15/12/2018 16:11
728 x 90

“Ermənistan 30-cu illərin Almaniyası, Paşinyan isə Hitler…”

Düşmən ölkədə faşizm metodları işə salınır

img

Ermənistanda növbədənkənar parlament seçkiləri ilə bağlı noyabrın 26-dan başdanan təbliğat-təşviqat kampaniyası sona çatıb. Bu müddət ərzində yadda qalan başlıca məqam isə baş nazirin vəzifələrini icra edən Nikol Paşinyanın rəqiblərinə qarşı administariv təzyiqləri gücləndirməsidir.

Elə indinin özündə də, erməni mediasının yazdığına görə, Paşinyan rəqiblərini güc yolu ilə sıradan çıxarmağa çalışır. Ermənistandakı “Surb Qriqor Lusavoriç” tibb mərkəzinin keçmiş direktoru, sabiq prezident Serj Sarkisyanın qudası Ara Minasyana məxsus bank hesablarının dondurulması,  əmlakına isə həbs qoyulması bunun təsdiqi sayılır.

Ermənistanın İstintaq Komitəsinin Mətbuat xidməti faktı təsdiq edib. Ermənistanın “168 saat” qəzeti Ara Minasyanın həbsini də istisna etmir.

Daha əvvəl verilən məlumata görə, 2016-cı ildən 2017-ci ilin sentyabr ayınadək keçmiş direktor sənədləri saxtalaşdırmaq yolu ilə  tibb mərkəzi ilə Səhiyyə Nazirliyi arasında imzalanmış müqavilə çərçivəsində həyata keçirilən “Dövlət idarə və təşkilatları işçilərinə sosial zərflər verilməsi” proqramı üçün dövlət büdcəsindən ayrılan külli miqdarda maliyyə vəsaitlərini ələ keçirib.

“168 saat” qəzeti etibarlı mənbələrinə istinadən yazır ki, parlament seçkiləri günündə hakimiyyət Serj Sarkisyanın sədrlik etdiyi Respublika Partiyasının qərargahına da basqın edəcək. Qeyd olunur ki, Nikol Paşinyanın əmrlərini icra edən güc strukturlarının respublikaçilarin qərargahına qəfil basqını üçün əsas var  və bu da seçkilərdə səslərin rüşvətlə alınacağına dair polisə edilən “zənglər”dir. Qəzet yazır: “Ölkədəki hakimiyyətin bu addımının başlıca məqsədi seçkiqabağı anti-təbliğat, qorxu atmosferinin gücləndirilməsi və müxalif partiyaların qərargahlarında işlərin iflic edilməsidir. Mənbəmiz istisna etməyib ki, qərargahla yanaşı, respublikaçıların Melik Aramyan 2 ünvanında yerləşən mərkəzi ofisi də basqın hədəfinə çevriləcək”.  O da qeyd olunur ki, konkret “zənglər” və “şikayətlər” varsa, polisin basqın üçün məhz seçki gününü gözləməsi bütün bunların sadəcə Paşinyanın ucuz şousu olduğunu və ölkənin əsas müxalif partiyasının qələbəsindən ehtiyatlandığını sübut edir. Ümumiyyətlə, Nikol Paşinyanın göstərişi əsasında ölkənin güc strukturları növbədənkənar parlament seçkilərində qələbə şansı yüksək olan rəqib partiyalara qarşı təhdid metoduna keçiblər.

Digər məlumata görə, Milli Təhlükəsizlik Xidməti “Erməni qartalı” - Vahid Ermənistan Partiyası sədrinin müavini Mqrer Yeqizaryanı da  həbs edib. Bildirilir ki, Yeqizaryan 2014-cü ildən dələduzluq yolu ilə ölkənin bir neçə vətəndaşının əmlakını mənimsəyib. Hətta o, hərbçilərin etbarından sui-istifadə edərək, başqalarına qarşı da çirkin əməllərini həyata keçirib. Partiya funksioneri 10 min dollar rüşvət qarşılığında onları işə düzəldəcəyini vəd edib. Amma Yeqizaryan bunu siyasi təzyiq adlandırır. Serj Sarksiyana yaxınlığı ilə tanınan parlamentin üzvü, respublikaçı Aram Arutunyanın da həbsinə hazırlıq gedir. Bu fonda parlamentin vitse-spikeri Eduard Şarmazanov Paşinyanda faşizmin əlamətlərini gördüyünü açıqlayıb. Onun sözlərinə görə, bu şəxs Ermənistanı faşist Almaniyasına çevirmək istəyir: “Paşinyan nifrət təbliğatı ilə məşğuldur. O, Ermənistanı 1930-cu illərin Almaniyasına bənzətməyə, özü isə Hitlerə oxşamağa çalışır. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan siyasi rəqiblərini güc strukturlarının hesabına qorxudur”.

“Jamanak” qəzeti isə bildirir ki, Ermənistanda dövlət qurumlarında işləyən xeyli sayda məmur yeni il bayramından sonra kütləvi şəkildə işdən çıxarılacaq. Qəzet onların çoxunun Serj Sarksiyan hakimiyyətində vəzifədə yer alanlar olduğunu yazır. Məqalədə qeyd olunur ki, çox sayda məmura dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra işsiz qalacaqları barədə xəbərdarlıq edilib: “Diaspor, Mədəniyyət, Xarici işlər, İdman və gənclərlə iş üzrə nazirliklərin əməkdaşları işsiz qalacaqları barədə məlumatlandırılıb”.

Paşinyanın rəqibləri bütün bunları yeni təzyiq dalğası adlandırır və ona qarşı əks həmlələr təşkil edirlər. Məhz belə bir vaxtda müxalifətə yaxınlığı ilə tanınan Ermənistanın “Voskanapat.info“ saytı Nikol Paşinyanın Azərbaycanın işğal altındakı torpaqlarında hərbi xidmət keçən oğlu ilə bağlı yeni maraqlı məlumatlar yayıb:

“Ölkəmizin ən ağır vaxtlarında hərbi xidmətdən yayınan “dizertir-baş nazir”in oğlu Aşot Paşinyan yüksək rütbəli mühafizəçi zabitlərin müşayiəti ilə Xankəndi küçələrində gəzərkən görülüb. Başqa vaxt isə Paşinyanın oğlunun Xankədinin məşhur Tumanyan-57 küçəsindəki “Florens Qarden” restoranında alkoqollu içkilərlə öz yanını isitdiyi bütün Qarabağ ermənilərinə məlumdur. Bundan başqa, o, alkoqollu içkilərdən sonra ermənilərin say-seçmə qızlarını öz yanına gətizdirir”. 

Xatırladaq ki, Nikol Paşinyanın oğlu Aşot Paşinyan 2018-ci il iyulun 9-da, guya ki, öz istəyi ilə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə könüllü hərbi xidmətə yollanmışdı. Onun hərbi xidmətini komfortlu şəraitdə keçirməsi, imtiyazlı olması və zabitlər tərəfindən qorunması barədə çoxsaylı məlumatlar verilir. Ölkə müxalifəti isə Aşot Paşinyanın Qarabağa xidmətə göndərilməsini Nikol Paşinyanın öz reytinqini əldə saxlamaq üçün atdığı addım kimi qiymətləndirir. Amma erməni ordusunda yaşanan fəlakətlər fonunda bu məqam qətiyyən Paşinyanın lehinə işləmir.

Tahir TAĞIYEV

Son xəbərlər