11/12/2018 11:43
728 x 90

ATƏT-ə sərt təpki – “Vyana görüşündən sonra Qarabağ məsələsində heç bir konkret iş görülməyib”

Nəzakət Məmmədova: “Bütün bunları Azərbaycan diplomatiyası görür və bu səbəbdən də belə sərt tələblər ortaya qoyur”

img

“Həmin güclərdən heç bir tərpəniş yoxdursa...”

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında çıxışı zamanı beynəlxalq təşkilatlara sərt ismarıclar ünvanlayıb. O bildirib ki,  ATƏT məkanında mövcud münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır. Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinə əsaslanır. Nazir deyib: “Vyanada keçirilmiş Nazirlər Şurasının sonuncu sessiyasından indiyədək biz Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heç bir konkret irəliləyiş görməmişik. Əfsuslar olsun ki, gücdən istifadə etməklə ərazilərin ilhaqının yolverilməzliyi, beynəlxalq hüququn ciddi pozulması ilə nəticələnmiş vəziyyətin tanınmaması öhdəliyi və bu vəziyyətin saxlanmasına köməklik və ya yardım göstərilməsindən çəkinmək kimi fundamental prinsiplər vasitəçi ölkələr tərəfindən selektiv tətbiq olunur...”.

Göründüyü kimi, XİN rəhbərinin bu iradı beynəlxalq təşkilatlara və münaqişənin həlli ilə yaxından məşğul olan ölkələrə ünvanlanıb. Azərbaycanın bu sərt ritorikasını necə dəyərləndirmək olar?

Politoloq Nəzakət Məmmədova qəzetimizə bildirdi ki, Azərbaycanın bu ritorikası başadüşülən və lazımidir: “Əslində, biz bu addımları bir qədər əvvəl atmalıydıq. Görünür, bizim diplomatiyanın başında duran Məmmədyarov situasiyanı daha yaxşı dəyərləndirməyi bacarır və bunu hazırkı məqam üçün zəruri bilib. Güman edirəm ki, bu, regionda gedən geosiyasi proseslərlə bağlıdır. Hazırda bizim təmsil olunduğumuz coğrafiyada elə proseslər baş verir ki, bizim önəmimiz artır. Bunun da fonunda Azərbaycanın manevr və seçim imkanları genişlənir. Cənubi Qafqaz uğrunda gedən mübarizədə açar ölkə Azərbaycandır. Rusiya, Avropa və ABŞ Gürcüstanda və Ermənistanda nə qədər nüfuz dairələrini genişləndirməyə çalışsa da, yenə də son nöqtə Azərbaycandır. Üstəlik də bizə seçimlər təklif olunur. Bilirsiniz ki, Kollektiv  Təhlükəsizlik Müqaviləsi Təşkilatından da bizə müəyyən çağırılar edilir. Orada bizi müşahidəçi qismində görmək istəyirlər. Digər tərəfdən, Qərbin və ABŞ-ın da ölkəmizlə bağlı müəyyən planları və təklifləri var. Əslində, bu imkanlar əvvəl də olub. Hazırda isə Azərbaycan bunu daha real hiss edir. Məhz bu səbəbdən də bir qədər ritorikanı sərtləşdirib və tələbkar tonda danışmağa başlayıb. Eyni zamanda, biz görürük ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağdakı proseslərlə yanaşı, həm də Ermənistanın öz daxilində baş verən seçki saxtakarlıqlarına da göz yumurlar. Bununla yanaşı, biz Ermənistan hakimiyyəti ilə qondarma qurum arasında da müəyyən fikir ayrılıqlarını görürük ki, bu da Dağlıq Qarabağla bağlı proseslərə yaxşı nəsə vəd etmir. Ermənistandakı seçkiyə belə loyal münasibət bəsləyən beynəlxalq qurumların seçkidən sonra da eyni mövqedə qalacağına şübhə yoxdur. Bütün bunları Azərbaycan diplomatiyası görür və bu səbəbdən də belə sərt tələblər ortaya qoyur. Həmin güclərdən heç bir tərpəniş yoxdursa, biz niyə onlarla sərt tələbləri irəli sürərək danışmamalıyıq. Bu baxımdan da Elmar Məmmədyarovun ritorikasını alqışlayıram. Doğrudan da Vyana görüşündən sonra bu istiqamətdə hər hansı bir irəliləyiş nəzərə çarpmır”.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər