15/12/2018 16:07
728 x 90

Ermənistan ABŞ-ın iki neft şirkəti üzərində Azərbaycan üçün “fəlakət xəyalları” qurur...

“Sözügedən məsələdə siyasi çalarların axtarılması doğru deyil”

img

İlham Şaban: “Exxon” və “Chevron” bu layihələrdə passiv iştirakçılardır, onlar ancaq maliyyə öhdəliklərini yerinə yetirib dividend qazanırlar”

 

ABŞ-ın iki neft nəhəngi - “ExxonMobil” və “Chevron”un Azərbaycandakı layihələrdən çıxmaq niyyətində olmaları haqda informasiyanın yayılması ciddi rezonansa səbəb olub. Xatırladaq ki, bu barədə ilk məlumatı “Reuters” agentliyi yayıb.

Agentlik yazır ki, Azərbaycanda 25 il işlədikdən sonra bu şirkətlər əsas fəaliyyətlərini Birləşmiş Ştatlara yönəltmək istəyirlər. “Exxon” “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsi layihəsindəki 6,8 faizlik payını 2 milyard dollara satacağına ümid edir. Onun rəqibi olan “Chevron” “Reuters” agentliyinə bildirib ki, özünün AÇG-dəki 9,57 faizlik və Bakı-Ceyhan-Tiflis (BTC) kəmərindəki 8,9 faizlik payının satışı prosesinə başlayır.

Satışın səbəbləri barədə suala cavab olaraq “Exxon” sözçüsü Julie King deyib ki, şirkət “bazar şayiələrini” şərh etrmir. BP şirkətindən deyilib ki, “Exxon” və “Chevron” şirkətlərinin satış planı barədə məlumata malik deyillər.

Çox maraqlıdır ki, hələlik rəsmi təsdiqini tapmayan bu məlumatı Ermənistan mətbuatı həvəslə tirajlayır və özünəməxsus şərh verir. Erməni KİV-ləri bunu iqtisadi deyil, daha çox siyasi səbəblərlə əlaqələndirməyə çalışırlar. Onların iddialarına görə, ABŞ şirkətlərinin belə qərar verməsi neft amilinin geosiyasətdəki rolunun azalması və Azərbaycan neftinin tükənməkdə olması ilə bağlıdır. Sitat: “Yeni dünya düzəninin qurulmasında ABŞ öz liderliyini irəli çəkir. Təbii ki, həmin kontekstdə onun bir sıra ölkələrlə maraqları toqquşur. Bunlardan biri də İrandır.  Azərbaycan ABŞ-İran toqquşmasında əsl pasdarma çevrilə bilər”.

Ermənistan KİV-ləri ABŞ şirkətlərinin neft layihələrini tərk edəcəyi halda Azərbaycana katostrofik həddə ziyan dəyəcəyini  bildirirlər. Hətta bir qədər də irəli gedərk, bununla Azərbaycanın sonunun yaxınlaşdığı kimi absurd iddialar səsləndirirlər. Erməni KİV-lərinin ABŞ şirkətləri ilə bağlı xəbərlərini nə dərəcədə əsaslı saymaq olar?

“Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, erməni KİV-lərinin mövzunu öz istəklərinə uyğun şəkildə şərh etməsində qeyri-adi nəsə görmür: “Onlardan yalnız belə yanaşma gözləmək olar. Düşmən ölkə təbii ki, məsələni kontekstdən çıxarıb, özünə sərf edən tərzdə təqdim edəcək. Sözügedən məsələdə siyasi çalarların axtarılması doğru deyil. Əvvəla heç məlumat rəsmən təsdiqini tapmayıb. Əslində, “Reuters” məntiqsiz bir məlumat dərc edib.  2017-ci ildə “ExxonMobil” şirkəti BTC layihəsinə daxil oldu. Düz 10 il bu haqda “BTC Co.” səhmdarları ilə ilk danışıqlara başlayandan və nəhayət, lazımi imkan qazanandan sonra. Çünki 2003-cü ildə “BTC Co.” təsis ediləndə “ExxonMobil” bu layihəni uğurlu hesab etməmişdi və öz neftini Bakı-Batumi dəmir yolu ilə daşımağa üstünlük vermişdi. 2007-də isə səhv etdiyini anladı. Ancaq o zaman “BTC Co.” səhmdarlarından heç kəs öz payını Amerika neft nəhənginə satmağa razı olmadı. “Exxon”a isə qeyri-səhmdar kimi elə yüksək tarif bəyan etdilər ki, o, “Azəri” və “Günəşli” yataqlarından öz payına düşən neftini Bakı-Batumi dəmir yolu ilə daşımağa məcbur oldu. Nəhayət, 2017-ci ildə “ExxonMobil” “BTC Co”da 2.5% paya sahib olaraq öz neftini boru kəməri ilə daşımaq imkanı əldə etdi. İndi layihədən çıxmaqla şirkətin məqsədi nə ola bilər? Hasilatda payı olmur, ancaq nəqletmədə pay saxlayır? Tam məntiqsizdir. “Chevronla” da  vəziyyət o cürdür. Bu şirkət BTC-də paya malikdir, Tengiz neftinin boru ilə daşınmasında maraqlıdır. AÇG-ni niyə tərk etsin? Ona mane olan nədir? Heç nə. Azərbaycan layihəsindən hər il mənfəət əldə edir. Bu layihə dividend gətirən layihədir. Hansı şirkət ondan imtina edər? Bu baxımdan da hesab edirəm ki, ABŞ şirkətləri layihə ilə tam vidalaşmaqda maraqlı olmayacaqlar”.

Ekspertin sözlərinə görə, şirkətlər hətta belə bir addımı atacaqlarsa, bunu iqtisadi səbəblərlə izah etmək olar: “Dünya iqtisadiyyatının strukturu dəyişir. Əgər on il əvvəl dünyanın on nəhəng şirkətinin yeddisi resurs şirkəti idisə, bu gün ilk onluqda bir dənə də olsun belə şirkət yoxdur. İri şirkətlər öz bizneslərinə yenidən nəzər salırlar. Azərbaycanın neft-qaz sektorunda iki böyük layihə var – “Şahdəniz” və “AÇG”. Hər ikisində operatorluq BP şirkətinin əlindədir. “Exxon” və “Chevron” bu layihələrdə passiv iştirakçılardır, onlar ancaq maliyyə öhdəliklərini yerinə yetirib dividend qazanırlar. Başqa bir öhdəlikləri yoxdur. İndi yeni dövr açılır. “Chevron” səhmdar şirkətdir, “Exxon” isə özəl. AÇG-də şirkətlərin illik dividendi neftin qiymətindən asılı olaraq 2-2,5 milyard dollar olur. Paylara uyğun böldükdə 10 faiz payı olan 200-250 milyon dollar gəlir əldə edir. Getdikcə hasilat azalır deyə, bir neçə ildən sonra bu gəlir 150 milyon dollaradək azalacaq. Amma indi sən bu payını 2 milyard dollara satıb başqa bir yerdə daha gəlirli bir sahəyə yatırırsan. Bu gün resurs şirkətlərinin əksəriyyəti belə edir. Bunlar iri şirkətlərdir, bir layihədən ildə 250 milyon dollar əldə etmək onların marağında deyil”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər