15/12/2018 16:13
728 x 90

Bəzi rus media orqanlarının Azərbaycanla hərbi əməkdaşlıq məsələsində yanlış xəbərlər yaymaq taktikası...

“Rusiya-Azərbaycan münasibətlərinin korlanmasına çalışan üçüncü qüvvələr var”

img

Məhəmməd Əsədullazadə: “Erməni lobbisi iki ölkə arasında əlaqələri zəiflətməyə çalışsa da, Kreml bu məsələlərə soyuqqanlı formada yanaşacaq”

 

Son illər Azərbaycan-Rusiya münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. İstər siyasi, istərsə də iqtisadi, mədəni və digər sahələrdə iki ölkə arasında müsbətə doğru dinamizm meylləri özünü göstərir. Ancaq belə bir vaxtda Rusiyadaki bəzi KİV-lər sanki bilərəkdən və məqsədyönlü şəkildə pozuculuq xarakterli, həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Yaxud da belə məlumatlara geniş yer verilir.  

Belə ki, bu günlərdə ermənipərəst Konstantin Zatulinin yaratdığı “Lazarev klubu” İrəvanda toplantı keçirib. Toplantıda ermənipərəst ruslarla yanaşı, Köçəryan-Sarkisyan komandasının üzvləri, politoloqlar da iştirak ediblər. “Lazarev klubu”nun sədr müavini Vladimir Yevseyev çıxış edərək ermənilərin xeyrinə qərəzli açıqlamalar səsləndirib. Deyib ki, “ermənilər Bakını “İsgəndər”lə vurmalıdırlar. Yoxsa, aprel döyüşləri təkrarlana bilər”. Yevseyev, həmçinin, “Azərbaycana nəinki beş, heç bir rayon da qaytarılmamalıdır” fikrini də səsləndirib.

Bundan başqa, Rusiyanın“Kommersant” qəzeti guya Rusiyanın Azərbaycana “Bal-E” sahil raket kompleksi satmaqdan imtina etdiyi barədə məlumat yaydı. Buna səbəb kimi, həmin raketlərin Xəzər donanması üçün risq daşıya bilməsi göstərilib. Qeyd edilib ki, daha əvvəl Rusiya və Azərbaycan arasında “Bal-E” raket kompleksinin və 3M24 raketinin satışına dair saziş paraflanmışdı. Lakin sonra Rusiya Müdafiə Nazirliyi müqavilə ilə bağlı xüsusi mövqe nümayiş etdirib və kompleksin Azərbaycana satışını “məqsədəuyğun” hesab etməyib.

Bu arada Azərbaycan Müdafiə Nazirliyi rəsmən bəyan etdi ki, Azərbaycan “Bal-E” raket sistemlərinin alınması barədə Rusiyaya müraciət etməyib. O da məlum oldu ki, bununla bağlı heç bir rəsmi danışıq aparılmayıb.

Maraqlıdır, iki ölkə münasibətlərinin yaxşı olduğu bir vaxtda bu cür xoşagəlməz, həqiqətə uyğun olmayan və qərəzli xarakterli məlumatların bəzi Rusiya KİV-lərində dərc edilməsində məqsəd nədir?

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu cür pozucu xarakterli məlumatların arxasında Rusiyadakı erməni lobbisi dayanır: “Məqsədləri iki ölkə arasında münasibətləri korlamaqdır. Nəzərə almaq lazımdır ki, Rusiya ilə Azərbaycan arasında dövlətlərarası əlaqələr normal səviyyədədir. İki ölkənin münasibətlərini tənzimləyən və inkişaf etdirməyi nəzərdə tutan müqavilələr var. Bundan əlavə, Rusiya bizimlə qonşu ölkədir. Quru və su sərhədinə malikik. Ancaq Xəzərin hüquqi statusu ilə bağlı razılaşma əldə ediləndən sonra, nədənsə, biz Rusiyada müəyyən dairələrin ölkəmizə qarşı bəyanatlarını və KİV-lərdə Azərbaycan əleyhinə yazıları görürük. Hesab edirəm ki, bu bəyanatların arxasında Rusiyanın XİN-də özünə yer almış erməni lobbisi durur. Qeyd edim ki, Rusiya-Azərbaycan münasibətlərinin korlanmasına çalışan üçüncü qüvvələr var. Bunlar da Rusiya rəsmilərinin erməni lobbisinə satılan üzvləridir. Təəssüf ki, bu dairələr iki qonşu ölkənin əlaqələrini korlamaq üçün belə avantüraya əl atırlar. Rusiyanın Azərbaycana ixracı nəzərdə tutulan raket komplekslərinin satışından bu ölkənin imtinası barədə informasiyalara gəldikdə isə, bu tamamilə əsassızdır. Hesab edirəm ki, Azərbaycan tərəfi bu tip raketləri Qərb ölkələrindən də əldə edə bilər. Hazırda Azərbaycan Qərb ölkələri ilə müxtəlif silahların yeni analoqunun alınması istiqamətində danışıqlar aparır. Rusiyadakı erməni lobbisi iki ölkə arasında əlaqələri zəiflətməyə çalışsa da, Kreml bu məsələlərə soyuqqanlı formada yanaşacaq. Erməni avantürasının, siyasətinin qarşısını alacaq. Bu gün Rusiyada erməni lobbisi Moskvanın arzulamadığı Paşinyana qarşı gedişlər edir. Bunu fürsət bilərək həm də Azərbaycana qarşı Rusiyanın siyasətinə təsir etmək istəyirlər”.

Vidadi ORDAHALLI 

Son xəbərlər