15/12/2018 16:10
728 x 90

Ermənistanın KTMT baş katibliyi barədə son oyununa Zaxarovadan sərt təpki…

“Paşinyan gözəl anlayır ki, 6 dekabrda Sankt-Peterburqda ona uğur vəd edən nəsə gözlənilmirdi”

img

Əhəd Məmmədli: “Rusiyanın bir daha Zaxarova səviyyəsində KTMT ilə bağlı tədbirin məhz Ermənistanın xahişi ilə təxirə salınmasını təsdiqləməsi Paşinyanın və komandasının acınacaqlı durumda olmasından xəbər verir”

 

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın mətbuat katibi Arman Yeqonyanın Prezident Vladimir Putinin köməkçisi Yuri Uşakova bağlı açıqlamasına münasibət bildirib.

Yeqonyan Uşakovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasının təxirə salınması barədə sözlərini təkzib edib. Bildirib ki, Ermənistan KTMT-yə üzv dövlətlərin liderlərinin 6 dekabr tarixində nəzərdə tutulan sammitinin ləğvini xahiş etməyib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova hesab edir ki, Yuri Uşakovun sözlərinin təsdiqinə ehtiyac duymur. Bundan əlavə, Zaxarova vurğulayıb ki, Yeqonyanın bəyanatı forma və məzmun baxımından narahatlıq doğurur.

Qeyd edək ki, Yeqonyandan fərqli olaraq, Uşakov KTMT-nin 6 dekabr sammitinin Ermənistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkiləri ilə əlaqədar təxirə salındığını bəyan edib: “Astanadakı görüşdə liderlər növbəti sammitin 6 dekabrda keçirilməsi barədə razılığa gəlmişdilər. Lakin 9 dekabr parlament seçkiləri ərəfəsində keçirilən seçki kampaniyasını əsas gətirən Ermənistan hökumətinin xahişi nəzərə alınaraq, KTMT-nin sammitini keçirməməyi qərarlaşdırdıq”.

Göründüyü kimi, M.Zaxarova Ermənistan rəsmisinin həqiqətdən uzaq açıqlama verdiyini bəyan edib və tam olaraq təsdiqləyib ki, KTMT-nin sammiti Ermənistanın bilavasitə xahişi ilə təxirə salınıb. Ermənistanın belə bir məlumatı təkzib etməkdə hansı marağı ola bilər?

Politoloq Əhəd Məmmədli qəzetimizə bildirdi ki, bunun başlıca səbəbi Ermənistanın öz uğursuzluqlarını pərdələmək istəyidir: “Bundan əlavə, hiss olunur ki, Ermənistandakı dövlət institutları tam yerində oturmayıb. Qurumlar arasındakı koordinasiya tam olaraq sıradan çıxıb. Artıq neçənci dəfədir biz Ermənistanın ali rəsmilərinin bir-birini təkzib etməsinin şahidi oluruq. Ən maraqlısı isə budur ki, belə hallar çox mühüm məsələlərlə bağlı yaşanır. Ermənistan  Astanada yaşadığı KTMT məğlubiyyətindən sonra hələ də özünə gələ bilmir. Faktiki olaraq, quruma üzv olan ölkələrin hamısı onların namizədini baş katib kimi görmək istəmədi.  Ermənistan ciddi müqavimət göstərməyə çalışdı, amma faydası olmadı. Əksinə, Paşinyanın Belarus lideri Lukaşenko və Qazaxıstan Prezidenti Nazarbayevlə bağlı səsləndirdiyi fikirlər bumeranq effekti ilə öz üzərinə qayıtdı. Paşinyan gözəl anlayır ki, 6 dekabrda Sankt-Peterburqda ona uğur vəd edən nəsə gözlənilmirdi. Əksinə, Astananın davamı olacaq və Ermənistan KTMT-dəki baş katib təyin etmək kimi imkandan məhrum olacaq. Təbii ki, onlar bilirlər ki, bu, Ermənistandakı seçki kampaniyası üçün çox ciddi təsir gücünə malik olan bir tədbirdir. Bu baxımdan da tədbirin Paşinyanın xahişi ilə təxirə salınmasına şübhə belə ola bilməz. Ermənistan rəsmisinin Rusiyadan səslənən bəyanatı təkzib etməyə çalışması ilə onlar özlərini bir daha biabır etdilər. Sanki bununla demək istəyirlər ki, biz kimdənsə xahiş etmək vəziyyətində deyilik. Axı belə təfəkkürlə dövlət idarə etmək olmaz. Rusiyanın bir daha Zaxarova səviyyəsində KTMT ilə bağlı tədbirin məhz Ermənistanın xahişi ilə təxirə salınmasını təsdiqləməsi Paşinyanın və komandasının acınacaqlı durumda olmasından xəbər verir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər