11/12/2018 11:42
728 x 90

Azərbaycan və Ermənistan XİN başçılarının 2018-ci ildə ilk birgə razılaşdırılmış bəyanatı...

“Bu onu göstərir ki, Nikol Paşinyan müəyyən dərəcədə danışıqlarda maraqlıdır”

img

Məhəmməd Əsədullazadə: “Hazırda danışıqlarda real bir irəliləyiş olmasa da, bu cür birgə bəyanat pozitiv addımdır”

 

İl ərzində ilk dəfədir ATƏT-in Minsk Qrupunun həmsədrləri, Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən birgə bəyanatı razılaşdırmağa nail olduq”. Bu fikri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında çıxışı zamanı bildirib.

Onun fikrincə, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə çox mühüm və faydalı məsləhətləşmələr keçirildi: “Ən vacib məqamlardan biri, əlbəttə ki, intensiv və nəticəyə yönəlik, o cümlədən yüksək səviyyədə danışıqların aparılmasıdır. Hesab edirəm ki, Ermənistanda seçkilər yekunlaşdıqdan və yeni hökumət formalaşdıqdan sonra biz gələn il ciddi irəliləyiş əldə etməli və bölgəyə sülh, sabitlik və tərəqqinin gətirilməsi imkanını yaratmalıyıq”.

ATƏT məkanında mövcud münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır. Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinə əsaslanır.

Beynəlxalq hüquqdan irəli gələn prinsiplərin təmin edilməsi ilə bağlı işlər görülsə və ATƏT bununla bağlı ortaya siyasi iradə qoysaydı, hər halda, Dağlıq Qarabağ münaqişəsinin həlli bu qədər uzanmazdı. Təəssüflər olsun ki, ikili standartlar və digər səbəblər üzündən bununla bağlı konkret mövqe yoxdur. Münaqişənin həll olunmaması isə, ümumilikdə, regionun inkişafına mənfi təsir edir. Eyni zamanda, bir sıra beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri üçün təhdid mənbəyidir. O baxımdan beynəlxalq qurumlar işğalçı tərəfə təzyiqləri artırmalıdırlar.

Bütün bu deyilənlərin fonunda, Elmar Məmmədyarovun “İl ərzində ilk dəfədir ATƏT-in Minsk Qrupunun həmsədrləri, Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən birgə bəyanatı razılaşdırmağa nail olduq” açıqlaması münaqişənin həlli ilə bağlı nə kimi perspektivlər vəd edir? Bu, münaqişənin həllinə nə kimi təsir göstərə bilər?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Milanda ATƏT xarici işlər nazilərinin toplantısında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə danışıqlar aparması, birgə bəyanat verilməsi Ermənistanın yeni hakimiyyətinin sələfilərindən fərqli yeni siyasət ortaya qoyacağı rəyi yaradır: “Bu onu göstərir ki, Nikol Paşinyan müəyyən dərəcədə danışıqlarda maraqlıdır. Çünki onun hakimiyyətindən demokratik açılım tələb edilər. Yeni islahatlar gözlənir. Bu da məhz Qarabağ konfliktinin həllindən aslıdır. Bu gün Ermənistan işğalçılıq siyasətinin girovudur. Bu girovluqdan çıxmaq, azad dünyaya inteqrasiya etmək üçün Paşinyanı hakimiyyətə Qərb gətirib ki, problemlərin həllinə tədricən nail olsun. Hesab edirəm ki, Milanda qəbul edilən birgə bəyanat bu ssenari üzrədir. Bu ölkədə keçiriləcək parlament seçkilərindən sonra İrəvanın Qarabağla bağlı siyasəti tam aydın olacaq. Hazırda danışıqlarda real bir irəliləyiş olmasa da, bu cür birgə bəyanat pozitiv addımdır. Amma qarşıdakı aylarda müəyyən qüvvələr bu danışıqlar prosesinə mane ola bilər. Bu da yenidən danışıqlarda çıxılmaz vəziyyət yarada bilər. Ancaq nəzərə almaq lazımdır ki, ABŞ-ın həmsədr kimi mövqeyi artıq bəllidir. İşğal olunmuş ərazilər qaytarılmalı, status-kvo davam etdirilməməlidir. Bu mövqe Vaşinqtonun regionda artan maraqlarından irəli gəlir. Fransa və Rusiya isə münaqişənin idarə olunmasında maraqlıdırlar. E.Məmmədyarov və Z.Mnaskanyanın görüşündə danışıqların detalları barədə ətraflı məlumat verilməsə də, növbəti görüşün keçirilməsi razılaşdırılıb. Görünən odur ki, hər iki tərəf bu görüşdən razı qaldığını qeyd edib”.

Vidadi ORDAHALLI

Son xəbərlər