15/12/2018 16:11
728 x 90

Ermənilər uydurma genosidin saxta rəqəmsal sənədlər variantını da icad etdilər

“Türkiyə və Azərbaycanın məsələyə reaksiyası ciddi və sərt olmalıdır”

img

Elşən Həsənov: “Həmin rəqəmsal arxivin materialları ilə tanış olub, oradakı saxtakarlıqları üzə çıxarmalıyıq”

 

Ermənistan mətbuatı saxta soyqırım iddiaları ilə bağlı növbəti sərsəm informasiyanı təqdim edib. Bildirilir ki, türkiyəli tarixçi-alim Taner Akçam “erməni soyqırımı”na aid arxiv sənədlərini rəqəmsal formada ortaya qoyub.

Məlumatda bildirilir ki, həmin alim digər tarixçi həmkarları və Klarka universitetinin tələbələri ilə Krikor Qurqenyan adlı şəxsin kolleksiyasında olan sənədlərin rəqəmsal qaydada arxivləşdirilməsi işi ilə məşğul olub: “Hazırda həmin məlumatlar dünyanın bütün alimləri üçün əlçatandır. Arxivə Osmanlı dövrünü əhatə edən minlərlə sənəd daxil edilib. Həmin sənədlər sırasına ermənilərin deportasiyasında aktiv iştirak edən Nəsimi bəyin xatirələri, həmin vaxt daxili işlər naziri olmuş Tələt paşanın göndərdiyi teleqramlar da var”.

Ermənilərin arxivləşdirdiyi bu materalların saxta soyqırım iddialarının dünyaya çatdırılmasında nə kimi rolu olacaq və bunun uğurlu bir layihə olması nə dərəcədə real sayıla bilər?

Ekspert Elşən Həsənovun sözlərinə görə, ermənilərin gördüyü bu işə barmaqarası baxmaq olmaz: “Məlumdur ki, onlar 100 ildən artıq bir müddətdir saxta soyqırım iddialarını bütün vasitələrdən istifadə edərək dünyaya çatdırmaqla məşğul olurlar. Etiraf etməliyik ki, bu istiqamətdə saxtakarlıqla olsa da, müəyyən uğurlar qazana biliblər. Deyilən fakt bir daha sübut edir ki, ermənilər bu istiqamətdə bir gün də olsun dayanmayıblar. Bəllidir ki, soyqırım iddiaları ermənilərin saxta dəlillərinə əsaslanır. Qabaqlar onlar diaspor, lobbi qruplarının təsirindən istifadə edib müxtəlif ölkələrin parlamentlərində “soyqırım” məsələsini müzakirəyə çıxara bilirdilərsə, hazırda taktikanı bir qədər də təkmil ediblər. Fikir verin, onlar gözəl bilirlər ki, hazırda kompyuter əsridir. İnsanların çoxu kitabı da kompyuterdən oxuyur, informasiyanı da bu vasitə ilə əldə edirlər. Buna görə də ermənilər həmin hadisəyə aid olduğu iddia edilən sənədlərlə bağlı rəqəmsal arxiv yaradırlar. Özü də bunu türkiyəli alimin adı ilə edirlər. Yəqin ki, həmin sənədlərin müxtəlif dillərə tərcümə edilmiş variantı da deyilən platformaya yerləşdiriləcək. Bununla da ermənilər xeyli beyini yumuş olacaqlar. Bu baxımdan da Türkiyə və Azərbaycanın məsələyə reaksiyası ciddi və sərt olmalıdır. Həmin rəqəmsal arxivin materialları ilə tanış olub, oradakı saxtakarlıqları üzə çıxarmalıyıq. Bundan sonra həmin materiallara çıxış imkanının məhdudlaşdırılması tələbi ilə əldə olan faktları əlaqədar yerlərə verməliyik. Mən inanmıram ki, Türkiyədə hansısa türk əsilli alim belə bir işlə məşğul olsun. Bilirsiniz ki, həmin ölkədə kifayət qədər adlarını dəyişmiş erməni əsilli şəxs, ailələr yaşayır. Çox güman ki, bu işi görənlər də onlardan biridir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər