11/12/2018 11:40
728 x 90

Azərbaycanda parlamentarizm ənənəsinin əsasını qoyan Məclisin yaradılmasından ötən 100 il...

“17 ay ərzində fəaliyyət göstərməsinə baxmayaraq, bu parlamentdə 270-dən artıq qanun layihəsi müzakirəyə çıxarılıb və onlardan 230-u qəbul olunub”

img

Firdovsiyyə Əhmədova: “1918-ci ilin 7 dekabr tarixində açılan parlament çox çətin, mürəkkəb şəraitdə fəaliyyətə başlayıb, çünki Azərbaycanın dövlət müstəqilliyini qəbul etməyən qüvvələr parlamentin açılmasına qarşı idilər”
“Azərbaycan parlamentində milli azlıqları, eləcə də ölkəmizin bütün siyasi palitrasını əks etdirən bir fraksiya mənzərəsi mövcud idi”

 

7 dekabr dövlətçilik tariximiz üçün çox əhəmiyyətli bir gündür. 1918-ci ilin bu günündə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti yaradılıb. 1918-ci ilin 7 dekabr tarixində öz işinə başlayan və fəaliyyət göstərdiyi 17 ay ərzində Cümhuriyyət parlamentində xalqımız, dövlətçiliyimiz üçün böyük önəm kəsb edən mühüm qərarlar qəbul edilib.

Tarix üzrə fəlsəfə doktoru, tanınmış alim Firdovsiyyə Əhmədova “Bakı-Xəbər”ə bildirdi ki, Cümhuriyyət dövründə demokratik quruluşlu parlamentin yaradılması nəinki Azərbaycanda, eləcə də Müsəlman Şərqində çox əlamətdar hadisə idi.

F.Əhmədovanın sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra qarşısına qoyduğu ilk məsələ Müəssislər Məclisinin çağırılması idi. Lakin obyektiv səbəbdən Azərbaycan müəssislərini çağırmaq mümkün olmasa da, Azərbaycan Milli Şurası qanunverici hakimiyyəti icra edirdi. Ancaq Milli Şura da ikinci hökumətə hakimiyyəti təhvil verəndə, yenə də qarşıya Müəssislər Məclisinin çağırılması vəzifəsi qoyulmuşdu. Lakin 1918-ci ilin payızında Azərbaycan dövlətçiliyi ciddi sınaq məqamı yaşayarkən Azərbaycan Milli Şurası yenidən öz fəaliyyətini bərpa etdi və parlamentin çağırılması ilə bağlı qanun qəbul etdi. Beləliklə, 1918-ci ilin noyabr ayının 19-da Azərbaycan parlamenti haqqında qəbul edilən qanunda birmənalı şəkildə göstərildi ki, AXC ölkə ərazisində yaşayan bütün xalqların cümhuriyyətidir. Ona görə də parlament respublikada yaşayan bütün xalqların təmsilçiliyi ilə yaradılmalı idi. Bu prinsiplə hətta təmsilçiliyi Azərbaycan parlamentində yetərli olmayan milli azlıqlara da nümayəndə seçmək imkanı verildi. Parlament 11 fraksiya və 11 komissiyadan ibarət fəaliyyət göstərirdi. Hər bir komissiya bütün fraksiyaların təmsilçiliyi ilə təşkil olunurdu. Azərbaycan parlamentində milli azlıqları, eləcə də ölkəmizin bütün siyasi palitrasını əks etdirən bir fraksiya mənzərəsi mövcud idi. Azərbaycan parlamentinin üzvü olan deputatlar, demək olar ki, bütün qanun layihələrini 3-cü oxunuşdan sonra qəbul edirdilər. Bunlar hamısı da taleyüklü qanunlar idi. 1918-ci ilin 7 dekabr tarixində açılan parlament çox çətin, mürəkkəb şəraitdə fəaliyyətə başlayıb. Çünki Azərbaycanın dövlət müstəqilliyini qəbul etməyən qüvvələr parlamentin açılmasına qarşı idilər. Bütün təzyiqlərə rəğmən, məhz 7 dekabr tarixində parlament açıldı” - deyə bildirən F.Əhmədova qeyd etdi ki, Üzeyir Hacıbəyovun sözləri ilə desək, xalı-xalçalar, təmtəraq yox, ziyası ilə ucuz olan, lakin tarixi-siyasi əhəmiyyəti ilə çox möhtəşəm olan parlamentdə üçrəngli Azərbaycan bayrağı dalğalanırdı. Bütün müsəlman dünyasında, türk aləmində Avropa tipli ilk parlamentin açılmasının bizə çox şeylər qazandırdığını deyən tarixçi-alim bildirdi ki, bu parlamentin açılması Azərbaycanın parlamentarizm ənənəsi, parlamentli cümhiriyyət olaraq ilk imza atdığı bir addım idi. “17 ay ərzində fəaliyyət göstərməsinə baxmayaraq, bu parlamentdə 270-dən artıq qanun layihəsi müzakirəyə çıxarılıb və onlardan 230-u qəbul olunub.  O qanunlar ölkəmizin təməl sütununu təşkil edən sahələr üzrə qəbul edilən qanunlar idi”. Alimin sözlərinə görə, qəbul edilən qanunlar arasında Azərbaycan vətəndaşlığına dair, ölkəmzin beynəlxalq aləmdə tanıdılması üçün nümayəndə heyətinin təşkil edilməsi, ordu quruculuğu, Bakı Dövlət Universitetinin açılması, 100 tələbənin xaricə göndərilməsi, Müəssislər Məclisinin açılması ilə bağlı komissiyanın yaradılması və s. idi. O vurğuladı ki, bu qanunların hamısı uzunmüddətli, böyük strateji əhəmiyyətli qanunlar olub. “Azərbaycan parlamenti qısa müddət yaşadı, Cümhuriyyətin süqutu ilə onun da fəaliyyətinə son qoyuldu. Cümhuriyyət parlamentində qəbul edilən qanunlar arasında 100 ilə yaxın bir müddətdə Azərbaycan tarixinə, ictimai fikrinə, mədəniyyətinə, maarifçiliyinə xidmət edən bir sıra təsisatlar var ki, onlardan biri də  Bakı Dövlət Universitetidir. Cümhuriyyət süqut etsə də, parlamentin fəaliyyəti dayandırılsa da, ancaq onların açdıqları universitet bir elm məbədi olaraq Azərbaycan təhsilinə, mədəniyyətinə böyük töhfələr verib. Cümhuriyyət parlamentində ən səciyyəvi bir xüsusiyyət etik-siyasi normalara, siyasi polemikalara, müzakirələrə, siyasi polemika mədəniyyətinə riayət edilməsi idi. Eyni zamanda da demokratik prinsiplər, Azərbaycan dilinin dövlət dili kimi öz qüvvəsini saxlaması, ölkəmizin təhlükəsizlik məsələsinə diqqət yetirilməsi ilə əlaqədardır. Azərbaycan parlamentində müzakirə edilən məsələlər heç də təkcə Cümhuriyyət hüdudları ilə kifayətlənmirdi, qonşu dövlətlərin də maraqlarına Azərbaycan hökuməti, parlamenti daim həm qonşu kimi, həm də öz təhlükəsizliyi baxımından böyük töhfələr verib”. F.Əhmədova qeyd etdi ki, parlamentdə parlamentin yaranmasının 1 illiyi və Azərbaycanın beynəlxalq aləmdə tanıdılması ilə bağlı çox mühüm iclaslar keçirilib. “Bu gün bizə Azərbaycan parlamenti gözəl, demokratik, sivil idarəetmə mədəniyyəti miras qoyub və bu mədəniyyətə görə müasir Azərbaycan dövlətini dünyanın sivil cəmiyyətləri, demokratik dövlətləri təqdir edirlər. Azərbaycan xalqı da bundan qürur duyur” - deyə F.Əhmədova bildirdi.

İradə SARIYEVA 

Son xəbərlər