15/12/2018 16:12
728 x 90

Azərbaycan çirkli pullara və terrorun maliyyələşdirilməsinə qarşı ən mükəmməl mübarizə aparan ölkə oldu…

“Bu bir daha göstərir ki, Azərbaycan dövləti qlobal miqyasda iqtisadi təhdidlər yaradan bütün komponentlərlə mübarizə sahəsində ciddi işlər görmək kimi iradəsini ortaya qoyub”

img

Günel Fərhadqızı: “Xüsusilə də bu sahədə bizim milli qanunvericiliyimizi başqa ölkələr üçün örnək kimi göstərmək olar”

 

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətindən verilən məlumatda bildirilir ki, Avropa Şurasının MONEYVAL Komitəsi Azərbaycan Respublikasının pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemini müsbət dəyərləndirib. Cari ilin 5 dekabr tarixində Avropa Şurasının MONEYVAL Komitəsinin

57-ci plenar iclası çərçivəsində Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənib.

Müzakirələrin nəticələrinə uyğun olaraq qəbul olunmuş qərarda IV raund çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 40+9 Tövsiyəsinin, o cümlədən MONEYVAL-ın onlardan irəli gələn tövsiyələrinin Azərbaycan Respublikası tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd edilib. Həmçinin, ölkədə bu sahədə aparılmış islahatlar yüksək dəyərləndirilib, hüquqi bazanın təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətlər xüsusi olaraq vurğulanıb.

Göründüyü kimi, Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemi beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilib. Azərbaycan belə ciddi uğura nəyin və hansı fəaliyyətlərin tətbiqi sayəsində nail olub?

İqtisadçı Günel Fərhadqızı qəzetimizə bildirdi ki, MONEYVAL işçi qrupunun ötən dəfəki hesabat nəticələrində ölkəmizin reytinqi aşağı idi, qiymətləndirmə zamanı bir sıra neqativ halların olduğunu bildirmişlər, hətta maliyyə institutlarının, ölkəmizin reytinqi beynəlxalq qiymətləndirmə reytinqində aşağı salınmışdı: “Bu da ölkəmizin işgüzar nüfuzu və maliyyə institutlarının, yerli iri şirkətlərin fəaliyyəti, inkişafı və dünya bazarına çıxması, dünya bazarında məhsul satışı, xidmət göstərməsi, iş görməsi üçün maneə yaradırdı. Buna görə də dövlət bunun ciddiliyini nəzərə alıb, qanunvericilikdə müvafiq dəyişikliklər etdi, maliyyə institutlarının fəaliyyətini il ərzində yoxlayıb, neqativ halların aradan qaldırılması üçün vaxt verildi, nöqsanları aradan qaldırmayan qurumlara qarşı sərt tədbirlər görüldü, sanksiyalar tətbiq edildi, bəzilərinin lisenziyalarının məhdudlaşdırılması ilə bağlı əməli tədbirlər görüldü. Eləcə də ölkədən xarici valyutanın çıxarılması, anonim hesabların açılması, şel banklarla işlərin aparılması, ofşor zonalarla əməkdaşlığın qarşısının alınması, mənbəyi məlum olmayan vəsaitlərin leqallaşdırılması üçün vasitəçilərlə əməkdaşlıq, gəlirin leqal olmasını təsdiqləyən sənədlərin tələb edilməsi budəfəki hesabatda ölkəmizin real işlər gördüyünü göstərir. Ona görə də bu cür hesabatda göstərilən nəticələrin ictimailəşməsi həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilməlidir.

Bu cür davam edərsə, o zaman maliyyə institutlarına beynəlxalq maliyyə bazarlarında etibarın yenidən artması və reytinqlərinin qalxması ilə nəticələnə və ucuz maliyyə vəsaitlərinin, xarici valyutanın ölkəyə cəlb edilməsinə səbəb ola bilər. Bu bir daha göstərir ki, Azərbaycan dövləti qlobal miqyasda iqtisadi təhdidlər yaradan bütün komponentlərlə mübarizə sahəsində ciddi işlər görmək kimi iradəsini ortaya qoyub. Xüsusilə də bu sahədə bizim milli qanunvericiliyimizi başqa ölkələr üçün örnək kimi göstərmək olar”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər