15/12/2018 16:16
728 x 90

Hərbi aviasiya sahəsində Azərbaycan Ermənistan üzərində üstünlüyünü sürətlə artırır…

img

Ermənistana məxsus Su-25 qırıcısının qəzaya uğraması fonunda meydana çıxan məlumatlar işğalçı ölkənin hərbi aviasiya sahəsində Azərbaycandan nə qədər geridə qaldığını növbəti dəfə nümayiş etdirdi. Qeyd edək ki, qırıcı təyyarə Şirak vilayətinin Maralika rayonunda qəzaya düşüb. Hadisə zamanı Su-25 təyyarəsinin ekipaj üzvləri, polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyan ölüb.

Artıq Ermənistanın qəzaya düşən Su-25 hərbi təyyarəsinin qalıqlarının fotoları yayılıb.

Görüntülərdə təyyarənin hissələrə parçalandığı əks olunub. Mətbuatın diqqət etdiyi əsas məqam isə Su-25 qəzasının Ermənistana baha başa gəlməsilə bağlı olub. Belə ki, mətbuatda ölkənin Hərbi Hava Qüvvələrində cəmi 1 MiQ-25 və 15 ədəd Su-25-in olduğunu, buna görə də həmin itkinin HHQ-nə çox ciddi təsir etdiyi vurğulanıb. “Sputnik Armeniya“ bununla bağlı yazır: “Bu təyyarələr yeni deyil, amma modernizasiya imkanlarını qoruyub saxlayırlar. Ermənistanın maliyyə imkanlarını nəzərə alsaq, hansısa ciddi modernizasiyadan söhbət gedə bilməz. Sözsüz ki, araşdırma faciənin dəqiq səbəblərini öyrənməyə kömək edəcək, amma böyük ehtimalla, bu qəzaya səbəb texniki çatışmazlıq, ya da pilotların səhvi ola bilər”. Mediaya açıqlama verən erməni hərbi ekspert Leonid Nersisyan isə Su-25-lərin vəziyyətinin çox pis olduğunu vurğulayıb: “Ermənistan Su-25-ləri 90-cı illərdə Slovakiyadan alıb. Onların texniki vəziyyəti, yumşaq desək, ortadır. Artıq çoxdandır əsaslı təmir həyata keçirilmir. Bu maşınlar təkcə ciddi təmirə yox, həm də tam modernizasiyaya ehtiyac duyur. Bu təyyarələrin elektronikası düzəlməyəcək dərəcədə köhnəlib. Əgər biz faciədən danışırıqsa, o zaman radiolokasiya və peyk naviqasiyaları da faciəyə gətirib çıxara bilər. Təyyarələri hər bir halda yeniləmək lazımdır”.

Xatırladaq ki, Su-25 döyüş təyyarəsinin ilk üçüşü 1975-ci ildə baş tutub. 1981-ci ildən isə Sovet ordusunun silahlanmasına daxil olub. Təyyarənin seriyalı istehsalına 1978-ci ildən başlanıb. Bu günə qədər 1300 Su-25 istehsal olunaraq, müxtəlif ölkələrin silahlanmasına verilib. Hazırda bu döyüş təyyarələrindən Azərbaycanda da var. Amma onlar, erməni tərəfində olanlardan fərqli olaraq, əsaslı şəkildə modernizasiya ediliblər. Yəni döyüş qabiliyyətlərinə görə Ermənistan ordusundakı Su-25-lərdən çox üstündürlər. Digər tərəfdən, ölkəmizin hərbi avisasiyasına məxsus bir çox döyüş vasitələri ümumiyyətlə Ermənistanda yoxdur. Ümumiyyətlə, ötən dövrdə hərbi aviasiyanın gücləndirilməsi rəsmi Bakının əsas prioritetlərindən biri olub. Yeni döyüş təyyarələrinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının (PUA) alınması, ölkədə PUA istehsalının yaradılması, aviaparka daxil olan təyyarələrin və helikopterlərin modernləşdirilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, keçən müddətdə hərbi aerodromların yenidən qurulması, milli kadrlarla komplektləşdirilmə, kadrların bilik və bacarıqlarının artırılması nəticəsində Azərbaycan hərbi aviasiya imkanlarına görə Cənubi Qafqaz və MDB məkanında ön yerlərə yüksəlib. Müxtəlif məlumatlara görə, hazırda Azərbaycanın hərbi aviasiya parkına MiQ-21, MiQ-23, MiQ-25, MiQ-29, Su-17, Su-24, Su-25, Aero L-29, Aero L-39 tipli döyüş və təlim təyyarələri, İl-76 yük, Tu-134 nəqliyyat təyyarələri, desant çıxarma və evakuasiya əməliyyatlarında istifadə olunan An-2 tipli yüngül təyyarələr, Mi-6, Mi-8, Mi-17, Mi-24, Mi-35M, Mi-172, Ka-32 tipli helikopterlər daxildir. Hərbi aviasiya parkına 2005-ci ildən daxil edilməyə başlanmış, Ukrayna istehsalı olan dördüncü nəsil MiQ-29 təyyarələri müxtəlif çətin tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. Adıçəkilən təyyarələr Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda mövcuddur. 

Bundan başqa, bir müddət əvvəl Azərbaycan İtaliyadan 10 ədəd hərbi məqsədlər üçün istifadə olunan, reaktiv təlim-məşq təyyarəsi olan “M-346 Master” alıb. Azərbaycan daha 15 ədəd “M-346 Master” təlim-döyüş təyyarəsi sifariş verib. “M-346 Master” İtaliyanın “Leonardo“ şirkətinin istehsalı olan hərbi məqsədlər üçün istifadə olunan reaktiv təlim-məşq təyyarəsidir. Təyyarədə iki turboreaktiv mühərrik quraşdırılıb və bu mühərriklərin sayəsində M-346 saatda 1050 kilometrə qədər sürət yığa bilir. Şirkət təyyarəni daha da təkmilləşdirərək onu təlim-döyüş təyyarəsinə çevirib. M-346 təyyarələrinin təlim-döyüş versiyası qanadaltı asmalarda 3 tona qədər ağırlığında 5 bomba daşıya bilir. Ölkəmizin aldığı  bu təyyarələrin əsas qismi məhz təlim-döyüş təyinatlıdır. Çünki pilotların döyüş hazırlığı üçün o qədər də çoxsaylı təyyarələrə ehtiyac yoxdur.

Bundan başqa, yaxın tezlikdə Azərbaycan aviasiyasının ixtiyarında yeni döyüş təyyarələrinin olması da istisna edilmir. Rusiyalı hərbi ekspert Sergey Suvorov yeni təyyarələrin Moskvadan alınmasını istisna etmir: “Rusiyanın Azərbaycana yeni silahlar, xüsusən də çoxhədəfli, dördüncü nəsil Su-35 qırıcı təyyarələri verməsi mümkündür. Azərbaycan Rusiyadan Su-30 SM qırıcıları da ala bilər”. O da məlumdur ki, Azərbaycan Pakistandan da yeni nəsil qırıcılar almağı düşünür. Xatırladaq ki, söhbət “JF-17 Thunder” təyyarələrindən gedir ki, onlar hava kəşfiyyatı aparmağa, yer hədəflərinə qarşı sarsıdıcı hücum həyata keçirməyə və qarşı tərəfin hava hədəflərini tutmaq, yaxud məhv etməyə qadirdir.  "JF-17 Thunder" yüngül, tək mühərrikli, çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançı təyyarədir. Bu təyyarə "hava-hava", "hava-yer" raketləri, döyüş imkanları və bir çox xüsusiyyətləri ilə öz sinfindən olan digər təyyarələri üstələyir. Yaxın tezlikdə "JF-17 Thunder" təyyarələrinin ordumuzun ixtiyarında olması gözlənir. Digər tərəfdən, Azərbaycan aviasiyasını pilotsuz uçuş aparatları ilə də möhkəmləndirir. Ermənistan isə bütün bunlardan məhrumdur.

Nahid SALAYEV

Son xəbərlər