etməyə yönəlib”

img

Vüqar Qədirov: “Oradakı ölkələrin üzərinə bir müttəfiqlik öhdəliyi də qoyub öz cinayətlərinə şərik etmək istəyir”

 

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan qabaqcadan bəyan etdiyi kimi, Sankt-Peterburqda KTMT-yə üzv ölkələrin qarşılıqlı öhdəlikləri məsələsindən danışıb və qurumda təmsil olunan ölkələrdən gileylənib.

Erməni KİV-lərinin verdiyi məlumata görə, Paşinyan bunu Rusiyanın erməni icması ilə görüşündə səsləndirib. “Biz dəqiq cavab almaq istəyirik. Heç kim bizi günahlandıra bilməz ki, müttəfiqlik öhdəliklərinin hansısa müddəasını yerinə yetirməmişik” - deyən N.Paşinyan Ermənistanı “etibarlı müttəfiq” adlandırıb. Ardınca qeyd edib ki, təəssüf, biz bunu KTMT-dəki digər partnyorlarımız haqqında deyə bilmərik. “Ona görə də biz deyirik: gəlin münasibətlərimizi aydınlaşdıraq, biz müttəfiqik, ya yox? Əgər müttəfiqiksə, onda biz öz öhdəliklərimizi yerinə yetirməliyik” - deyə N.Paşinyan üzv ölkələrə xitabən şikayətlənib. “Anlaşılmaz hərəkətlər”dən bəhs edən erməni baş nazir ardınca “biz bilməliyik, kimə inana bilərik, kimə yox” söyləyib. N.Paşinyan üzv ölkələri Azərbaycanı Qarabağ məsələsini silahlı yolla həll etməkdən daşındırmağa çağırıb. “Sual yaranır: KTMT bu alətdən istifadə edəcəkmi, ya yox? Bizim üçün bu, çox strateji məsələdir. Baş katiblik məsələsi isə ikinci dərəcəlidir, hətta 50-ci məsələdir. Qoy burada həmişə Belarus nümayəndəsi təmsil olunsun, ancaq bütün bunların müqabilində qarşılıqlı öhdəliklər yerinə yetirilsin” - Paşinyan KTMT-nin baş katibi postunda Belarus təmsilçisinin olacağı barədə Prezident Lukaşenkonun dediklərinə ironiya ilə reaksiya verib. Artıq məqsədinə nail ola bilməyən Paşinyan KTMT baş katibliyinə əhəmiyyətsiz məsələ kimi yanaşaraq, deyib ki, bizə belə formal statuslar lazım deyil: "Bizə qarşılıqlı razılaşmalar və onların tam həyata keçirilməsi lazımdır”.

Hiss olunur ki, Paşinyan Azərbaycanın öz torpaqlarını müharibə gücü ilə azad edə biləcəyi mövqeyindən çox narahatdır. Bunun üçün də KTMT-dəki müttəfiqlərindən ölkəmizi bu yoldan çəkindirməyi xahiş edir. Paşinyanın bu yanaşmasını necə qiymətləndirmək olar?

Politoloq Vüqar Qədirov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın bu açıqlaması qorxudan irəli gəlir: “Əvvəla o bilir ki, KTMT-dəki mövqelərini zəiflədib. Baş katib məsələsinin  tam həll olunduğuna şübhəsi olmadığı səbəbindən həmin postdakı təmsilçiliyi formal və 50-ci dərəcəli sayır. Onun bu yanaşması KTMT-ni təhqir etməyə yönəlib. Görünən budur ki, Paşinyan sanki KTMT-dən uzaqlaşmaq üçün səbəblər, bəhanələr axtarır. Ona görə də oradakı ölkələrin üzərinə bir müttəfiqlik öhdəliyi də qoyub öz cinayətlərinə şərik etmək istəyir. Bilir ki,  seçkilərdən dərhal sonra ondan Dağlıq Qarabağ problemi ilə bağlı addımların atılması tələb ediləcək. Ermənistandakı daxili auditoriyanın və Qarabağ klanının qorxusundan hansısa konstruktiv addımları atmağa cürət etmir. Belə olan təqdirdə Azərbaycanın yeganə yolu öz torpaqlarını silah gücü ilə azad etməkdən ibarət olacaq. Bunu biz dəfələrlə bəyan etmişik və həmin addımların atılması bizim tam haqqımızdır. Paşinyan istəyir ki, KTMT Ermənistanın işğalçılıq siyasətinə birmənalı dəstək versin. Bilir ki, bunun edilməsi mümkün deyil. Çünki həmin ölkələrin Azərbaycanla yaxşı münasibətləri var. Bununla yanaşı, Rusiya Dağlıq Qarabağ münaqişəsini nizama salmaqla məşğul olan vasitəçi ölkədir. Bəyəm Ermənistan xaricdən hansısa ölkənin hərbi təzyiqinə məruz qalır ki, KTMT onu müdafiə etsin? Bu cür ritorika və KTMT-yə bəslənən nifrətlə Ermənistanın qurumdakı gələcək fəaliyyəti sual altına düşür. Hesab edirəm ki, heç bir ölkə və ya qurum Azərbaycanın öz torpaqlarını lazım gəldiyi təqdirdə silah gücü ilə işğaldan azad etməsinə mane ola bilməz. Cünki uzun onilliklərdir Azərbaycan ərazilərinin sülh yolu ilə işğaldan azad olunması prosesinə sadiqlik nümayiş etdirir. Eyni zamanda, bildirir ki, Ermənistanın qeyri-konstruktivliyi bu şəkildə davam edəcəyi təqdirdə, biz müharibə yolu ilə ərazilərimizi azad etmək haqqını özümüzdə saxlayırıq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər