11/12/2018 11:56
728 x 90

Məmmədyarov Ermənistanın faktaraşdırma missiyaları ideyasına pozuculuğu ilə bağlı ATƏT rəhbərlərini fakt qarşısında qoydu…

“Ermənistan tərəfindən son illər işğal edilmiş ərazilərimizdə süni surətdə əhali məskunlaşdırılmasını təsdiqləyən faktlar mövcuddur”

img

Yeganə Hacıyeva:ATƏT-in Minsk Qrupunun Ermənistanın imtina etməsi səbəbilə Azərbaycanın işğal olunmuş ərazilərinə faktaraşdırıcı qiymətləndirmə missiyasını göndərməsində uğursuzluq...

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında çıxışı zamanı Ermənistan dövlətinin Dağlıq Qarabağla bağlı gedən proseslərdə sülhün yaranmasına necə mane olduğundan və onların tutduğu qeyri-konstruktiv mövqedən danışıb.

Nazir bildirib ki, biz danışıqlar formatının sual altına alınması ilə bağlı Ermənistanın davamlı cəhdlərini müşahidə edirik: “Diasporunun fəal dəstəyi ilə Yerevan yüz minlərlə azərbaycanlı məcburi köçkünün, onların doğma yurd-yuvalarına qayıtmaq hüququ da daxil olmaqla, insan hüquqlarının pozulması, Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirilməsi ilə bağlı qanunsuz təcrübəsini davam etdirir. 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını kobudcasına pozan Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşmanı və digər fəaliyyətlərini davam etdirməkdədir. İşğal olunmuş ərazilərdə qanunsuz hərbi və mülki infrastrukturun yaradılması da daxil olmaqla, Ermənistan tərəfinin qanunsuz fəaliyyəti onun işğalı möhkəmləndirmək və baş vermiş faktla (fait accompli) üz-üzə qoymaq məqsədi daşıyan niyyətini və sistemli siyasətini nümayiş etdirir. Bu addımlar, xüsusilə də Ermənistanın imtina etməsi səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərinə faktaraşdırıcı qiymətləndirmə missiyasının göndərilməsində uğursuzluq sülh prosesində etimada xələl gətirir”.

Göründüyü kimi, Elmar Məmmədyarov işğal altında olan torpaqlarımızda faktaraşdırıcı qiymətləndirmə missiyasının uzun müddətdir Ermənistanın maneələri səbəbindən aparılmadığını  vurğulayır. Ermənistanı bu mövqeyindən çəkindirmək üçün beynəlxalq birlik hansı addımları atmalıdır?

Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, ATƏT-in üzv dövlətlərin ərazilərini əhatə edən coğrafiyada işğal altında olan və ya mübahisəli zonalarda demoqrafik dəyişikliklərin araşdırılması, məskunlaşma siyasətinin aparılması, təbii sərvətlərdən qanunsuz istifadə, çirkli pulların yuyulması, infrastrukturun dəyişdirilməsi və maddi-mədəni irsin məhv edilməsi faktlarının araşdırılması istiqamətində faktaraşdırıcı missiya təşkili məsuliyyəti mövcuddur: “ATƏT-in Minsk Qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin nizamlanması tarixində, son illlərdə həmsədrlərin və faktaraşdırıcı missiyanın işğal altında olan Azərbaycan torpaqlarına cəmi iki dəfə - 2005 və 2011-ci illərdə səfərləri və bu səfərlərdə faktaraşdırıcı missiyanın müşahidəsi əsasında iki hesabatı dərc olunub. Azərbaycanın işğal altında olan ərazilərinə səfər edən faktaraşdırıcı missiyanın müşahidə və təhlilləri əsasında BMT və ATƏT üçün iki hesabat hazırlanmışdı. Hesabatların hər ikisində Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafiyanın dəyişdirilməsi faktı, qanunsuz məskunlaşma faktının, təbii sərvətlərdən qanunsuz istifadə, infrastrukturun dəyişdirilməsi faktı əksini tapıb”.

Politoloqun sözlərinə görə, hesabatda əksini tapan məlumatlar ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT MQ-nin faktaraşdırıcı missiyası üzvlərinə Azərbaycan XİN, Milli Təhlükəsizlik nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Torpaq Komitəsinin təmsilçiləri ilə keçirilmiş  görüşlərdə təqdim olunub. Azərbaycan tərəfi faktaraşdırıcı missiyaya işğal olunmuş ərazilərdə məskunlaşma ilə bağlı video, audio materiallar və xəritələr təqdim edib və Azərbaycanın işğal olunmuş ərazilərində 23 minədək insanı əhatə edən qanunsuz məskunlaşmanı sübut edən dəlillər təqdim edib: “ATƏT-in faktaraşdırıcı missiyasının hesabatında əksini tapmış mühüm məqamlardan biri  kimi, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşmanın aparılmasını sübut edən məqam məskunlaşdırılmış insanların şəxsiyyətini təsdiq edən heç bir sənədin mövcud olmaması faktı idi.

Azərbaycan BMT Baş Məclisinin 59-cu sessiyasında işğal altında olan torpaqlarına ermənilərin qanunsuz köçürülməsi ilə bağlı məsələ qaldırıb. ATƏT coğrafiyasında digər mübahisəli ərazilərdə qurumun mütəmadi faktaraşdırıcı missiyasının fəaliyyətinin şahidi oluruq. Son illərdə  isə Ukraynanın mübahisəli vilayətlərində mütəmadi təşkil olunan faktaraşdırıcı missiyaların   timsalında bunu misal göstərə bilərik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin  nizamlanması tarixində ATƏT-in Minsk Qrupunun bu qədər az faktaraşdırıcı missiya təşkilinin məsuliyyəti birbaşa Ermənistanın üzərindədir və Ermənistan bütün vəchlə Azərbaycanın işğal edilmiş ərazilərində faktaraşdırıcı missiyanın həyata keçirilməsinə imkan vermir. Məsələ ondadır ki, ATƏT üzvü kimi Azərbaycanın işğal edilmiş ərazilərində baş verən bütün qanunsuz fəaliyyətdə ATƏT-in digər üzvü olan işğalçı Ermənistan qədər, onun bu təcavüzkar fəaliyyətinə  loyallıq göstərən üçüncü tərəflərin - ATƏT-in, BMT-nin və digər beynəlxalq təşkilatların da məsuliyyəti mövcuddur”.

Yeganə Hacıyevanın sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qanunsuz fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran edilməsi ilə əlaqədar Azərbaycanın müraciəti əsasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə bölgəyə faktaraşdırıcı missiya göndərməsi vacibdir: “Ermənistan tərəfindən son illər işğal edilmiş ərazilərimizdə süni surətdə əhali məskunlaşdırılmasını təsdiqləyən faktlar mövcuddur, məsələn,  etnik erməni olan 20 min suriyalı qaçqını, beynəlxalq hüquqa zidd olaraq, işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir.

Bu fakt özlüyündə beynalxalq hüququn və humanitar konvensiyaların bir neçə bəndinin aşkar pozulması ilə müşayiət olunur. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində etnik ermənilər  Suriyada müharibədən əziyyət çəkən qeyri-müsəlman azlıqların müdafiəsi adı altında, humanitar proqram çərçivəsində yerləşdirilir .

Bu addımı humanitar məqsədlərlə deyil, əksinə, beynəlxalq humanitar donor təşkilatlarının imkanları hesabına, işğal faktının möhkəmləndirilməsi məqsədilə, beynəlxalq ictimaiyyətin də aldadılması ilə baş verir.

Digər tərəfdən, faktaraşdırıcı missiyanın diqqətə almalı olduğu məqamlardan biri də Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəni irsin məhv edilməsi, ən əsası, turizmin qurulması və işğal altındakı ərazilərə müxtəlif mədəniyyət və təhsil proqramları adı altında qanunsuz səfərlərin təşkil edilməsi faktlarının araşdırılması mövzusudur.

ATƏT-in Minsk Qrupunun Ermənistanın imtina etməsi səbəbilə Azərbaycanın işğal olunmuş ərazilərinə faktaraşdırıcı qiymətləndirmə missiyasını göndərməsində uğursuzluq, qurumun özünün nüfuzuna,  nizamlanma və sülh prosesində üzərinə götürdüyü öhdəliklərə və ümumilikdə, özünün baza prinsiplərinə sədaqətinə və ona olan etimada xələl gətirir.

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma və digər fəaliyyətlərini davam etdirməkdədir. İşğal olunmuş ərazilərdə qanunsuz hərbi və mülki infrastrukturun yaradılması da daxil olmaqla, Ermənistan tərəfinin qanunsuz fəaliyyəti onun işğalı möhkəmləndirmək və baş vermiş faktla üz-üzə qoymaq məqsədi daşıyan niyyətini həyata keçirməsi istiqamətində real və sistemli siyasət yürütməsidir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər